...

Prezident Qəbələdə Heydər Əliyev Konqres Mərkəzinin açılışında iştirak edib (FOTO)

Siyasət Materials 14 Avqust 2013 16:03 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 14-də Qəbələyə səfəri çərçivəsində Heydər Əliyev Konqres Mərkəzinin açılışında iştirak etmişdir.
Prezident Qəbələdə Heydər Əliyev Konqres Mərkəzinin açılışında iştirak edib (FOTO)

Azərbaycan, Bakı, 14 avqust /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 14-də Qəbələyə səfəri çərçivəsində Heydər Əliyev Konqres Mərkəzinin açılışında iştirak etmişdir.

Dövlətimizin başçısı əvvəlcə Qəbələ rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Rayon sakinləri adından çıxış edən Arifə Babayevə Qəbələnin inkişafına göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlığını çatdırdı.

Sonra xatirə şəkli çəkdirildi.

Daha sonra dövlətimizin başçısı Mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.

Azərbaycanda mötəbər tədbirlərin keçirilməsi ölkəmizin beynəlxalq aləmdə nüfuzunu daha da artırır, respublikamızı mədəniyyətlərarası dialoqa töhfə verən məkan kimi tanıdır. Bu gün Azərbaycanda regionların sürətli inkişafı ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin bariz göstəricisidir. Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində bu gün ölkəmizin bütün bölgələri kimi, Qəbələ də qədim və tarixi görkəmini saxlamaqla müasirləşir. Burada bir sıra yüksək səviyyəli mədəni-humanitar tədbirlər keçirilir. Son illər Qəbələdə dünya standartlarına cavab verən otellər, yollar, beynəlxalq hava limanı tikilmişdir. Qəbələ artıq beynəlxalq tədbirlərin təşkil olunduğu şəhərlərin adları ilə bir sırada yer alır. Təsadüfi deyildir ki, MDB-nin üzv dövlətlərinin Humanitar Sahə üzrə Əməkdaşlıq Şurasının və təşkilata üzv ölkələrin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun Aşqabadda keçirilən birgə iclasında qəbul edilən qərara əsasən 2013-cü ildə Qəbələ "MDB-nin mədəniyyət paytaxtı" elan olunmuşdur. Bu gün gözəl təbiəti və bənzərsizliyi ilə seçilən Qəbələ şəhərinin MDB-nin mədəniyyət paytaxtına çevrilməsində rayonun qədim tarixi də mühüm rol oynayır. Qəbələdə yeni inşa olunan Heydər Əliyev Konqres Mərkəzinin tikintisi isə bir məqamı təsdiqləyir ki, artıq burada istənilən beynəlxalq tədbiri keçirmək mümkündür. Konqres Mərkəzində beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi üçün geniş imkanlar yaradılmışdır.

Dövlətimizin başçısına məlumat verildi ki, 1200 yerlik Heydər Əliyev Konqres Mərkəzi Qəbələ şəhərində, Qaraçay çayının sahilində yerləşir və ərazisinin ümumi sahəsi 8,5 hektardır. Mərkəzin layihələndirmə və tikinti işlərinə 2012-ci ilin mayından başlanılmış və bu ilin iyulunda başa çatdırılmışdır. Bina üç mərtəbədən və 4,2 metr dərinliyində zirzəmidən ibarətdir. Birinci mərtəbədə zallar, 350 yerlik restoran və inzibati otaqlar yerləşir. Mərkəzdə 6 qüllə və zalın üzərində diametri 20 metr, hündürlüyü isə zalın döşəmə səviyyəsindən 13 metr olan günbəz düzəldilmişdir. İsveçrə istehsalı olan və səstənzimləmə xassələrinə malik materialdan istifadə olunaraq hazırlanan bu günbəz zalda akustikanın tənzimlənməsinə xidmət edir. Çoxfunksiyalı 1200 yerlik konfrans zalı isə ikinci mərtəbədədir.

Prezident İlham Əliyev konfrans zalı ilə tanış oldu.

Bundan başqa, burada 92 kvadratmetrlik səhnə, VİP və mühafizə otaqları, incəsənət ustaları və media işçiləri üçün otaqlar, geniş foye yerləşir. Konfrans zalı qısa müddətə başqa məqsədlər - konsert, iclas və s. üçün kresloların aşağı enməsi ilə müstəvi halına keçə bilir. Kreslolar İspaniyanın Barselona şəhərindəki "Fiquleras" şirkəti tərəfindən hazırlanmışdır. Zalın səhnə hissəsi qalxıb-enən platforma üzərində quraşdırılmışdır. Burada sinxron tərcümə üçün xüsusi avadanlıqla təchiz olunan 6 tərcüməçi kabinəsi, habelə müşahidə və zalın avtomatik idarəetmə məntəqəsi vardır. Konfrans zalında mükəmməl səsləndirmə sistemi quraşdırılmışdır ki, bu da tədbirin təyinatından asılı olaraq səsləndirməni həm konfranslar, həm də konsert-əyləncə tədbirləri üçün tənzimləməyə imkan verir. Mərkəzin üçüncü mərtəbəsində isə antressol hissə yerləşir. Binanın zirzəmisində ATS, yanğınsöndürmə otağı, anbar, avtomobillər üçün dayanacaq, media işçiləri üçün otaq və foye yerləşir. Binada 18 metrlik eskalator və liftlər quraşdırılmışdır. Konqres Mərkəzinin ərazisində 140 yerlik yeraltı qaraj tikilmişdir. Qarajın üstündə bayraq meydanı və dekorativ yaşıllıq salınmışdır. Qaraj iki hissədən ibarətdir. Birinci hissədə minik avtomobilləri, ikinci hissədə isə avtobuslar yerləşdiriləcəkdir. Binanın dam örtüyü və qüllələr Almaniyada istehsal edilmiş mis təbəqə ilə örtülmüşdür. Həmçinin 9 ballıq seysmik normanın tələblərinə uyğun olaraq antiseysmik və deformasiya tikişləri və digər konstruktiv tədbirlər nəzərdə tutulmuşdur. Ərazidə istirahət üçün yerlər, terraslar və s. yaradılmışdır. Avtomobillərin maneəsiz hərəkətini təmin etmək üçün binaya üç istiqamətdən giriş yolları çəkilmişdir. Binanın önündə, çay üzərində eni 24 metr, uzunluğu 42 metr, yükgötürmə qabiliyyəti 100 tona qədər olan körpü tikilmişdir. Qaraçay çayının obyektin ərazisindən axan hissəsinə sahil boyunca çay daşları düzülmüşdür. Bina və binaətrafı ərazi tam elektron video nəzarətinə alınmışdır. Yanğına qarşı və yaşıllığın suvarılması üçün nəzərdə tutulan iki yeraltı su hovuzu tikilmişdir. Qaraj və konfrans zalı yanğına qarşı xüsusi sprinklerlərlə təchiz edilmişdir. Eyni zamanda, bina müasir daxili və xarici mühafizə siqnalizasiya və yanğınsöndürmə sistemləri ilə təchiz edilmişdir.

Qeyd olundu ki, ikinci mərhələ üçün nəzərdə tutulmuş göl və gölətrafı sahə yenidən qurulacaqdır. Bu sahə 3 hektar ərazini əhatə edir. Gölətrafı sahədə abadlaşdırma işləri, gölün suyunun bərpası, yaşıllaşdırma işləri yerinə yetiriləcəkdir. İri və xırda dekorativ ağaclar əkiləcək, fontanlar quraşdırılacaqdır.

Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirdi, tapşırıq və tövsiyələrini verdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti