...

Hakim partiya: Türkiyədə "erməni soyqırımı" olmayıb

Siyasət Materials 24 Aprel 2014 12:22 (UTC +04:00)
1915-ci ildə Türkiyədə heç bir "erməni soyqırımı" olmayıb. Trend-in məlumatına görə, bunu cümə axşamı hakim Ədalət və İnkişaf Partiyası (AKP) rəhbərinin müavini Mehmet Əli Şahin "TRT Haber" telekanalına müsahibəsində bildirib.
Hakim partiya: Türkiyədə "erməni soyqırımı" olmayıb

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir R.Hafizoğlu/

1915-ci ildə Türkiyədə heç bir "erməni soyqırımı" olmayıb. Trend-in məlumatına görə, bunu cümə axşamı hakim Ədalət və İnkişaf Partiyası (AKP) rəhbərinin müavini Mehmet Əli Şahin "TRT Haber" telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, 1915-ci il hadisələrində Türkiyədə təkcə ermənilər deyil, ərəblər, kürdlər, eləcə də türklər də həlak olublar.

M.Ə.Şahin qeyd edib: "1915-ci ildə ermənilərin dövlətə qarşı üsyan etdiklərini və onların dinc əhaliyə qarşı xarici qəsbkarlarla birləşdiklərini sübut edən çoxlu sayda faktlar var. 1915-ci ildə yerli əhali özlərini ermənilərdən qorumağa məcbur olub".

Dünən Türkiyə Nazirlər Kabineti 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb.

Sülh mesajında tarixdə baş vermiş hadisələrin əsiri olmamağın və ortaq gələcəyin qurulması üçün zəmin yaratmağın vacibliyi bildirilib.

Mesajda 1915-ci il hadisələrinin sadəcə ermənilər üçün deyil, eyni zamanda, ölkədə yaşayan ərəblər, kürdlər və digər etnik millətlər üçün ağır bir dövr olduğu bildirilir: "Lakin 1915-ci il hadisələrindən siyasi təzyiq aləti kimi Türkiyə əleyhinə istifadə edilməsi qeyri-mümkündür. 1915 ci il hadisələri hamımızın ortaq acısıdır".

Yayımlanan mesajda o da qeyd olunur ki, Türkiyə 1915-ci il hadisələrinin araşdırılması üçün ortaq tarixi komissiyanın yaradılmasını dəstəkləyir və 1915-ci il hadisələrində ölən vətəndaşların, o cümlədən ermənilərin ailə üzvlərinə Türkiyə adından başsağlığı verilir.

Qeyd edək ki, Ermənistan hər il aprelin 24-də qondarma "erməni soyqırımı"nı qeyd edir. Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı İmperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri qondarma "soyqırım"ı tanıyıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti