...

Millət vəkili: Vacib məqamlardan biri də İranla münasibətlərin yaxşılaşdırılmasıdır

Siyasət Materials 6 Fevral 2014 13:13 (UTC +04:00)
"Bu gün həm Azərbaycanın, həm də Türkiyənin bölgədə inkişafı vacibdir, lazımdır. Bunu bizim maraqlarımız tələb edir. Lakin vacib məqamlardan biri də İranla münasibətlərin yaxşılaşdırılmasıdır".
Millət vəkili: Vacib məqamlardan biri də İranla münasibətlərin yaxşılaşdırılmasıdır

Azərbaycan, Bakı, 6 fevral /Trend, müxbir İ.İzzət/

"Bu gün həm Azərbaycanın, həm də Türkiyənin bölgədə inkişafı vacibdir, lazımdır. Bunu bizim maraqlarımız tələb edir. Lakin vacib məqamlardan biri də İranla münasibətlərin yaxşılaşdırılmasıdır". Trend xəbər verir ki, bunu millət vəkili, politoloq Rasim Musabəyov "İrəli" İctimai Birliyinin təşkil etdiyi "Gənc Liderlər üçün Qış Universiteti"ndə gənclərlə görüşü zamanı bildirib.

Millət vəkili hesab edir ki, çünki Türkiyə ilə Azərbaycan arasında hansısa problem yarananda biz onu tez şəkildə və ağrısız həll edə bilirik: "Amma İranla belə deyil. Ona görə də Azərbaycan və İran qarşılıqlı şəkildə əlaqələri daha yüksək səviyyəyə qaldırmağa çalışmalıdırlar".

Politoloq qeyd edib ki, hazırda Rusiyanın hərbi gücü Türkiyə və İran tərəfindən o qədər də ciddi qarşılanmır və təhlükəli olduğu qəbul edilmir: "Bu gün faktiki olaraq Qara Dənizdə Türkiyənin hərbi donanması Rusiyanın hərbi donanmasından qat-qat güclüdür. Əgər 19-20-ci əsrlərdə Cənubi Qafqazdə rusların sayı yüksək idisə, son illər bu, cəmi 1 faizə enib. Düzdür, Rusiyanın bölgədə müəyyən qədər hərbi gücü və iqtisadi rıçaqları var. Lakin ümumi götürdükdə burada azalma baş verib. Rusiyanın Azərbaycanla ticarət dövriyyəsi 5-6 faiz, Ermənistanla 17-18 faiz, Gürcüstanla isə bizdən də qat-qat azdır. Hazırda Azərbaycanda Rusiyanın heç bir hərbi kontingenti yoxdur. Gürcüstanda yalnız işğal olunmuş Abxaziya və Cənubi Osetiyadadır. Regionda Rusiyanın yalnız bir hərbi müttəfiqi var, bu da Ermənistandır. Rusiyanın zəifləməsi fonunda bölgədə Türkiyə və İran daha da güclənir. Hansıki vaxtilə Rusiya həm Türkiyə, həm də İranı hərbi cəhətdən işğal etmək gücünə malik idi. Lakin bu gün Rusiyanın bölgədəki hərbi gücü o qədər ciddi qəbul olunmur".

Millət vəkilinin sözlərinə görə, hazırda Cənubi Qafqazda ümumən əhalinin 2/3-ni azərbaycanlılar təşkil edir. Azərbaycanın son illər apardığı düzgün siyasəti nəticəsində onun inkişafı üçün geniş perspektivlər və imkanlar yaranıb: "Biz bu imkanlardan öz maraqlarımızı təmin etmək, eləcə də problemlərimizin həlli istiqamətində maksimum dərəcədə yararlanmalıyıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti