...

Bakıda bəzi ölkələrin kəşfiyyat xidmətləri rəhbərlərinin iştirakı ilə keçirilən iclasda memorandum qəbul edilib

Siyasət Materials 13 Sentyabr 2013 15:20 (UTC +04:00)
Sentyabrın 12-13-də Bakı şəhərində beynəlxalq təhlükəsizliyə təhdidlərin qarşısının alınması sahəsində xüsusi xidmət orqanları arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi və genişləndirilməsi perspektivlərinin müzakirəsinə həsr edilmiş "Qara dəniz - Xəzər dialoqu" ölkələrinin kəşfiyyat xidmətlərinin rəhbərləri müşavirəsinin X iclası keçirilib.
Bakıda bəzi ölkələrin kəşfiyyat xidmətləri rəhbərlərinin iştirakı ilə keçirilən iclasda memorandum qəbul edilib

Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir M.Əliyev/

Sentyabrın 12-13-də Bakı şəhərində beynəlxalq təhlükəsizliyə təhdidlərin qarşısının alınması sahəsində xüsusi xidmət orqanları arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi və genişləndirilməsi perspektivlərinin müzakirəsinə həsr edilmiş "Qara dəniz - Xəzər dialoqu" ölkələrinin kəşfiyyat xidmətlərinin rəhbərləri müşavirəsinin X iclası keçirilib.

Milli Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr Mərkəzindən Trend-ə daxil olan məlumata görə, tədbirdə Azərbaycan MTN-in, Bolqarıstan, Gürcüstan, Macarıstan, Moldova, Polşa, Rumıniya, Türkiyə, Ukrayna və Yunanıstanın kəşfiyyat xidmətləri rəhbərlərinin başçılıq etdikləri nümayəndə heyətləri təmsil olunublar.

Əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib və məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri düzülüb. Sonra nümayəndə heyətləri Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş soydaşlarımızın məzarları üzərinə gül dəstələri düzüb və "Əbədi məşəl" abidəsinin önünə əklil qoyublar.

Sonra öz işinə başlayan tədbiri giriş sözü ilə "Qara dəniz - Xəzər dialoqu" ölkələrinin kəşfiyyat xidmətləri rəhbərlərinin müşavirəsi iclasının sədri milli təhlükəsizlik naziri Eldar Mahmudov açıb.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Azərbaycan Prezidenti cənab İlham Əliyevin tədbir iştirakçılarına salamlarını çatdırmış və dövlət başçısının təbrik məktubunu oxuyub.

X iclasda beynəlxalq terrorçuluq, ekstremizm, habelə bu cür hüquqazidd təzahürlərin, ümumən forum dövlətlərinin təhlükəsizliyinə mümkün təhdidlərin qarşısının alınması sahəsində kəşfiyyat xidmətlərinin gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub. İclasın əsas mövzusu olan enerji təhlükəsizliyi məsələsi geniş təhlil olunub, həssas məqamlar və qarşıda duran vacib vəzifələr ətrafında fikir mübadiləsi aparılıb.

Milli təhlükəsizlik naziri Eldar Mahmudov çıxışında enerji təhlükəsizliyinin aktual məsələ olduğunu, regional və beynəlxalq əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Ümumən terrorçuluğun, ekstremizm və radikallaşma meyillərinin, bundan irəli gələn təhdidlərin dövlətlərin sabitliyinə və milli mənafelərinə başlıca təhlükə olduğunu bildirib. Regional və beynəlxalq təhlükəsizliyin təmin edilməsində intensiv və səmərəli informasiya mübadiləsinin mühüm əhəmiyyət kəsb etdiyi qeyd olunub.

Nazir müşavirə iştirakçısı olan ölkələrin xüsusi xidmət orqanları arasında son dövrlər dinamik surətdə inkişaf edən əməkdaşlığı yüksək qiymətləndirib. O, həmçinin müşavirənin X iclası çərçivəsində aparılmış müzakirələrin əməkdaşlıq sahələrində birgə fəaliyyətə öz müsbət təsirini göstərəcəyini, yeni reallıqlar nəzərə alınmaqla işgüzar münasibətlərin effektivliyinin yüksəlməsinə xidmət edəcəyini vurğulayıb.

Müşavirənin X iclasının yekunları üzrə qəbul olunmuş memorandumda kəşfiyyat xidmətlərinin rəhbərləri "Qara dəniz - Xəzər dialoqu" ölkələrinin xarici təhlükəsizliyinə mümkün təhdidlərlə, habelə regional sabitlik və əmin-amanlıq əleyhinə yönəlmiş təhlükələrlə mübarizə sahəsində tərəfdaşlıq münasibətlərinin və qarışılıqlı əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi və genişləndirilməsi işində qətiyyətli olduqlarını, siyasi, iqtisadi, enerji və informasiya təhlükəsizliyinin təmin olunması, həmçinin maraq doğuran digər məsələlərin həlli üçün səylərin artırılacağını bəyan ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti