Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir E.Mehdiyev/
"Seçki prosesinin nörmal ölkələrdə olduğu kimi düzgün və şəffaf keçirilməsinin şahidi olduq". Trend-in məlumatına görə, bu barədə Azərbaycanda prezident seçkilərini müşahidə edən Çexiya Diplomatik Akademiyasının direktoru, ölkənin sabiq xarici işlər naziri Kiril Svoboda jurnalistlərə deyib.
K.Svoboda bir çox seçki məntəqələrində olduğunu, bir çox insanlarla görüşdüyünü və seçki prosesləri barədə müzakirələr apardığını qeyd edib: "Biz səs verən vətəndaşlarla da görüşüb söhbət etmişik. Heç bir qanun pozuntusuna rast gəlməmişik. Seçki mühiti çox açıq və yaxşı idi, eyni zamanda, insanlarda yaxşı əhval-ruhiyyə müşahidə olunurdu".
Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir.
Prezident seçkisində 10 namizəd mübarizə aparır. Onlar Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə, öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş, deputat Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev, "Demokratik Qüvvələrin Milli Şurası" Seçicilərin Təşəbbüs Qrupu tərəfindən namizədliyi irəli sürülmüş Cəmil Həsənli, Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov və Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğludur.
Azərbaycan Mərkəzi Seçki Komissiyası tərəfindən 5 145 643 seçici qeydə alınıb.