...

Elnur Aslanov: Ermənistanın geosiyasi müstəvidə əhəmiyyətsizliyi onun yeritdiyi xarici siyasətlə sıx bağlıdır

Siyasət Materials 30 Avqust 2013 13:19 (UTC +04:00)
Ermənistanda vəziyyət həqiqətən acınacaqlıdır. Ölkə iqtisadiyyatının tənəzzülü əhalini yeni və yaxşı həyat arzusu ilə xarici ölkələrə emiqrasiya etməyə məcbur etmişdir.
Elnur Aslanov: Ermənistanın geosiyasi müstəvidə əhəmiyyətsizliyi onun yeritdiyi xarici siyasətlə sıx bağlıdır

Azərbaycan, Bakı, 30 avqust /Trend, müxbir M.Əliyev/

Ermənistanda vəziyyət həqiqətən acınacaqlıdır. Ölkə iqtisadiyyatının tənəzzülü əhalini yeni və yaxşı həyat arzusu ilə xarici ölkələrə emiqrasiya etməyə məcbur etmişdir. Emiqrasiya prosesi bu gün də davam edir. Ermənistanın rəsmi statistik göstəricilərinə görə, son illərdə əhalinin 10%-i ölkə hüdudlarını tərk edib. Trend-in məlumatına görə, bunu cümə günü Bakıda ASAİF-in XI Yay Forumunda çıxışı zamanı Azərbaycan Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov bildirib.

E.Aslanov bildirib ki, qeyri-rəsmi mənbələrə görə isə bu rəqəm daha yüksəkdir: "Bu prosesdə gənclər daha fəaldırlar, onlar öz gələcəklərini boş yerə qurban vermək istəmirlər. Yaranmış vəziyyətin əsas səbəbi ermənilərin öz dövlətlərinə, rəhbərlərinə inamını itirməsidir. İnam isə iqtisadi fəaliyyətin əsasını təşkil edir. Əks təqdirdə nə daxili, nə xarici sərmayələri cəlb etmək qeyri-mümkündür".

PA-nın şöbə müdiri deyib ki, bu gün Ermənistan iqtisadiyyatı daxili maliyyə imkanlarının məhdudluğu, xarici kapitalın çatışmazlığı, insan kapitalının xaricə axını məsələlərinin həllində acizlik nümayiş etidirir: "Ermənistan dövlət büdcəsinin mühüm hissəsi diasporanın ianələri hesabına formalaşır. Bu vəsaitlər əlbəttə hər hansı bir fondun saxlanmasına kifayət edər, lakin Ermənistan fond deyil, o bir dövlətdir və dövlət kimi iqtisadi fəaliyyətin inkişafı hesabına öz büdcəsini formalaşdırmalıdır. Diasporun ianələrindən başqa Ermənistan real gəlir imkanlarından məhrumdur. O heç bir regional əməkdaşlıq layihəsində iştirak etmir, regional inkişafın təsirlərindən bəhrələnmir. Ermənistanın ümumi dövlət büdcəsi Azərbaycanın hərbi sahəyə ayırdığı xərclər səviyyəsindən də aşağıdır.
Ermənistanın bugünkü durumu onun gələcəyi haqqında obyektiv fikir formalaşdırmağa imkan verir və haqlı suallar doğurur. İqtisadi tənəzzülün doğurduğu vəziyyət siyasi müstəviyə birbaşa sirayət edir. Vətəndaşlar vaxtaşırı öz narazılığını bildirir, hazırkı iqtidara etimadsızlığını nümayiş etdirir".

E.Aslanov hesab edir ki, Ermənistanın geosiyasi müstəvidə əhəmiyyətsizliyi onun yeritdiyi xarici siyasətlə sıx bağlıdır. Hər bir dövlət özü öz gələcəyini təyin edir. Ermənistan isə öz rəhbərliyinin girovuna və artıq bir dövlətin deyil, bir neçə geosiyasi mərkəzin forpstuna çevrilir. Ermənistanın bu siyasəti onun dövlət kimi iflasını, siyasi xəritədə yalnız boş ərazi kimi qalmasına səbəb olacaqdır: "Ermənistandan və bir sıra digər dövlətlərdən fərqli olaraq, müstəqil Azərbaycan son illərdə inkişaf strategiyasını uğurla həyata keçirir, yeni dünya nizamına inteqrasiyasını təmin edir, iqtisadiyyatının çoxşaxəli inkişafına nail olur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti