...

"Azərsun Sənaye Parkı"nda yaradılmış Sumqayıt yağ fabriki istifadəyə verilib (FOTO)

Siyasət Materials 25 Fevral 2014 17:01 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 25-də “Azərsun Sənaye Parkı”nın nəzdində yaradılan Sumqayıt yağ fabrikinin açılışında iştirak etmişdir.
"Azərsun Sənaye Parkı"nda yaradılmış Sumqayıt yağ fabriki istifadəyə verilib (FOTO)

Azərbaycan, Bakı, 25 fevral /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 25-də "Azərsun Sənaye Parkı"nın nəzdində yaradılan Sumqayıt yağ fabrikinin açılışında iştirak etmişdir.

Prezident İlham Əliyev tərəfindən həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası nəticəsində ölkəmiz sürətlə tərəqqi edir. Son illərdə iqtisadiyyatın qeyri-neft sektorunun davamlı inkişafına nail olunmuşdur. Buna imkan yaradan əsas amillərdən biri özəl sektorun inkişafının diqqət mərkəzində saxlanılmasıdır. Təsadüfi deyildir ki, dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən biri məhz özəl sektorun hərtərəfli dəstəklənməsi, onun daha da genişlənməsi üçün əlverişli mühitin yaradılması, bu sahədə müxtəlif yardım və təşviq mexanizmlərinin tətbiq edilməsidir. Bütün bunlar dünyada maliyyə və iqtisadi böhranın davam etdiyi bir dövrdə Azərbaycan iqtisadiyyatının dinamik inkişaf etməsinə geniş imkanlar açmışdır.

Azərbaycan Prezidentinin tapşırıqlarına uyğun olaraq iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı istiqamətində mühüm addımlar atılmışdır. Bu sahəyə yönəldilən investisiyalar keyfiyyətli yerli məhsullar istehsalının genişləndirilməsinə hərtərəfli təkan verir. "Azərsun Sənaye Parkı"nın nəzdində Sumqayıt yağ fabrikinin yaradılması da məhz rəqabətədavamlı və müasir standartlara cavab verən qida sənayesinin inkişafına mühüm töhfə hesab oluna bilər. Belə layihələrin reallaşması ölkəmizin ərzaq təhlükəsizliyin təmin edilməsi ilə əlaqədar dövlətimizin başçısının verdiyi tapşırıqların icrasının uğurlu və davamlı xarakter daşıdığını nümayiş etdirir.

Fabrikin foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin "Azersun Holding" MMC-nin müəssisələrində olduqları zaman çəkilmiş fotoları nümayiş etdirilir.

Dövlətimizin başçısı müəssisəni işə saldı.

Prezident İlham Əliyevə fabrikin fəaliyyəti və istehsal prosesi barədə məlumat verildi.

Müasir texnologiyalarla təchiz edilən fabrik dövlətin ayırdığı güzəştli kredit və "Azersun Holding" MMC-nin vəsaiti hesabına inşa olunmuşdur. Xam yağ qəbulu, rafinləşdirmə bölmələri, marqarin paketləmə, duru yağ qablaşdırma, şokolad istehsalı, əridilmiş yağın qablaşdırılması və metal qablaşdırma sahələrindən ibarət müəssisədə 5 istehsal xətti quraşdırılmışdır. İstehsal sahələri böyük təcrübəyə malik şirkətlərin müasir avadanlığı ilə təchiz edilmişdir. Müəssisənin xammal bazası əsasən İspaniya, Portuqaliya, Ukrayna, Argentina və Braziliyadan idxal olunan xam bitki yağları hesabına formalaşır.

Fabrikdə xam yağın kənar maddələrdən təmizlənməsi üçün rafinləşdirmə bölməsi yaradılmışdır. Saflaşdırılma üsulları əsas prosesin getdiyi meхanizmə uyğun olaraq fiziki, kimyəvi və fiziki-kimyəvi üsullarla aparılır. Fabrikdə illik 270 min ton yağ məmulatı, o cümlədən qarğıdalı, günəbaxan, marqarin yağları və əridilmiş yağlar, şokolad yağları və mayonezlər istehsal olunacaqdır. Müasir texnologiyaların və avadanlığın hesabına burada istehsal edilən məhsullar ekoloji cəhətdən təmiz olmaqla yanaşı, rəqabətədavamlılığı ilə seçilir. Məhsulların Gürcüstan, İraq, Tacikistan, Qazaxıstan, Türkmənistan və digər ölkələrə ixrac edilməsi də nəzərdə tutulmuşdur. İxracın davamlılığını təmin etmək məqsədilə ABŞ, Qırğızıstan və Özbəkistanda marketinq tədqiqatları aparılacaqdır. Fabrikdə 250 yeni iş yeri yaradılmışdır. Gələcəkdə iş yerlərinin sayının 700-ə çatdırılması nəzərdə tutulur.

Bu müəssisənin işə düşməsi bir daha sübut edir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə yerli xammalla işləyən, ixrac qabiliyyətli məhsullar istehsal edən müasir sənaye komplekslərinin yaradılması, ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində kompleks tədbirlər uğurla davam etdirilir.

Müəssisə ilə tanışlıqdan sonra dövlətimizin başçısı kollektivlə görüşdü.

Prezident İlham Əliyev görüşdə çıxış etdi.

Müəssisənin əməkdaşları Şərbət Mirzəyev və Fəxrəddin Kərimbəyli dövlətimizin başçısına minnətdarlıqlarını çatdırdılar.

Sonda xatirə şəkli çəkdirildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti