...

Qabil Hüseynli: Müxalifətin indiki liderləri siyasi proseslərin məntiqini düzgün dəyərləndirə bilmirlər

Siyasət Materials 9 Yanvar 2014 15:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 yanvar /Trend, müxbir E.Mehdiyev/

Müsavat Partiyası başqanının sabiq müavini, politoloq Qabil Hüseynli hesab edir ki, Müsavat Partiyasının Milli Şuradan çıxmasına haqq qazandırmaq mümkün deyil.

Q.Hüseynli Trend-ə bildirib ki, bunlar Milli Şuranı siyasi inteqrasiya deyərək, bar-bar bağıraraq qurmuşdular: "Bu siyasi inteqrasiyanı cəmiyyətdən gələn sosial sifariş kimi təqdim etməyə çalışırdılar. Lakin bir andaca o sosial sifarişi ayaqlar altına atıb tapdalayan partiyaya, misal üçün, Müsavat Partiyasına haqq qazandırmaq o qədər də asan deyil. Yəni sən dünənə qədər siyasi konsolidasiya, siyasi inteqrasiyadan dəm vururdun və bunu müxalifətin gücünü artıracaq və həlledici bir amil kimi təqdim edirdin. İndi isə xırda dedi-qodunun nəticəsində Milli Şuradan çıxırsan".

Politoloq əlavə edib ki, eyni zamanda, Milli Şuranın özündə bir gərginlik var və dağılma prosesi müşahidə olunmaqdadır: "Misal üçün, bundan əvvəl Liberal Partiyası Milli Şuradan çıxdı, Açıq Cəmiyyət Partiyası oradan gedib-getməyəcəyi haqqında düşündüyünü bəyan edir, Klassik Xalq Cəbhəsi Partiyasının da müəyyən tərəddüdləri hiss edilməkdədir. Yəni Milli Şuranın özündə də bir axsama, dağılma prosesi getdiyini müşahidə etmək mümkündür".

Q.Hüseynli hesab edir ki, indiki halda Milli Şuranı zəifləmiş, siyasi proseslərə təsir imkanları xeyli azalmış və xalqın dəstəyini itirmiş bir qurum kimi təsəvvür etmək olar: "Bu cür siyasi liderlərlə Milli Şura siyasi yüksəliş dövrü yaşaya bilməz, əlbəttə, siyasi tənəzzül dövrünü yaşayacaq".

Onun sözlərinə görə, bunlar hamısı onu göstərir ki, siyasi müxalifətin indiki liderləri nə siyasi proseslərin məntiqini düzgün dəyərləndirə bilirlər, nə də ən başlıcası öz aralarında müəyyən siyasi dostluq, əməkdaşlıq telləri qurmağı bacarırlar: "Birinin ambisiyası, hadisələrə praqmatik yanaşması və s. siyasi prosesləri, siyasi dairələrə başçılıq etmək imkanlarını azaldır və onların özləri də zəifləyir. Bir sözlə, son dövrdə baş verən hadisələr onu göstərir ki, cəmiyyətdə siyasi müxalifətin dəyişməsinə və yenilənməsinə, yeni şəxslərin gəlməsinə böyük ehtiyac var".

İctimai Palatanın fəaliyyətinin davam etdirilməsinə gəlincə isə Q.Hüseynli bunun qətiyyən mümkün olmadığını deyib: "Bunlar artıq arxada qalmış və yaşanmış səhifələrdir. Çünki əgər bir partiya müəyyən bir qurumda, elə Milli Şurada siyasi əməkdaşlıq xəttini yürütmək istəmirsə, başqa bir qurumda da siyasi əməkdaşlıq xəttini əlbəttə ki, yürütmək istəməyəcək. Ona görə də bundan sonra müxalifət arenasında Müsavat Partiyasının təcrid olunma prosesi ilə daha çox rastlaşacağıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti