...

Nümayəndəlik: Aİ Azərbaycanla viza rejiminin sadələşdirilməsi üzrə sazişin nəzərdə tutulan vaxtda qüvvəyə minəcəyinə ümid edir

Siyasət Materials 29 Noyabr 2013 17:19 (UTC +04:00)
Avropa İttifaqı Azərbaycan ilə viza rejiminin sadələşdirilməsinə dair sazişin nəzərdə tutulan vaxtda, yəni 2014-cü ilin sonunda qüvvəyə minməsi üçün bütün maneələrin tez bir zamanda aradan qaldırılacağına ümid edir.
Nümayəndəlik: Aİ Azərbaycanla viza rejiminin sadələşdirilməsi üzrə sazişin nəzərdə tutulan vaxtda qüvvəyə minəcəyinə ümid edir

Azərbaycan, Bakı, 29 noyabr /Trend, müxbir S.Əhmədova/

Avropa İttifaqı Azərbaycan ilə viza rejiminin sadələşdirilməsinə dair sazişin nəzərdə tutulan vaxtda, yəni 2014-cü ilin sonunda qüvvəyə minməsi üçün bütün maneələrin tez bir zamanda aradan qaldırılacağına ümid edir. Bunu Trend-ə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin müvəqqəti işlər vəkili Toralf Pilts bildirib.

T.Pilts Azərbaycan və Aİ ölkələrinin vətəndaşları üçün yaradılan bu imkanı alqışladığını bildirib: "Biz ümid edirik ki, bu saziş insanlar arasında əlaqələrin daha da inkişafına, xüsusilə, akademik və iqtisadi mübadiləyə səbəb olacaq və Avropa vətəndaşları Azərbaycana səfər etmək üçün geniş imkanlardan istifadə edə biləcəklər".

Qeyd edək ki, Azərbaycan və Avropa İttifaqı (Aİ) bu gün viza rejiminin sadələşdirilməsi haqqında saziş imzalayıblar.

Vilnüsdə keçirilən III "Şərq Tərəfdaşlığı" sammiti çərçivəsində sazişi Azərbaycan tərəfdən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, qarşı tərəfdən isə Avropa komissarı Ştefan Füle, Litvanın xarici işlər naziri Linas Linkyaviçyus imzalayıb.

Xatırladaq ki, sənəd gələn il Azərbaycanla Aİ arasında readmissiya haqqında saziş imzalandıqdan sonra qüvvəyə minəcək.

Qeyd edək ki, bir müddət əvvəl xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Trend-ə bildirmişdi ki, saziş imzalandıqdan sonra Milli Məclisdə və Avropa Parlamentində ratifikasiya olunacaq.

Bundan əlavə, "Şengen" zonasına daxil olan, lakin Aİ üzvü olmayan ölkələrlə - Norveç, İsveçrə, İslandiya və Lixtenşteynlə ikitərəfli müqavilələr imzalamaq lazımdır.

Nazir müavinin sözlərinə görə, müqavilə kifayət qədər geniş şəxslər siyahısını əhatə edir. Bu, ilk növbədə, təhsil və biznes xətti ilə xaricə gedən vətəndaşlara aiddir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti