...

Nizami Cəfərov: Qondarma "erməni soyqırımı" tarixi baxımdan araşdırılmamışdan qabaq siyasiləşdirilib

Siyasət Materials 11 Aprel 2014 15:43 (UTC +04:00)
Qondarma "erməni soyqırımı" tarixi baxımdan araşdırılmamışdan qabaq siyasiləşdirilib. Bu barədə Trend-ə Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Nizami Cəfərov ABŞ Senatı komitəsinin qondarma "erməni soyqırımı"nın tanınması haqqında qətnamə qəbul etməsinə münasibət bildirərkən deyib.
Nizami Cəfərov: Qondarma "erməni soyqırımı" tarixi baxımdan araşdırılmamışdan qabaq siyasiləşdirilib

Azərbaycan, Bakı, 11 aprel /Trend, müxbir E.Mehdiyev/

Qondarma "erməni soyqırımı" tarixi baxımdan araşdırılmamışdan qabaq siyasiləşdirilib. Bu barədə Trend-ə Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Nizami Cəfərov ABŞ Senatı komitəsinin qondarma "erməni soyqırımı"nın tanınması haqqında qətnamə qəbul etməsinə münasibət bildirərkən deyib.

N.Cəfərov qeyd edib ki, bu məsələ istər parlament səviyyəsində, istərsə də digər siyasi səviyyələrdə dünyada çox müzakirə olunub: "Ən böyük təhlükə də budur ki, bu məsələ tarixi bir məsələdir və hələ də sübut olunmamış bir məsələdir, amma tarixi baxımdan araşdırılmamışdan qabaq siyasiləşdirilib. Təbii ki, bu da həqiqətin ortaya çıxarılması ilə bağlı deyil, əksinə, həqiqətin daha da qaranlıqlaşdırılması ilə bağlıdır. Əgər bu bir həqiqət olsaydı, maraqlı tərəflər bunun elmi şəkildə təhlilinə daha çox cəlb olunardı. Amma bəri başdan siyasiləşdirilir və bu da çoxlu şübhələr yaradır".

O bildirib ki, əgər bu bir həqiqətdirsə, təhlil olunsun, araşdırılsın, arxivlər açılsın: "Haradakı arxivlər açılır, orada onun əleyhinə kampaniya başlayır. Misal üçün, bununla bağlı Türkiyə arxivləri açmaq məsələsini ortaya atan kimi dərhal onun əleyhinə kampaniya başladı, hətta çox böyük bir türk tarixçisini beynəlxalq səviyyədə mühakimə etməyə başladılar. Çünki ermənilər arxivlərin açılacağı tədqirdə onların yalanlarının üzə çıxacağını yaxşı bilirlər".

N.Cəfərov hesab edir ki, bu məsələ sona qədər gedə biləcək bir iş deyil, çünki hər halda dünyanın həqiqəti də var, dünyanın həqiqəti bilməyi də var, digər tərəfdən Azərbaycanın, Türkiyənin, ümumilikdə türk dünyasının apardığı bir mübarizə də var.

Millət vəkilinin fikrincə, böyük işlər görmək lazımdır ki, bu böyük tarixi yalanın qarşısı alınsın: "Burada bütün üsullardan istifadə etmək lazımdır ki, həqiqət ortaya çıxsın. Daha doğrusu, həqiqət ortadadır, sadəcə onun siyasi oyun olduğunu, ermənilərin nə qədər boşboğaz olduqlarını dünyanın diqqətinə çatdırmaq üçün böyük işlər görmək lazımdır".

N.Cəfərov əlavə edib ki, son 10 ildə bununla bağlı xeyli material toplanıb: "Burada bir fakt ortaya çıxıb ki, həmin dövürdə Osmanlı ordusunda 10-dan artıq erməni mənşəli general olub. Yəni necə ola bilər ki, bir tərəfdən Osmanlı ordusunda bu qədər erməni mənşəli general var, həm də eyni zamanda ermənilərə qarşı dövlət səviyyəsində genosid həyata keçirilir? Bu mümkün olan məsələ deyil. Əgər ordu erməniləri general kimi qəbul edirsə, burada genosid ola bilməzdi. Yəni bu məsələdə bu cür ziddiyətli məqamlar çoxdur".

Qeyd edək ki, sözügedən qətnamə ABŞ Senatının Xarici əlaqələr komitəsinin sədri demokrat Robert Menendes və respublikaçı senator Mark Kirk tərəfindən təqdim edilib.

Xatrıladaq ki, Ermənistan hər il aprelin 24-də qondarma "erməni soyqırımı"nı qeyd edir. Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı İmperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri qondarma "soyqırım"ı tanıyıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti