Azərbaycan, Bakı, 23 fevral /Trend/
Ukraynanın yeni daxili işlər naziri Arsen Avakov öz işinin nəticələri barədə hesabat verib, bildirib ki, ilk günündə aksiya iştirakçılarından saxlanılan 64 nəfərin azadlığa buraxılması barədə qərar qəbul edib. Trend RİA Novosti agentliyinə istinadən bu barədə nazirin Facebook səhifəsində bazar günü bildirilib.
"Son üç gün (64 nəfər) ərzində saxlanılan etiraz iştirakçılarının hamısının azad edilməsi barədə qərar qəbul edilib", - məlumatda deyilir.
Bundan başqa, Avakov bildirib ki, Daxili İşlər Nazirliyinin əvvəlki kollegiyasını buraxaraq yenisini təyin edib.
Nazir qeyd edib ki, Kiyevin küçələrində asayişin təmin olunması mövzusunda radikalların nümayəndələri və UTX rəhbərliyi ilə müşavirə keçirib.