...

İlham Əliyev Tbilisidə Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub

Siyasət Materials 6 May 2014 10:21 (UTC +04:00)
Prezident İlham Əliyev Gürcüstana işgüzar səfəri çərçivəsində Tbilisidə Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub.
İlham Əliyev Tbilisidə Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub

Gürcüstan, Tbilisi, 6 may /Trend, müxbir S.Əliyev/

Prezident İlham Əliyev Gürcüstana işgüzar səfəri çərçivəsində Tbilisidə Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub.

Trend xəbər verir ki, Mirzə Fətəli Axundov (1812-1878) 1834-cü ildə Tiflisə gəlmiş, Qafqaz canişininin baş dəftərxanasında mülki işlər sahəsində Şərq dilləri mütərcimi təyin olunmuş və ömrünün sonuna qədər bu vəzifədə çalışmışdır. Bina M.F.Axundovun öz vəsaiti hesabına inşa edilmişdir.

1982-ci ildə Gürcüstanın azərbaycanlı ziyalılarının bu ölkənin rəhbərliyinə müraciəti əsasında binada muzey təsis edilib və M.F.Axundovun ev-muzeyi kimi fəaliyyət göstərib.

1996-cı ildə ulu öndər Heydər Əliyevin Gürcüstana rəsmi səfərindən sonra M.F.Axundovun ev-muzeyi təmir olunub, həmin vaxtdan M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Mərkəzi kimi fəaliyyət göstərib.

2007-ci ildə Gürcüstan Prezidentinin sərəncamına əsasən, ev-muzeyə M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi statusu verilib.

2013-cü ildə Azərbaycan Respublikasının vəsaiti hesabına muzeydə əsaslı təmir və yenidənqurma işləri həyata keçirilib. 2013-cü il may ayının 8-də keçirilmiş rəsmi açılış mərasimində Gürcüstanın Baş naziri, Baş nazirin birinci müavini, həmçinin nazirlər iştirak ediblər.

Hazırda muzeyin nəzdində mədəniyyət mərkəzi fəaliyyət göstərir. Mərkəzdə xalçaçılıq, musiqi, muğam, rəsm və dil kursları mövcuddur. Muzeyin əsas fəaliyyət istiqamətləri Azərbaycan mədəniyyətini, xalqımızın mədəni irsini Gürcüstanda qoruyub saxlamaq, təmsil və təbliğ etməkdir.

Muzey Gürcüstanda fəaliyyət göstərən müxtəlif muzeylərin fondlarından Azərbaycan mədəni irsinə aid milli dəyərlərimizi aşkarlayaraq tədqiq edir, onların sərgilərini keçirir. Muzeydə mədəni tədbirlər, görüşlər, konfranslar təşkil edilir.

Muzeyin nəzdində Mirzə Şəfi Vazehin 1820-1830-cu illərdə Gəncədə qurduğu "Divani-Hikmət" ədəbi məclisinin fəaliyyətini davam etdirən "Müdriklər Məclisi" təsis edilib və ədəbi dərnək kimi fəaliyyət göstərir.

Muzeyin ekspozisiya hissəsi altı zaldan ibarətdir.

Birinci zal - qədim və zəngin Azərbaycan mədəniyyətinə həsr olunub. Orada Azərbaycanın milli geyim nümunələri və xalq sənətinin müxtəlif sahələrinin - dulusçuluq, zərgərlik, xalçaçılıq, daş, ağac, sümük və dəri emalının nümunələri ilə tanış olmaq mümkündür. Zalda Azərbaycanın məşhur rəssam və bəstəkarlarının fotoşəkilləri və onlar haqqında qısa məlumatlar mövcuddur.

İkinci zal - M.F.Axundovun həyat və yaradıcılığını əks etdirir. Bu zalda onun 1812-ci ildə Nuxa (indiki Şəki) şəhərində anadan olduğu evin maketi, ailə üzvlərinin fotoşəkilləri və bəzi əlyazmalarının surətləri yerləşdirilib.

Üçüncü zal - M.F.Axundovun qonaq otağının surətidir. Həmin otağın interyeri arxiv materialları arasında aşkar edilmiş köhnə fotoşəkil əsasında bərpa edilib. Orada M.F.Axundov ilə sıx təmasda olmuş görkəmli insanların, şair və yazıçıların, о cümlədən Aleksandr Bestujev-Marlinski, Qriqol Orbeliani, Mixail Lermontov və s. şəkilləri təqdim olunub.

Dördüncü zal - şərti olaraq "musiqi" zalı adlandırıla bilər. Azərbaycan musiqisinə həsr olunmuş bu zalda məşhur müğənnilərin, eləcə də o dövrdə keçirilən konsertlərin afişalarının fotoşəkillərini görmək mümkündür. Orada Azərbaycanın bir neçə milli çalğı aləti - tar, kamança, saz, qaval nümayiş etdirilir.

Beşinci zal - M.F.Axundovun xatirə iş otağıdır. Orada onun şəxsi əşyaları, о cümlədən yazı masası, kitab dolabı, divar saatı və çıraq saxlanılır. Həmin otaqda M.F.Axundovun müxtəlif dillərdə nəşr edilmiş əsərlərinin üz qabıqlarının surətləri nümayiş etdirilir.

Altıncı zal - Azərbaycan və Gürcüstan dostluğuna həsr olunub. Orada Azərbaycan və Gürcüstan heykəltəraşlarının qarşılıqlı dostluq münasibətlərini əks etdirən əsərləri nümayiş olunur. Otaqda Tbilisi şəhərində ulu öndər Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkının, M.F.Axundovun adını daşıyan məktəb və kitabxananın, Bakı şəhərindəki Tbilisi prospektinin və "Dostluq abidəsi"nin fotoşəkilləri mövcuddur.

Muzeydə Tbilisi şəhərində yeganə olan azərbaycandilli kitabxana fəaliyyət göstərir. Həmçinin inzibati binada incəsənət qalereyası və "Monsieur Jordan" kafe-ədəbi kitabxanası yerləşir. Kafedə M.F.Axundovun mumdan hazırlanmış heykəli qoyulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti