...

Rəbiyyət Aslanova: Azərbaycan gənclərinin səsinin Suriyadan gəlməsi onların yanlış informasiyaların təsiri altına düşməsinin nəticəsidir

Siyasət Materials 6 Fevral 2014 10:46 (UTC +04:00)
Sağlam təfəkkürlü gənc nə qurduğunu yaxşı bilir və bunun heç bir ziyanı olmur. Amma bu gün sağlam təfəkkürü, mənəviyyatı olmayan gənclərin səsi hərbi münaqişənin olduğu Suriyadan gəlir.
Rəbiyyət Aslanova: Azərbaycan gənclərinin səsinin Suriyadan gəlməsi onların yanlış informasiyaların təsiri altına düşməsinin nəticəsidir

Azərbaycan, Bakı, 6 fevral /Trend, müxbir İ.İzzət/

"Sağlam təfəkkürlü gənc nə qurduğunu yaxşı bilir və bunun heç bir ziyanı olmur. Amma bu gün sağlam təfəkkürü, mənəviyyatı olmayan gənclərin səsi hərbi münaqişənin olduğu Suriyadan gəlir. Biz bu xəbərləri ağrı ilə qarşılayırıq və bunu qəbul etmirik". Trend xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova "İrəli" İctimai Birliyinin təşkil etdiyi "Gənc Liderlər üçün Qış Universiteti"ndə gənclərlə görüşü zamanı bildirib.

Millət vəkili hesab edir ki, bu, gənclərin onlara ötürülən yanlış informasiyaların təsiri altına düşməsinin nəticəsidir: "Bu gün biz imkan verməməliyik ki, Azərbaycan gənci hansısa mənfi təsirin altında olsun".

Millət vəkili qeyd edib ki, gənclər ayıq-sayıq olmalı, müasir dövrün informasiya məkanında yaxşını pisdən ayırmağı bacarmalıdır: "Gənclərin bəzi təhlükəli informasiyaların təsiri altına düşməsi çox qorxulu məsələdir. Müasir informasiya axınından bəhrələnmək və onun neqativ təsirlərinin qarşını almaq gəncliyin qarşısında duran ən mühüm və ən çətin vəzifələrdən biridir".

Onun sözlərinə görə, zaman keçdikcə informasiya texnologiyalarının inkişafı ilə yeni məkanlar yaranıb. Virtual məkanın isə hüdudları yoxdur: "Bu gün bizim eyni zamanda müxtəlif məkanlarda olmaq imkanımız var. İnformasiya axını var və biz bunun qarşısını ala bilmərik. Gənclər cəmiyyətin ictimai-siyasi həyatında fəal olmalı, özünü təsdiq etməlidirlər. Gənclik ötüb keçən bir andır. İndidən bu dövrün qədrini bilib, özlərini təsdiq etməlidirlər. Çünki gənclərin gələcək uğurları bu gün atılan addımlardan asılıdır".

Qeyd edək ki, bir müddət öncə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası da bununla bağlı fətva verərək bəyan edib ki, bir sıra xarici ölkələrdə baş verən silahlı münaqişələrə qərəzli məqsədlərlə qatılmış bəzi həmvətənlərimizin əməllərinin cihad, fiziki məhvinin isə şəhidlik kimi təqdim olunması narahatlıq doğurur. Həmçinin bildirilir ki, qərəzli, təmənnalı niyyətlə döyüşərək öldürülən şəxs şəhid deyildir: "Belələrinin əsl məqsədlərinin fitnə-fəsadlarda iştirakdan dolayı hansısa şəxsi təmənnalar olduğunu dərk edir və bəzi vətəndaşlarımızın bu və ya digər məramlı ixtilaflarda muzdla iştirakını, başqa dövlətlərin daxili işinə qarışmalarını qətiyyətlə pisləyirik. Dindarlarımız, həmçinin dövlətimizin beynəlxalq nüfuzunun, siyasi və iqtisadi qüdrətinin artmasından narahat olan xarici qüvvələr tərəfindən yaradılıb, maliyyələşdirilən qurumların ölkəmizdəki daxili sabitliyi pozmağa yönəlik məkrli niyyətlərinin həyata keçirilməsinə həmvətənlərimizin hədə-qorxu və ələ alma yolu ilə cəlb edilməsini, bu yolda din adından təxribat məqsədilə sui-istifadəni yolverilməz sayırlar".

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi isə radikal dini qrupların və qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması və onlara qarşı effektiv mübarizə aparılması məqsədilə respublikada təlim kurslarının təşkilinə başlayıb.

Xatırladaq ki, bəzi azərbaycanlı gənclər Suriyada silahlı münaqişələrdə iştirak edərək edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti