...

Bakıda "Azərbaycan-Gürcüstan-Türkiyə: üçtərəfli ittifaq və regional siyasətin gələcəyi" mövzusunda beynəlxalq konfrans işə başlayıb (FOTO)

Siyasət Materials 17 Fevral 2014 11:27 (UTC +04:00)
Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) təşkilatçılığı ilə “Azərbaycan-Gürcüstan-Türkiyə: üçtərəfli ittifaq və regional siyasətin gələcəyi” mövzusunda beynəlxalq konfrans keçirilir.
Bakıda "Azərbaycan-Gürcüstan-Türkiyə: üçtərəfli ittifaq və regional siyasətin gələcəyi" mövzusunda beynəlxalq konfrans işə başlayıb (FOTO)

Azərbaycan, Bakı, 17 fevral /Trend, müxbir İ.İzzət/

Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) təşkilatçılığı ilə "Azərbaycan-Gürcüstan-Türkiyə: üçtərəfli ittifaq və regional siyasətin gələcəyi" mövzusunda beynəlxalq konfrans keçirilir.

Trend xəbər verir ki, "Üçtərəfli strateji əməkdaşlıq və regional təhlükəsizliyin müasir vəziyyəti" mövzusundakı birinci paneldə çıxış edən SAM-ın direktoru Fərhad Məmmədov qeyd edib ki, Azərbaycan-Türkiyə-Gürcüstan münasibətlərinin çoxşaxəli olması dövlətlər arasında əlaqələrin inkişafında mühüm rol oynayır. Lakin rəsmi münasibətlərin fonunda ölkələrin strateji araşdırmalar mərkəzləri arasında münasibətləri daha zəif görünür: "Bu baxımdan bu konfrans bu əlaqələrin inkişafına təkan verəcək. Regionda sülh və təhlükəzilik inkişafı səciyyələndirən xüsusiyyətdir. Biz isə ictimai rəydə hər üç ölkə haqqında müsbət rəyin formalaşmasında öz töhfəmizi verə bilərik. Biz inkişaf baxışlarımızı sinxronlaşdıra bilmişik. Uzunmüddətli məqsədlərimiz də birdir. Biz regionda təhdid görmək istəmirik. Biz Azərbaycan olaraq regionun daxili inteqrativ funskiyasını artırmaq niyyətindəyik və digər regionlara inteqrasiyanı da dəstəkləyirik"

Tədbirdə üç strateji müttəfiq arasındakı münasibətlərin bu günü, regional siyasətin müəyyənləşdirilməsinə təsir imkanları, onlara qarşı yönəlmiş çağırışlara cavab vermə mexanizmi və münasibətlərin gələcəyi müzakirə olunub.

Qeyd edək ki, "Müdafiə sənayesi sahəsində əməkdaşlıq perspektivləri" mövzusundakı keçiriləcək xüsusi sessiyada Türkiyə Respublikasının Müdafiə Sənayesi Katibliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəhbəri Yakup Taşdelen və Gürcüstan Müdafiə Nazirliyinin "Delta" Hərbi-Elmi Texniki Mərkəzinin direktoru Uça Dzodzuaşvili məruzə edəcəklər.

" İqtisadi potensialın inkişafı: enerji, daşınma və investisiya layihələri" mövzusundakı ikinci panelin məruzəçiləri İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov, "Turkish Policy Quarterly" jurnalının baş redaktoru Nigar Göksel və Gürcüstan Universitetinin professoru Akaki Tsomaia olacaq.

"Üçtərəfli strateji əməkdaşlığın gələcəyi" mövzusundakı üçüncü paneldə isə SAM-ın baş elmi işçisi Cavid Vəliyev, Kadir Has Universitetinin professoru Mitat Çelikpala və Gürcüstan Strateji Araşdırmalar İnstitutunun prezidenti, Gürcüstanın sabiq xarici işlər və ədliyyə naziri Eka Tkeşelaşvili çıxış edəcəklər.

Qeyd edək ki, konfrans materialları əsasında konfransın məruzəsi hazırlanacaq və nəşr olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti