Azərbaycan, Bakı, 31 may /Trend/
Azərbaycan deputatları Sahibə Qafarova və Rafael Hüseynov Avropa Şurası Parlament Assambleyası (AŞ PA) komitələrinin iclaslarında iştirak etmək üçün Fransanın paytaxtı Parisdə səfərdə olacaqlar.
Trend Milli Məclisin mətbuat xidmətinə istinadən məlumat verir ki, millət vəkili S.Qafarova qurumun iyunun 2-də keçiriləcək Gender bərabərliyi komitəsinin toplantısında iştirak edəcək. Tədbirdə ərəb inqilablarından sonra yaranan demokratiyalarda qadınların vəziyyəti, Avropada dini zəmində diskriminasiyanın aradan qaldırılması, qadınlara qarşı zorakılıqla mübarizə, fiziki çatışmazlığı olan insanların hüquqlarının təmin edilməsi məsələləri müzakirə olunacaq.
Deputat R.Hüseynov isə iyunun 4-də keçiriləcək Mədəniyyət, elm, təhsil və media komitəsinin iclasına qatılacaq, "Etiqad azadlığı və dini praktika" mövzusunda məruzə ilə çıxış edəcək.
Yığıncaqda, həmçinin mədəniyyətlərarası dialoqun təşviqi, qarışıq mədəniyyətlər dönəmində kitabxanalar və muzeylər, böhran və böhrandan sonrakı durumlarda mədəniyyətin mühafizəsi məsələləri ilə bağlı fikir mübadiləsi aparılacaq.