...

Xalqın etimadını qazanan, vədinə sadiq lider

Siyasət Materials 4 Oktyabr 2013 15:37 (UTC +04:00)
Cənab İlham Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş tədbirdə söylədiyi fikirləri xatırlatmaq istərdik: «Bu gün Heydər Əliyev siyasəti bütövlükdə bütün sahələrdə davam etdirilir.
Xalqın etimadını qazanan, vədinə sadiq lider

Vüqar Rəhimzadə - YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru

Azərbaycan dövləti seçkilərin demokratikliyini təmin etmək üçün zəruri olan addımları atır

9 oktyabr prezident seçkilərinə az vaxt qalır. Demokratik prinsipləri dünəninin, bu gününün və sabahının əsası kimi dəyərləndirən dövlətimiz seçki prosesinin demokratikliyini, şəffaflığını, beynəlxalq standartlara uyğun keçirilməsini təmin etmək üçün bütün zəruri addımları atır. Təkmil seçki qanunvericiliyinin mövcudluğu beynəlxalq səviyyədə də qeyd olunur. Ən əsası Azərbaycan dövləti bütün seçki proseslərində yeni təcrübələrin tətbiqinə səy göstərir. "Exit poll" keçirilir, seçki məntəqələrində veb-kameralar quraşdırılır. Seçki prosesinin ölkə xaricində də izlənilməsinə yaradılan şərait bir daha dövlətimizin prosesin azad, ədalətli, şəffaf və beynəlxalq standartlara uyğun keçirilməsi istəyini nümayiş etdirir. Prosesin xarici müşahidəçilər tərəfindən izlənilməsi üçün bu və ya digər dövlətlərə, təşkilatlara müraciətlərin ünvanlanması da görülən tədbirlər sırasındadır. Artıq bir çox ölkələrin və qurumların müşahidə missiyaları ölkəmizdədir. Onlar seçkilərə hazırlıq prosesini yaxından izləyir və fikirlərini açıqlayırlar. Ümumi fikir budur ki, Azərbaycan dövlətinin demokratik təsisatların inkişafı istiqamətində göstərdiyi səylər təqdirəlayiqdir. Bu fikir Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun ölkəmizdə 9 oktyabr prezident seçkilərinə hazırlıq işlərinə dair ilk aralıq hesabatının əsassızlığını təsdiqləyən bəyanatında da öz əksini tapıb. Hazırlıq işlərinin yüksək səviyyədə təşkili, eyni zamanda ölkə ictimaiyyətində xoş əhval-ruhiyyə bu inamı ifadə etməyə əsas verir ki, növbəti prezident seçkiləri də Azərbaycan tarixinə demokratik inkişafın davamı kimi daxil olacaq.

Uğurlar yeni hədəflər üçün açardır

Cənab İlham Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş tədbirdə söylədiyi fikirləri xatırlatmaq istərdik: "Bu gün Heydər Əliyev siyasəti bütövlükdə bütün sahələrdə davam etdirilir. 2003-cü ildə Azərbaycan xalqı mənə böyük etimad göstərərək Prezident vəzifəsinə seçdiyi gündən bu günə qədər bu siyasətə sadiqəm. Mən 2003-cü ildə bu barədə sözümü demişəm. Mən bu siyasətə sadiq qalacağam və 2003-cü ildən bu günə qədər Azərbaycanda gedən uğurlu inkişaf Heydər Əliyev siyasətinin təntənəsidir, müstəqil Azərbaycanın təntənəsidir."
Cənab İlham Əliyev 2003-cü il prezident seçkilərində 76,84 faiz səs toplayaraq Prezident seçilərkən andiçmə mərasimində bu vədi vermişdir: "Mən bu böyük etimadı doğruldacağam, bu vəzifənin öhdəsindən layiqincə gələcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm." Bu fakt inkaredilməzdir ki, məhz ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlamış və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilib. Ölkəmizin dünya miqyasında neft-qaz hasil və ixrac edən ölkəyə çevrilməsi, milli neft strategiyasının uğurla həyata keçirilməsi, xarici dövlətlərin aparıcı neft şirkətləri ilə müqavilələrin imzalanması, neft sənayesinin müasir tələblərə uyğun infrastrukturunun qurulması, neftin Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Novorossiysk boru kəmərləri vasitəsilə şaxələnmiş şəkildə nəqli bilavasitə ulu öndər Heydər Əliyevin xidmətləridir. Dünya iqtisadiyyatına uğurlu inteqrasiya, kredit reytinqimizin artması, iqtisadiyyatımızın rəqabət qabiliyyətliliyinin yüksək mövqedə olması, büdcəmizin və valyuta ehtiyatlarımızın ildən-ilə çoxalması dahi şəxsiyyət Heydər Əliyev tərəfindən yeni prinsiplər əsasında yaradılan iqtisadi sabitliyin bariz nümunəsidir.
Son on ildə Heydər Əliyev siyasətinin cənab İham Əliyev tərəfindən uğurla davamının nəticəsidir ki, hər dövrün çağırışları yüksək səviyyədə yerinə yetirilir, Azərbaycan biri-birindən əhəmiyyətli uğurları ilə dünyanın diqqətindədir. Cənab İlham Əliyevin Prezidentliyinin birinci dövründə, yəni 2003-2008-ci illərdə gördüyü işlər onun 2008-ci il prezident seçkilərində yenidən qələbəsinə stimul verdi. Ölkədə mövcud sabitliyi inkişafın əsası kimi dəyərləndirən dövlət başçısı İlham Əliyev bu inamı ifadə etmişdir ki, sabitlik gələcəkdə Azərbaycanı daha da sürətlə, hərtərəfli inkişaf etdirməyə imkan yaradacaq. 2003-cü il andiçmə mərasimində dövlət başçısı bu fikri də bəyan etmişdir ki, Azərbaycan iqtisadiyyatının əsas istiqaməti onun neft strategiyasının həyata keçirilməsi, əldə olunan gəlirlər əsasında qeyri-neft sektorunun inkişafıdır. 1994-cü ildə Heydər Əliyev tərəfindən başlanmış yeni neft strategiyasının Azərbaycana qazandırdığı uğurların davamlılığı göz qabağındadır.

İqtisadiyyatın düzgün təməl üzərində qurulması hərtərəfli inkişafı təmin edib

Qeyri-neft sektorunun inkişafını neft siyasətinin məntiqi davamı kimi dəyərləndirən dövlət başçısı İlham Əliyevin bu istiqamətdə atdığı addımların nəticəsidir ki, bu gün ÜDM-də özəl bölmənin payı 85 faiz təşkil edir. Neft gəlirlərinin idarə olunmasında şəffaflıq prinsipinin yüksək səviyyədə qorunmasını təmin edən Dövlət Neft Fondunun vəsaitləri hesabına mühüm sosial-iqtisadi layihələr həyata keçirilir. 2003-cü ildə aktivlərinin həcmi 800 milyon dollar olan Dövlət Neft Fondunun bu gün vəsaitləri 34 milyard dollardan artıqdır. Valyuta ehtiyatları 48 milyard dollardır. Müqayisə üçün qeyd edək ki, 2003-cü ildə bu rəqəm 1,6 milyard dollara bərabər idi.
2004-2008-ci illəri əhatə edən regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında 600 mindən artıq yeni iş yerinin açılması prioritet məqsəd kimi qarşıya qoyuldu. Proqramdan irəli gələn vəzifələr çox qısa zamanda icra olunaraq qeyri-neft sektorunun inkişafına, iqtisadiyyatın şaxələndirilməsinə geniş imkanlar yaratdı. Nəzərdə tutulan dövr ərzində 700 mindən artıq yeni iş yerinin açılması işsizlik və məşğulluq problemlərinin həllinə stimul verdi. Birinci proqramın uğurlu icrası 2009-2013-cü illər üçün növbəti Dövlət Proqramının qəbulunu zərurətə çevirdi. Bakı və Bakıətrafı qəsəbələrin, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının icrası paytaxt və bölgələrin simasını tamamilə dəyişdi, Azərbaycanı quruculuq meydançasına çevirdi.
Ölkəmizin təşəbbüsçüsü və əsas iştirakçısı olduğu layihələrin reallaşması Azərbaycanın iqtisadi qüdrətini artırmaqla yanaşı maliyyə imkanlarını da genişləndirdi. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu gün Azərbaycan ən böyük maliyyə vəsaiti tələb edən layihələri təkbaşına həyata keçirmək iqtidarındadır. 2010-cu ildə istifadəyə verilən Bakı Oğuz-Qəbələ-Bakı su kəməri Dövlət Neft Fondunun vəsaitləri hesabına gerçəkləşmişdir. "Neft Fondunun xətt ilə icra edilmiş layihələr bizim üçün prioritet layihələrdir" söyləyən dövlət başçısı İlham Əliyev bildirir ki, əgər iqtisadi imkanlarımız olmasaydı, biz bu layihəni həyata keçirə bilməzdik. Layihənin kommersiya xarakteri daşımadığını önə çəkən Prezident İlham Əliyev qeyd etmişdir ki, beynəlxalq maliyyə qurumlarının da bu səbəbdən layihəyə kredit ayırmayacağı aydın idi. Layihənin həyata keçirilməsi bizim üçün ən böyük sərvət, ən böyük dəyərin Azərbaycan vətəndaşı olduğunu göstərir. Yaxın zamanlarda istifadəsi nəzərdə tutulan, əhəmiyyətinə görə BTC və BTƏ neft-qaz layihələrindən geri qalmayan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi da Dövlət Neft Fondunun vəsaitləri hesabına gerçəkləşir. Beynəlxalq əhəmiyyətli BTC neft kəmərinin 2006-cı ildə, BTƏ qaz kəmərinin 2007-ci ildə istifadəyə verilməsi ölkəmizin uzunmüddətli iqtisadi inkişafının əsasını qoydu. Azərbaycan neftinin Ceyhan terminalına məhz 28 may Respublika günündə çatması bir daha bu reallığı ortaya qoymuşdur ki, ölkə iqtisadiyyatının təməl daşı olan "Əsrin müqaviləsi"nin Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində rolu inkaredilməzdir. Cənab İlham Əliyev bu münasibətlə xalqa təbrikində də bildirmişdir ki, 1994-cü ildə "Əsrin müqaviləsi" imzalanmasaydı, Azərbaycanın bugünkü iqtisadi inkişafını, beynəlxalq münasibətlər sistemində yeri və rolunu təsəvvür etmək o qədər də çətin deyildi. BTC və BTƏ neft-qaz kəmərləri reallığa çevrilməsəydi, bu gün "Cənub qaz dəhlizi"ndən danışmaq mümkün olmazdı. Tarixən neft ölkəsi kimi tanınan Azərbaycan bu gün həm də qaz ixracatçısıdır. Cari ilin sentyabrın 19-da imzalanan "Şahdəniz" qazının Avropaya satışına dair 9 müqavilə bir daha ölkəmizin dünyanın enerji təhlükəsizliyinin təminatında rolunun artdığını nümayiş etdirdi. Bu gün Azərbaycan şirkətləri başqa ölkələrə böyük həcmdə investisiyalar qoyurlar. Beynəlxalq enerji bazarlarına çıxmaq üçün investisiya layihələrini qətiyyətlə davam etdirən ARDNŞ-in adının nüfuzlu beynəlxalq şirkətlər sırasında çəkilməsi artan nüfuzunun təsdiqidir. Son illər ARDNŞ 10-dan artıq ölkədə fəaliyyət göstərən nümayəndəlikləri, İsveçrə, Türkiyə, Gürcüstan, Ukrayna və Sinqapurdakı müəssisələri vasitəsilə dünya enerji bazarına inamla daxil olmuşdur. Ölkəmizin neft-qaz sahəsində əməkdaşlıq təcrübəsi nümunə göstərilir. Yeni yataqların aşkarlanması neft-qaz ehtiyatlarının həcminin artmasına geniş imkanlar açır ki, bu da yeni layihələrin gündəmə gətirilməsini zərurətə çevirir. "Bizim çox böyük qaz yataqlarımız, kəmərlərimiz, şaxələndirilmiş ixrac yollarımız vardır. Biz bu imkanlardan istifadə etməliyik. Nə qədər çox ixrac imkanlarımız olsa, bizim üçün o qədər yaxşıdır" söyləyən dövlət başçısı İlham Əliyev bildirir ki, bu gün enerji inkişafımızın yeni bir mərhələsindəyik və Avropa təsisatları ilə münasibətlərimiz bizim üçün çox əhəmiyyətlidir. Azərbaycanla Avropa İttifaqı arasında imzalanan enerji sahəsində əməkdaşlığa dair Memorandum, ötən ilin yanvarında "Cənub qaz dəhlizi haqqında" Birgə Bəyannamə bir daha təsdiqlədi ki, zəngin neft və qaz yataqlarına, müasir infrastruktura malik olan ölkəmizin enerji təchizatının şaxələndirilməsində rolu daha da artır. Hər iki tərəfin bu əməkdaşlıqdan səmərə qazana biləcəyini bildirən Avropa İttifaqının təmsilçiləri qeyd edirlər ki, Azərbaycan neft-qaz ölkəsi kimi bizim üçün çox vacib tərəfdaşlardan biridir, hasilatçı, trazit ölkə kimi çox mühüm rol oynayır. Yeni-yeni layihələrin gündəmə gətirilməsi və uğurlu icrası Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında rolunu artırır.

Azərbaycan özünü dünyaya sosial dövlət kimi təqdim edib

İqtisadi tərəqqi əhalinin sosial müdafiəsinin gücləndirilməsində də özünü qabarıq şəkildə büruzə verir. Əmək haqlarının, pensiyaların artması, aztəminatlı ailələrə ünvanlı sosial yardımların verilməsi, yoxsulluğun aşağı salınmasına xidmət edən Dövlət Proqramlarının uğurlu icrası və s. deyilənlərin təsdiqidir. Beynəlxalq Valyuta Fondunun təmsilçiləri bildirirlər ki, inkişaf tempi bu şəkildə davam edərsə, yaxın zamanlarda ölkədə yoxsul olmayacaq. Son on ildə yoxsulluq səviyyəsinin 49 faizdən 6 faizə, işsizliyin 5,2 faizə enməsi mühüm uğurdur. Cənab İlham Əliyev hər zaman həyata keçirilən iqtisadi islahatların təməlində Azərbaycan vətəndaşının dayandığını önə çəkərək, "ölkədə yoxsul olmamalıdır" bəyan edir. Sözsüz ki, bu əminliyin əsasında daim təkmilləşən iqtisadi islahatlar və onların əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət etməsi dayanır.
Bu gün Azərbaycan yeni iqtisadi və sosial cağırışların müzakirəsi üçün əsas məkan seçilirsə, dünyaya özünü sosial dövlət kimi təqdim edirsə, demək həyata keçirilən siyasət nəinki ölkə daxilində, eyni zamanda beynəlxalq səviyyədə dəstəklənir, alternativsizliyi qeyd olunur. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, inkişafın Azərbaycan modelinin mövcudluğu ən böyük uğurumuzdur. Asiya İnkişaf Bankının ölkəmizlə bağlı proqnozunu xatırladaq. Qurumun Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Olli Noroyono bildirir ki, Azərbaycan iqtisadiyyatı son illər ərzində sürətlə inkişaf edir. 2020-ci ildə Azərbaycanda ÜDM-nin həcminin 130 milyard dollara çatacağı gözlənilir. Ölkə infrastrukturunun inkişafına yatırılan investisiyanın həcmi isə 40 milyard dollara bərabər olacaq. Xalqın etimadını qazanan, bu dəstəkdən böyük dəstək alan dövlət başçısı İlham Əliyev bütün çıxışlarında bəyan edir ki, qazanılan uğurları şərtləndirən əsas amillərdən biri bütün sahələri əhatə edən Dövlət Proqramlarının xalq tərəfindən yüksək səviyyədə dəstəklənməsi və uğurlu icrasıdır.

Hər dövrün öz çağırışları, tələbləri var

Kadr hazırlığının iqtisadiyyatın inkişafına uyğunlaşdırılmasını qarşıya mühüm vəzifə kimi qoyan dövlət başçısı İlham Əliyev bildirir ki, əgər inkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq həmin ölkələrin uğurlarının təməlində ideya, fikir, innovasiya, elmi-texniki tərəqqinin dayandığını görərik. Biz də ölkəmizdə müxtəlif istiqamətlərdə islahatlar apararkən müasirləşməyə üstünlük veririk. Müasir dövlətin qurulması elmin inkişafı olmadan mümkün deyildir. Bu baxımdan dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilən təhsilin, elmin və iqtisadiyyatın birliyinin yaradılması istiqamətində atılan addımlar diqqətdən kənarda qalmır. Təhsilin inkişafı ilə bağlı müxtəlif istiqamətləri əhatə edən Dövlət Proqramlarının qəbul olunması və uğurla icrası, ən ucqar kəndlərdə belə məktəb tikintisi, onların maddi-texniki bazasının möhkəmləndirilməsi və s. buna əyani sübutdur. "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı"nın təsdiqlənməsi də bir daha dövlətimizin elmin, təhsilin inkişafına xüsusi diqqət və qayğısının bariz nümunələrindəndir. Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev bu sahədə böyük nailiyyətlərin qazanılması, Azərbaycan elminin sıçrayışlı inkişafını təmin etmək üçün dövrün yeni şəraitinə uyğun olaraq, islahatların aparılmasını, bu günədək müxtəlif elm sahələrində qazanılmış nailiyyətlərin bundan sonra daha da artırılmasını elmi ictimaiyyətin qarşısında mühüm vəzifə kimi qoyur.
Bütün bunlar onu deməyə əsas verir ki, neft siyasətinin uğurla həyata keçirilməsi Azərbaycanın maliyyə imkanlarının möhkəmlənməsinə səbəb olur ki, bu da digər istiqamətlərdə uğurlu addımların atılmasına yol açır. Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq tədbirlərdə də Azərbaycanın uğurları təqdir olunaraq, hazırkı dövrün əsas çağırışlarından olan yeni texnologiyaların öyrənilməsi və tətbiqi sahəsində görülən işlər bir daha təhlil edilir. Bu fikir xüsusi vurğulanır ki, müxtəlif mədəniyyətlərin, sivilizasiyaların qovşağında yerləşən Azərbaycanın inkişaf təcrübəsi digər ölkələr üçün maraqlıdır. Ölkəmizdə keçirilən beynəlxalq tədbirlər Azərbaycanın, paytaxt Bakının dünya miqyasında siyasi, iqtisadi, mədəni mərkəzə çevrildiyini təsdiqdəyir.

Hər bir ölkənin uğurlu, dayanıqlı inkişafı üçün informasiya-kommunikasiya texnologiyaları sahəsi həlledici rola malikdir

Bu ilin əvvəlində Azərbaycanın ilk süni peykinin orbitə çıxarılması da iqtisadi tərəqqiyə əsaslanan uğurlarımızdandır. Yeni texnologiyaların tətbiqi bütün sahələrdə nailiyyətlərin miqyasının genişlənməsinə öz müsbət təsirini göstərir. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında ölkədə informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin prioritet elan olunması, 2013-cü ilin "İKT ili" elan edilməsi bu sahənin inkişafına dövlət səviyyəsində göstərilən diqqətin əyani təsdiqidir. Məlum olduğu kimi, peykin resurslarının 20 faizi Azərbaycanın tələbatını ödəmək üçün istifadə olunacaq, qalan 80 faizi isə dünya bazarlarına ixrac ediləcək. İlk peykimiz 50-dən artıq ölkəni birləşdirən məkanda mühüm iqtisadi rol oynayacaq. Bir sözlə, Azərbaycanın ilk telekommunikasiya peykinin buraxılması iqtisadiyyatın şaxələndirilməsi, informasiya müstəqilliyinin və təhlükəsizliyinin təmin edilməsi, ölkəmizdə kosmik sənayenin inkişaf etdirilməsi və beynəlxalq kosmik məkana inteqrasiyası istiqamətində mühüm addım olmaqla yanaşı, kommersiya xarakterli və gəlirli bir layihədir. Bu hadisə onu göstərdi ki, müstəqil Azərbaycan dövləti sürətlə, hərtərəfli inkişaf edir və artıq kosmik klubun üzvüdür. Hər bir ölkənin uğurlu, dayanıqlı inkişafı üçün informasiya-kommunikasiya texnologiyaları sahəsi həlledici rola malikdir. Atılan addımlar bir məqsədə xidmət edir- Azərbaycan daha da güclənsin, müasir dövlətə çevrilsin.

Azərbaycan uğurları ilə dünyanın diqqətində

Azərbaycanın dinamik inkişafı, rəqabətədavamlı iqtisadiyyatını təmin edən islahatlar dünyanın nüfuzlu nəşrləri, iqtisadi qurumlar və reytinq agentlikləri, sosioloji sorğu mərkəzləri tərəfindən də yüksək dəyərləndirilir. Filippində nəşr olunan və Asiya qitəsinin inkişaf etmiş ölkələrində həyata keçirilən uğurlu islahatları, dövlət başçılarının fəaliyyətini əks etdirən, geniş oxucu kütləsinə malik "BizNewsAsia"" jurnalınin ölkə Prezidenti İlham Əliyevi "İlin adamı"" elan etməsi də bu uğurlarımıza əsaslanır. ABŞ-da yerləşən və dünya üzrə insan resurslarını öyrənən "Gallup İnternational" təşkilatının ənənəvi olaraq keçirdiyi "Qlobal sevinc və kədər barometri" sorğusuna əsasən Azərbaycan dünyanın ən xoşbəxt 10 ölkəsi arasında yer tutub. Dünya İqtisadi Forumunun 2013-2014-cü il üzrə "Qlobal Rəqabət Qabiliyyəti İndeksi" Hesabatında Azərbaycan rəqabətlilik reytinqinə görə 7 pillə irəliləyərək 39-cu yerə layiq görülüb. Qlobal iqtisadiyyatın böhran dövrünü yaşadığı və yüksək rəqabət mühiti ilə səciyyələnən bir zamanda Azərbaycanın 7 pillə irəliləməsi ölkədə aparılan məqsədyönlü sosial-iqtisadi inkişaf siyasətinin əyani göstəricisi və ölkəmizin beynəlxalq nüfuzunun artmasının nümunəsi kimi dəyərləndirilir. Dünyanın tanınmış beyin mərkəzi- Beynəlxalq Qara Dəniz Araşdırmaları Mərkəzi tərəfindən hazırlanan və Azərbaycanın son on illik dövr ərzində keçdiyi inkişaf yolunu təhlil edən "Azərbaycanın regional lider kimi yüksəlişi: inkişaf və davamlılıq" adlı hesabatında da bu reallıq qeyd olunur ki, Azərbaycan MDB ölkələri sırasında inkişaf və rəqabətqabiliyyətlilik, yoxsulluğun aradan qaldırılması və adambaşına düşən ümummilli gəlirin artımı göstəricilərinə görə ciddi irəliləyişlər əldə etmiş, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Prqramının "İnsan inkişafı indeksi"nə görə 2005-2011-ci illər ərzində 25 pillə irəliləyərək yüksək insan inkişafı ölkələri qrupu sırasına qoşulmuşdur. İtaliyanın məşhur beyin mərkəzi - Beynəlxalq Siyasi Araşdırmalar İnstitutunun "10 il hərəkətdə: Cənubi Qafqaz 2003-2013-cü illərdə" adlı hesabatında Azərbaycanın uğurları fonunda cənab İlham Əliyevin qələbəsinin şəksizliyi bir daha vurğulanır. Ölkəmizdə keçiriləcək seçki ərəfəsində açıqlanan bu kimi hesabatlar uğurlarımızın təhlili ilə yanaşı, həyata keçirilən siyasətə dəstək kimi də dəyərləndirilməlidir.

Azərbaycanla əməkdaşlıqda maraqlı olan dövlətlərin sayı artır

Hər bir ölkə əməkdaşlıq etmək istədiyi dövlətdə ilk olaraq ictimai-siyasi sabitliyə, demokratik inkişafa, iqtisadi imkanlara diqqət yetirir ki, Azərbaycanın qeyd olunan istiqamətlərdə qazandığı uğurlar göz qabağındadır. Bu ilin mayında Azərbaycanın Dostları Assambleyası, Amerika və Avrasiya Türk Şurasının təşkilatçılığı ilə Bakıda keçirilən "ABŞ-Azərbaycan: Gələcəyə baxış" Forumunda səsləndirilən "Azərbaycan dost ölkədən tərəfdaş ölkəyə çevrilir" fikri xarici siyasətdə qazandığımız uğurların təsdiqidir. Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul edən ölkələr münasibətlərdə yeni istiqamətlərin müəyyənləşdirilməsinə səy göstərirlər. Birgə səylər qarşıya qoyulan məqsədlərə nail olmağa stimul verir.
Ölkəmizin iqtisadi və siyasi mövqeyini möhkəmləndirməsi ən mühüm problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə də yol açır. Azərbaycanın haqlı mövqeyini dəstəkləyən dövlətlərin və təşkilatların sayının artması Prezident İlham Əliyevin qətiyyət və səyinin nəticəsidir. Cənab İlham Əliyev ən yüksək tribunalardan Azərbaycanın dəyişməz mövqeyini bəyan edir- Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və olmayacaq. Münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında həllini tapmalıdır. 2011-ci ilin mühüm uğurlarından olan Azərbaycanın 193 ölkədən 155-nin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi ölkəmizin ədalətli mövqeyinin bir daha dünyaya çatdırılmasında, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllində əhəmiyyətli rol oynaya bilər. Hərbi-siyasi təşkilat olan, dünyada sülhün, təhlükəsizliyin təminatında mühüm rol oynayan NATO-nun Lissabon, eyni zamanda Çikaqo sammitlərində də Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamələr qəbul olunmuşdur. Azərbaycanın beynəlxalq uğurlarından biri də Qoşulmama Hərəkatının zirvə görüşündə 120 ölkənin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yalnız və yalnız ölkələrin ərazi bütövlüyü çərçivəsində həll olunmasına dair qətnaməni qəbul etməsidir. Dövlət başçısının bildirdiyi kimi, 120 ölkənin ərazi bütövlüyümüzü dəstəkləməsi diplomatik qələbəmizin təsdiqidir.
Diplomatik mübarizədə qələbə qazanan ölkəmizin münaqişənin həllində hərb siyasətini seçdiyi təqdirdə də qələbəsi şəksizdir. Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycanın çox güclü, qüdrətli, beynəlxalq standartlarına cavab verən ordusu var. Ulu öndər Heydər Əliyev bildirirdi ki, sülh danışıqlarını cəsarətli aparmaq üçün güclü, qüdrətli ordu gərəkdir. Hər il 26 iyun Silahlı Qüvvələr günündə keçirilən hərbi parad bir daha Azərbaycan ordusunun nəyə qadir olduğunu nümayiş etdirir. Bu gün ordunun güclənməsi üçün bütün lazımi tədbirlər görülür, peşəkarlıq artır. Azərbaycan ordusu ən yüksək standartlara cavab verir. Prezident İlham Əliyevin mütəmadi olaraq regionlara səfərləri, sərhəd bölgələrində hərbi hissələrdə olaraq zabitlərlə, əsgərlərlə görüşməsi, onların qayğıları ilə maraqlanması təbii ki, gənclərdə daha böyük ruh yüksəkliyi yaradır, işğal altında olan torpaqlarımızın azad olunması üçün səylərini artırmalarına stimul verir. Dövlət başçısı İlham Əliyev çıxışlarında da vətənpərvəlik hissinin yüksəldilməsini, ordunun peşəkarlığının, müasir standartlara uyğunlaşma prosesinin sürətləndirilməsinin vacibliyini bildirir.

Mətbuat: Uğurlarımızın bələdçisi

Azərbaycan reallıqlarının təbliğində mətbuatın üzərinə böyük məsuliyyət düşür. Hüquqi dövləti mətbuatsız təsəvvür etmək qeyri-mümkündür. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı digər istiqamətlər kimi, azad mətbuatın inkişafı sahəsində də yeni mərhələnin əsasını qoydu. 1998-ci ildə imzalanan fərman əsasında senzuranın ləğvi müstəqil mətbuatın bugünkü inkişafının təməli kimi dəyərləndirilir. Hər dövrün tələblərinə uyğun olaraq təkmilləşən mətbuatımıza diqqət və qayğı beynəlxalq səviyyədə də təqdir olunur. İqtisadi imkanların genişlənməsi fonunda mətbuatın inkişafına yönələn tədbirlər davamlılığı ilə diqqətdədir. Bu il Milli Mətbuatımızın 138 illik yubileyində jurnalistlər üçün yaşayış binasının istifadəyə verilməsi də deyilənlərin təsdiqidir. Dövlət başçısı İlham Əliyevin 22 iyul 2010-cu il tarixili "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında" sərəncamına uyğun olaraq dövlət vəsaiti hesabına 17 mərtəbəli, iki bloklu, 156 mənzilli binanın tikilərək jurnalistlərin istifadəsinə verilməsi təbii ki, dünyada analoqu olmayan bir hadisədir. Ölkə Prezidentinin bu istiqamətdə həyata keçirilən tədbirlərin müsbət təcrübəsini nəzərə alaraq işlərin davam etdirilməsi məqsədilə imzaladığı növbəti sərəncam ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanaraq, ölkədə mətbuatın inkişafına dövlətin nə qədər böyük həssaslıqla, diqqətlə yanaşdığının bariz nümunəsi kimi dəyərləndirildi. Sərəncamda da qeyd olunduğu kimi, Azərbaycanın dinamik inkişaf etdiyi, demokratikləşmə prosesinin getdikcə dərinləşdiyi, cəmiyyət həyatının bütün sahələrinin yeniləşdiyi müasir dövrdə kütləvi informasiya vasitələrinin səmərəli fəaliyyətinə daha etibarlı şərait yaradılması dövlətin diqqət mərkəzində duran əsas məsələlərdən biridir.
Dövlət başçısı İlham Əliyevin bu diqqət və qayğısının nəticəsidir ki, yenidən "Jurnalistlərin dostu" mükafatına layiq görüldü. Məlum olduğu kimi, "Ruh" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin 2010-cu ildə keçirdiyi sorğunun nəticələrinə əsasən ölkə Prezidenti İlham Əliyev "Jurnalistlərin dostu" mükafatına layiq görülmüşdür. Qurumun növbəti sorğusunun qalibi də cənab İlham Əliyevdir. "Jurnalistlərin dostu" mükafatının təsis edilməsində əsas məqsəd ölkədə söz və məlumat azadlığı prinsiplərini inkişaf etdirmək, media ilə dövlət orqanları, özəl qurumlar, siyasi partiyalar və ictimai birliklər arasında əlaqələrin möhkəmlənməsinə köməklik göstərmək, KİV-lərə qayğı ənənələrinin davamlı olmasını təmin etməkdir. 1997-ci ildə təsis olunan "Jurnalistlərin dostu" mükafatı 2002-ci ildə ulu öndər Heydər Əliyevə təqdim olunub. 2003-cü ildən Heydər Əliyev siyasətini uğurla davam etdirən cənab İlham Əliyevin yenidən jurnalistlərin dostu seçilməsi bu sahəyə diqqət və qayğısının bariz nümunəsidir. Azad mətbuat-azad cəmiyyət, demokratik mətbuat-demokratik cəmiyyət anlayışları dövlətin siyasətində əsas yer tutur.
2010-cu ildə "Jurnalistlərin dostu" mükafatının təqdimat mərasimində "Jurnalistlərin dostu olmaq mənim üçün böyük şərəfdir" deyən cənab İlham Əliyev bildirmişdir: "... aldığım bu mükafatdan asılı olmayaraq, mən bundan sonra da çalışacağam ki, Azərbaycanda bu sahədə daha da böyük addımlar atılsın. Azərbaycan dövləti öz dəstəyini göstərsin. Ölkədə müasir jurnalistikanın formalaşması işində Azərbaycan dövləti və Prezident kimi mən səylərimi əsirgəməyəcəyəm."
Bu reallıqlar onu təsdiqləyir ki, uğurlu islahatların nəticəsində iqtisadi qüdrətini günbəgün artıran dövlətimiz ölkənin hərtərəfli inkişafı üçün kompleks tədbirlərin həyata keçirilməsində maraqlıdır. İqtisadi və siyasi islahatların vəhdətliyi fonunda bu fikir böyük əminliklə qeyd olunur ki, demokratikləşmə sadəcə bir şüar, niyyət deyil, Azərbaycanın hərtərəfli tərəqqisi üçün əsasdır.

"Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası davamlı inkişaf çağırışları üçün bir yol xəritəsidir

20 illik müstəqillik tariximizdə qazanılan uğurların fonunda hazırlanan və təsdiq olunan "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında başlıca hədəf Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görməkdir. Ümumi daxili məhsulun qarşıdakı on ildə daha 2 dəfə artırılması da əsas məqsəd kimi qarşıya qoyulur. BMT-nin İnkişaf Proqramının Azərbaycanda rezident nümayəndəsi Antonius Bruk "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasını davamlı inkişaf çağırışları üçün bir yol xəritəsi kimi dəyərləndirir. Dünya Bankının Azərbaycan nümayəndəliyinin rəhbəri Larisa Leşenko bildirir ki, Azərbaycanda 2020-ci ilədək ÜDM-nin iki dəfə artırılması böyük çağırışdır. Bunu etmək üçün ölkə kifayət qədər güclü potensiala malikdir və inanırıq ki, Azərbaycan bu yolda ciddi uğur qazanacaq.
Qeyd etdiklərimiz son on ildə əldə olunan uğurların yalnız bir hissəsidir. Ümumiləşdirimiş ifadə budur ki, Azərbaycan bütün dünyaya nümunə ola biləcək yeni geoiqtisadi regional güc mərkəzi modelini yaradıb. Beynəlxalq ictimaiyyət Azərbaycanın siyasi palitrasında Prezident İlham Əliyevə alternativ görmür, ölkəmizin uğurlu gələcəyinə böyük əminliklə yanaşırlar. Azərbaycana, Prezident İlham Əliyevə bu inamı yaradan təbii ki, düzgün qurulan, möhkəm təmələ əsaslanan siyasətdir.

Dağıdıcıların seçki illüziyaları

Daim qeyd etdiyimiz bir gerçəkliyi yenə də təkrarən vurğulamaq istərdik ki, dövr dəyişirsə, həyata keçirilən islahatlar zamanın tələbinə uyğunlaşdırılırsa, informasiya-kommunikasiya texnologiyaları əsrində yaşayırıqsa, modernləşmə, müasirləşmə dövlət siyasətinin əsasını təşkil edirsə, təbii ki, bütün bunlar öz növbəsində insanların düşüncə tərzinə, hadisələrə yanaşmasına öz müsbət təsirini göstərməli, doğrunu yalandan, gerçəkliyi utopiyadan ayırmağı bacarmalı, ən əsası vətəndaşlıq mövqeyini ortaya qoymalıdır. Ölkə müxalifəti, xüsusilə, düşərgədə apardıqları bölgüyə əsasən radikallığı, dağıdıcılığı, inkarçılığı özləri üçün fəaliyyət istiqaməti seçən ünsürlərdən bu mövqeni gözləmək mümkündürmü? Bu sual təbii ki, heç kimdə çaşqınlıq yarada, təəccüb doğura bilməz. Çünki bütün fəaliyyətləri boyu şəxsi maraqlarının quluna çevrilən dağıdıcılar Azərbaycanın uğurlarına kölgə salmaq üçün dəridən-qabıqdan çıxır, riyakarlıqlarına görə daim ictimai qınaqla üz-üzə qalırlar. Reallıqla barışmaqda çətinlik çəkən dağıdıcılar bu gerçəkliyi də qəbul etmək istəmirlər ki, tutulan yol uğursuzdusa, bu halda dəyişiklik etmək, geriyə baxıb bundan nəticə çıxarmaq, ziyanın yarısından qaytmağın da xeyir olduğunu düşünmək zərurətdir. Bu zərurət isə şəxsi ambisiyalarının quluna çevrilən ünsürlərə yaddır. Milli mənafeni arxa plana keçirib, xarici antiAzərbaycan qüvvələrin diktəsi əsasında oturub duranların bir adı var-xəyanətkarlar, antimilli qüvvələr. Düşərgə təmsilçilərinin özlərinin də etiraf etdikləri kimi, müxalifətin ən böyük problemlərindən biri "liderlərin" avantürüst ideyaları və durduğu nöqtədə qalmalarıdır. Onların bütün təklifləri xəyaldır. Dağıdıcıların bəzi ermənipərəst və antiazərbaycan xarici dairələrin sifarişi əsasında yaratdıqları "İctimai palata", "Ziyalılar Forumu", "El" hərəkatı və "Milli Şura"nın bugünkü taleyi göz qabağındadır. Maraqlar əsasında formalaşan "birlik" heç zaman birliyə, həmrəyliyə xidmət edə bilməz. Bu birliklərin daha çox seçki ərəfələrində yarandıqlarına diqqət yetirsək, bu halda aralarında yandırdıqları körpüləri hansı səbəbdən bərpa etmək sevdasına düşdüklərini geniş şərh etməyə ehtiyac yaranmaz.
Bu seçkilərin müxalifət düşərgəsi üçün "özəlliyi" prezidentlik iddiasına düşərək özlərini xalqa yaxın göstərmək üçün cilddən-cildə girmələridir. Öncə kinoçəkən R.İbrahimbəyovu, sonra isə onun dublyoru C.Həsənlini "ulduz" edən dağıdıcı ünsürlər və onlara xidmət edən mətbu orqanlar bu reallığı unudurlar ki, keçmiş bu gün üçün mənbədir. Dağıdıcı ünsürlərin bir illik hakimiyyətləri dövründə ölkəni hansı durumla üz-üzə qoyduqları yaddaşlardadır. Bu ünsürlər özlərində cəsarət tapıb bu günümüzün reallıqları ilə bir illik hakimiyyətləri dövründə Azərbaycan xalqına yaşatdıqlarını müqayisə etsələr, hazırda güncə sıxılmalarının səbəbini düzgün dərk etmiş olarlar. Amma yaratdıqları seçki şouları göstərir ki, "qozbeli qəbir düzəldər". Dağıdıcılar hər halda "siyasi qul" imicini səbəbsiz yerə qazanmayıblar. Onların prezident seçkiləri ilə, eyni zamanda ölkə reallıqları ilə bağlı fikirləri də xəstə təxəyyüllərinin məhsuludur. Xarici ermənipərəst və antiazərbaycan qüvvələr onlara bu işdə dəstək olaraq, "siyasi qulları" daha da fəallaşdırmağa cəhd edirlər. Amma bir məqamı unudurlar ki, seçkilərdə səslər alınmır, qazanılır. Xalq hər bir siyasi qüvvənin nəyə qadir olduğunu, hansı məqsəd uğrunda mübarizə apardığını çox yaxşı bilir. Yalanın həqiqət üzərində qələbəsi mümkünsüzdür.

Yeni Azərbaycan Partiyası: Qələbələrlə zəngin partiya

Ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan, bütün fəaliyyəti boyu tutduğu yola, siyasi xəttə sadiqlik nümayiş etdirən Yeni Azərbaycan Partiyası Azərbaycanın müstəqillik tarixində qazandığı uğurların bələdçisi olmaqla yanaşı, bu inkişafa, tərəqqiyə töhfələri ilə cəmiyyətdə nufuzunun artmasına, sıralarının kəmiyyət və keyfiyyət baxımından möhkəmlənməsinə nail olmuşdur. Bu gün böyük inamla qeyd edirik ki, yalnız Yeni Azərbaycan Partiyasının 600 mindən artıq üzvünün deyil, xalqın böyük əksəriyyətinin namizədi olan cənab İlham Əliyevin 9 oktyabr prezident seçkilərində qələbəsi şəksizdir. "İlhamla irəli" şüarı ilə cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasına start verən Yeni Azərbaycan Partiyası dünənimizə və sabahımıza bir baxış keçirərək reallığa əsaslanan bu fikri böyük inam hissi ilə səsləndirir ki, tariximizin son on ili möhtəşəm quruculuq illəridir. Yüksəlişin daha əzəmətli üfüqləri qarşıdadır. Hər kəs seçkilərin demokratikliyini təmin edən amillərdən biri olan səsvermə hüququndan istifadə edib, yüksək fəallıq nümayiş etdirməklə, inkişafa, tərəqqiyə dəstək olmalıdır. Cənab İlham Əliyev alternativsiz namizəddir. Ona səs verməklə uğurlu gələcəyimizə səs veririk. Gələcəyimiz yeni-yeni hədəflərdən və onlara böyük ruh yüksəkliyi ilə çatmaqdan ibarətdir. Qarşıdakı 10 ilin hədəfləri bunlardır: Azərbaycanın iqtisadi qüdrəti 2 dəfə artacaq; yoxsulluq və işsizlik aradan qaldırılacaq; infrastruktur layihələri başa çatdırılacaq; regionlarda mövcud problemlər həll ediləcək; biznesin inkişafına diqqət artırılacaq; elm, təhsil və səhiyyə infrastrukturu təkmilləşdiriləcək; İpoteka kreditlərindən istifadə asanlaşacaq; Azərbaycanın beynəlxalq aləmdə mövqeləri daha da möhkəmlənəcək; Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq; insan hüquq və azadlıqlarının müdafiəsi cəmiyyət həyatının normasına çevriləcək. Bu hədəflərə sitmul verən isə son on ilin uğurlarıdır- Ölkəmizin iqtisadi qüdrəti 3 dəfə artdı; Avropanın enerji təhlükəsizliyi sistemində Azərbaycanın rolu yüksəldi; dünyanın 155 ölkəsinin dəstəyi ilə Azərbaycan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildi, ölkəmizdə 1,2 milyon yeni iş yeri yaradıldı, yoxsulluq 6 faizə, işsizlik 5 faizə endirildi, çadır şəhərcikləri ləğv olundu; informasiya-kommunikasiya texnologiyaları inkişaf etdirildi; regionların siması əsaslı şəkildə dəyişdi; korrupsiya ilə mübarizənin işlək mexanizmi formalaşdırıldı; Ermənistanın işğalçı siyasətinin ifşası genişləndirildi; vətəndaş cəmiyyəti inkişaf etdi və milli həmrəylik möhkəmləndi; Bakı gözəlləşdi və nüfuzlu paytaxt şəhərinə çevrildi. Təbii ki, son on illin uğurlarını bir yazıda qeyd etmək qeyri-mümkündür. Ulu öndər Heydər Əliyevin siyasi kursuna sadiqliyini atdığı hər addımında təsdiqləyən cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan biri-birindən əhəmiyyətli uğurları ilə diqqətdədir. Bu uğurlardan günlərlə, aylarla bəhs etmək olar. Hər sahə üzrə konkret proqramların mövcudluğu və onların xalq tərəfindən dəstəklənməsi ölkənin hərtərəfli inkişafında açardır.

Uğurlarımızın davamlılığını təmin etmək üçün 9 oktyabr prezident seçkilərində fəal olaq, cənab İlham Əliyevə səs verək. Cənab İlham Əliyevə səs verməklə sabitliyə, əmin-amanlığa, iqtisadi tərəqqiyə, firavan həyata səs vermiş olacağıq. Cənab İlham Əliyevə səs verməklə bu gün beynəlxalq münasibətlər sisteminin əsas aparıcı qüvvəsinə çevrilən Azərbaycanın mövqeyini daha da möhkəmləndirməsinə dəstək vermiş olacağıq. Bu dəstəyimiz eyni zamanda demokratiya təcrübəsi digər ölkələrə nümunə olan Azərbaycanın demokratik inkişafına dəstək olmaq deməkdir. Övladlarımızın, gələcək nəslin daha xoşbəxt, firəvan yaşaması naminə gələcəyimizin qarantı olan cənab İlham Əliyevə səs verək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti