Azərbaycan, Bakı, 4 sentyabr /Trend, müxbir E.Mehdiyev/
Kimyəvi silahın tətbiqindən müharibə bəhanəsi kimi istifadə etmək mərhələsi arxada qalmışdı. ABŞ və digər dövlətlərdə başa düşmüşdülər ki, Bəşər Əsəd vəziyyətə nəzarət edə bilir, onun nəzarəti itirmək təhlükəsi yoxdur. Bu halda Əsəd hökumətinin kimyəvi silah tətbiq etməsinə ehtiyacı yoxdur.
Trend-in məlumatına görə, bu barədə Siyasi İnnovasiya və Texnoilogiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.
Politoloq hesab edir ki, çıxılmaz vəziyyətlərdə yararlanmaq üçün Əsəd hökumətinin daha effektli variantı var: "Colan təpələri uğrunda İsrailə müharibə elan etmək. İsrailə müharibə elan edən Suriya hökumətinə qarşı ərəb dövlətlərinin və Türkiyənin mövqeyi dəyişəcək. Dəyişməyəcəksə, onlar müəyyən dövrdən sonra İran tərəfindən dəstəklənəcək güclü xalq hərəkatları ilə üzləşə bilərlər. Rəsmi Tehran üsyançıların pul və silahla təmin olunmasında iştirak edəcək".
M.Əhmədoğlu qeyd edib ki, kimyəvi silahın tətbiqini B.Əsəddən başqa istənilən qrupla bağlamaq mümkündür: "Qərb Edvard Snoudenə siyasi sığınacaq vermiş Rusiyanı cəzalandırmaq istəyir. MDB məkanında avrointeqrasiya layihələrini sürətləndirmək, qrafikini dəyişmək mümkün deyil. Ona görə də Suriyada baş verənlərə yeni dinamizm verildi. Suriyanı Rusiyanın təsirindən çıxarmaqla sonuncunun beynəlxalq imicinə ciddi zərbə dəyir. ABŞ Suriya hadisələrinə görə hətta İranla danışığa başladı, keçmiş yüksəkçinli diplomatını Tehrana göndərdi".
Politoloqun sözlərinə görə, Suriya müxalifəti "xarab olmuş saat" prinsipi üzrə işlədi: "Kimyəvi silahın tətbiqi ilə bağlı informasiya müharibəsinin müəyyən bir dövründə müxalifət kimyəvi silahdan istifadə etməli olsa da, o zaman bu işi görə bilmədi. Eləcə də silahı ölkədən kənara çıxarmaq imkanı olmadı. Nəticədə müxalifətin bu hərəkəti Suriyanı yenidən Qərbin müharibə hədəsi altına saldı".
M.Əhmədoğlu vurğulayıb ki, ABŞ Prezidenti Barak Obama E.Snoudenə görə Rusiya Prezidenti Vladimir Putinlə görüşdən imtina etmişdi: "Suriyada kimyəvi silahın tətbiqi B.Obamanı gözlənilmədən V.Putinlə görüşməyə vadar etdi. Görüş "G-20"-nin Sankt-Peterburq sammitində nəzərdə tutulur. Görüşməməklə bağlı qərarından B.Obamanın geri çəkilməsi Rusiyanın xeyrinədir. Mümkündür ki, RF üçün işləyən xüsusi xidmət orqanlarından biri məqsədyönlü şəkildə Suriyada kimyəvi silahdan istifadə edib. İndi V.Putin B.Obama ilə görüşdən imtina edir".
Politoloqun fikrincə, Rusiya-ABŞ münasibətlərinin kimyəvi silah tətbiqindən sonra istiləşməsi müvəqqəti hadisədir: "İstiləşmə Rusiyanın Suriyadakı müharibəyə heç bir tərəfdən qarışmayacağı ilə bağlı verdiyi bəyanata cavab reaksiyası da ola bilər. Bu da faktdır ki, indiki zamanda Suriya Qərbin əlində daha çox Rusiyanı cəzalandırmaq üçün istifadə olunur. E.Snoudenə dəstək verməklə Rusiya Yaxın Şərqdə ABŞ-a qarşı böyük "müharibə ocağı" yarada bilər. ABŞ indidən bunun qarşısını alır".