Azərbaycan, Bakı, 21 fevral /Trend/
Fevralın 20-dən Almaniyada səfərdə olan Azərbaycan Milli Məclisinin üzvü Azay Quliyev bu gün Almaniya Bundestaqında CDU/CSU fraksiyasının xarici siyasət məsələləri üzrə sözçüsü, Xarici Əlaqələr Komitəsinin üzvü, deputat Filip Misfelderlə görüşüb.
Trend-in məlumatına görə, görüşdə Azərbaycanın Almaniya Fedarativ Respublikasındakı fövqəladə və salahiyyətli səfiri Pərviz Şahbazov da iştirak edib.
Görüşdə A.Quliyev Azərbaycan-Almaniya, Azərbaycan-Avropa İttifaqı münasibətlərindən söz açaraq, Azərbaycanın Avropaya inteqrasiyası yolunda Almaniyanın göstərdiyi dəstəyə görə öz təşəkkürünü bildirib. Bununla yanaşı, görüşdə ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi yolları müzakirə olunub, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Almaniyanın daha aktiv iştirakına nail olunması barədə fikir mübadiləsi aparılıb.
F.Misfelder iki ölkənin parlamentlərinin əməkdaşlıq imkanlarından söhbət açıb, eləcə də ATƏT PA çərçivəsində Azərbaycanla əməkdaşlığın gücləndirilməsinə çalışacağını, həmçinin bu il Bakıda keçiriləcək ATƏT PA-nın illik sessiyasında yaxından iştirakı edəcəyini bildirib.
A.Quliyev bu gün Berlində Almaniyanın nüfuzlu Konrad-Adenauer Fondunun Avropa və Şimali Amerika bölməsinin rəhbəri Yens Paulus və Fondun Cənubi Qafqaz ölkələri üzrə kuratoru Yasper Aytse, həmçinin Almaniyanın Fredrix-Elbert Fondunun Cənubi Qafqaz üzrə koordinatoru Mixayıl Vayxert ilə görüşlər keçirib.
Görüşlərdə rəhbərlik etdiyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası barədə məlumat verən millət vəkili, təmsil etdiyi təşkilatın Almaniya fondları ilə əməkdaşlıqda maraqlı olduğunu, birgə layihələr həyata keçirmək imkanlarının mümkünlüyünü bildirib və gələcək əməkdaşlıq perspektivləri barədə müzakirələr aparıb. Bununla yanaşı, A.Qulyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqşəsinin hazırkı durumu barədə Fond təmsilçilərinə məlumat verib və münaqişənin həlli barədə fikir mübadiləsi aparıb.
Konrad-Adenauer Fondunun təmsilçisi Y.Paulus Azərbaycanın Cənubi Qafqazın ən önəmli ölkəsi olduğunu və təmsil etdiyi Fondun Azərbaycanda fəaliyyətinin genişlənməsində maraqlı olduqlarını dilə gətirib. Bununla yanaşı, Y.Paulus Azərbaycanın "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində proqrama daxil olan ölkələrin QHT-lərinin cəlb olunduğu birgə layihələrin həyata keçirilməsini və layihələrin Fond tərəfindən dəstəklənməsi imkanlarından bəhs edib.
Görüşdə Azərbaycanın Almaniyadakı səfirliyinin 2-ci katibi Nurçin Əliyev də iştirak edib.
Həmin gün Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin üzvü A.Quliyev Berlində Alman-Azərbaycan Forumunun sədri Hans-Eberhard Şleyer və Forumun icraçı direktoru Mixail-Andreas Butsla da görüşüb.
Görüşdə Azərbaycanla bağlı həyata keçirilmiş və gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan layihələr, habelə Forum və Şura arasında əməkdaşlıq imkanları müzakirə edilib. Tərəflər iki ölkə arasında iqtisadiyyat, təhsil, kənd təsərrüfatı sahələrində əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini qeyd edərək, bu sahələrdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən dəstəklənməsi imkanları barədə söhbət açıblar. Görüşdə, eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair konfransların, simpoziumların və seminarların təşkili istiqamətində əməkdaşlıq etmək barədə razılıq əldə olunub.