...

Azərbaycan BMT Təhlükəsizlik Şurasının yüksək səviyyəli iclasında iştirak edib

Siyasət Materials 26 İyul 2013 19:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 iyul /Trend/

İyulun 25-də ABŞ-ın dövlət katibi Con Kerrinin sədrliyi ilə BMT Təhlükəsizlik Şurasının Böyük Göllər bölgəsində mövcud olan vəziyyətlə bağlı yüksək səviyyəli iclası keçirilib.

Azərbaycanın BMT yanında Daimi nümayəndəliyindən Trend-ə verilən məlumata görə, iclasda BMT-nin baş katibi Pan Gi-mun, Dünya Bankının prezidenti Jim Yonq Kim, BMT baş katibinin Afrikada Böyük Göllər bölgəsi üzrə xüsusi nümayəndəsi Meri Robinson, Afrika İttifaqının komissarı Ramtane Lamamra, Uqanda, Konqo Demokratik Respublikası, Ruanda, Lüksemburq, Qvatemala, Mozambik və Burundinin xarici işlər naziri, həmçinin Fransa, Toqo, Cənuni Afrika Respublikası, Avropa İttifaqı və Belçikadan rəsmi şəxslər iştirak ediblər.

İclasın məqsədi Afrikanın Böyük Göllər bölgəsində sülhün, təhlükəsizliyin və uzunmüddətli sabitliyin təşviqi yollarını müzakirə etmək, habelə qeydə alınmış nailiyyətləri və qarşıda duran çağırışları müəyyənləşdirməkdən ibarət olub.

İclasında çıxışı zamanı Azərbaycanın BMT yanında daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev bildirib ki, digər bəzi hərbi münaqişə vəziyyətlərində olduğu kimi, heç bir diplomatik və siyasi səylər qanunsuz əməllərin leqallaşdırılmasına gətirib çıxarmamalı və qəbuledilməz və əhəmiyyətsiz iddialar üzrə saysız-hesabsız müzakirələrin aparılması üçün imkan yaratmamalıdır.

A.Mehdiyev beynəlxalq hüquqla müəyyən olunmuş məsuliyyət anlayışının ilk gündən beynəlxalq ictimaiyyətin ümumi yanaşmasının əsas elementlərindən birini təşkil etdiyini qeyd edib. Hərbi münaqişə zamanı törədilən beynəlxalq hüququn və insan hüquqlarının pozuntularına görə cəzasızlığın aradan qaldırılmasında Şuranın prinsipial mövqeyi xüsusilə vurğulanıb.

Səfir qeyd edib ki, regionun bütün ölkələri qarşılıqlı əsasda dövlətlərin suverenliyi və ərazi bütövlüyü, eləcə də daxili işlərə qarışmama, yaxın qonşuluq və regional əməkdaşlıq prinsiplərinə hörmətlə yanaşmalıdırlar.

İclasın yekunu olaraq qəbul edilmiş Şura sədrinin bəyanatında bir sıra vacib məqamlarla yanaşı, Şura tərəfindən bu istiqamətdə mövcud olan öhdəliklər bir daha vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti