...

Mübariz Əhmədoğlu: Ruzinskinin bəyanatı Rusiya ilə Azərbaycan arasında formalaşmaqda olan inam potensialını dağıdır

Siyasət Materials 5 Noyabr 2013 12:56 (UTC +04:00)
Putinin Ermənistanı kənara qoyaraq Azərbaycan-Rusiya münasibətlərini prioritetə çevirməsi dünya ermənilərinin kökünü kəsmək istiqamətində atılan addım kimi başa düşülməlidir.
Mübariz Əhmədoğlu: Ruzinskinin bəyanatı Rusiya ilə Azərbaycan arasında formalaşmaqda olan inam potensialını dağıdır

Azərbaycan, Bakı, 5 noyabr /Trend, müxbir E.Mehdiyev/

Ermənistanın Gümrü şəhərində dislokasiya olunmuş 102-ci Rusiya hərbi bazasının komandanı, polkovnik Andrey Ruzinskinin "Krasnaya Zvezda" qəzetinə müsahibəsində bildirdiyi "Rusiyanın Ermənistandakı hərbi bazaları Azərbaycan Dağlıq Qarabağda hərbi əməliyyata başlayarsa, Ermənistanı müdafiə etmək məqsədilə münaqişəyə qoşula bilər" fikri Rusiya-Azərbaycan münasibətlərinə ciddi təsir edə bilər. Trend-in məlumatına görə, bu barədə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

Politoloqun fikrincə, A.Ruzinski və ya başqa bir rus hərbçinin bu tipli bəyanatı gözlənilən idi: "Azərbaycanın dünya erməniləri ilə savaşı çox aktiv fazadadır. Dünya ermənilərinin gücünün mənbəyi Rusiyaya söykənir. Putinin Ermənistanı kənara qoyaraq Azərbaycan-Rusiya münasibətlərini prioritetə çevirməsi dünya ermənilərinin kökünü kəsmək istiqamətində atılan addım kimi başa düşülməlidir. Ona görə ermənilər bütün imkanlarından istifadə edib Rusiya-Azərbaycan münasibətlərini pozmaq istəyirlər".

M.Əhmədoğlu qeyd edib ki, BMT TŞ-də heç nədən Rusiya və Azərbaycan diplomatları arasında münaqişə yaratmaq, Moskvada mərkəzində azərbaycanlının olması ilə etnik münaqişə yaratmaq və aradan qalxmasına imkan verməmək, Azərbaycanı Türkiyə ilə birlikdə Şimali Qafqazda vəziyyəti gərginləşdirən ölkə kimi təqdim etmək bu planın tərkib hissələridir.

Politoloqun fikrincə, bundan sonra da ermənilər Rusiya ilə Azərbaycanın münasibətini korlamaq istiqamətində addımlar atacaq. Rus hərbçi Ruzinskinin bəyanatı da bu qəbildəndir.

M.Əhmədoğlu hesab edir ki, A.Ruzinskinin verdiyi bəyanatın bir neçə diqqətçəkən məqamı var: "Ruzinski KTMT-yə istinad edir. KTMT isə dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağda müharibəyə qarışmayacaq. Beləliklə, Ruzinskinin KTMT-nin adı ilə ermənilərin maraqlarına xidmət etdiyi aydın görünür. Onun bəyanatı Rusiya ilə Azərbaycan arasında formalaşmaqda olan inam potensialına ciddi zərbə vurdu: damla-damla toplanan inam potensialını birdən-birə dağıtdı. İndiki məsuliyyətli dövrdə Rusiya və Azərbaycan arasında inam potensialı hədsiz vacibdir. Rəsmi Moskva təxminən bir ay ərzində A.Ruzinskinin bu bəyanatı barədə susub. Rusiyanın Müdafiə və Xarici İşlər nazirlikləri rus hərbçinin bu bəyanatını təkzib etməyiblər".

Politoloqun sözlərinə görə, Rusiya Ordusunun polkovniki, görünür, kifayət qədər özünəməxsus ağıla və düşüncəyə malikdir: "Dünya yalnız məndən başlayır" fəlsəfəsini əsas götürüb. Belə olmasaydı, o Ermənistanın Baş naziri Tiqran Sarkisyanın Avropa Komissiyasında Rusiya hərbi bazalarının Ermənistandan çıxarılmasını müzakirə etməsindən xəbəri olardı. A.Ruzinksi savadsızlar içərisində orijinal deyil. Hədsiz çox səlahiyyətli şəxs var ki, rəhbərlik etdiyi prosesin mahiyyətindən xəbəri yoxdur. O cümlədən Ruzinskinin MDB-nin, eləcə də KTMT-nin nizamnaməsinin əsas mahiyyətindən və nizamnamə maddələrindən xəbəri yoxdur. KTMT heç bir halda MDB üzvünə qarşı müharibə elan edə bilməz. Azərbaycan MDB-nin üzvüdür. Bütün bunlar deməyə əsas verir ki, A.Ruzinski ermənilərin əlində cılız alətdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti