...

Azərbaycan və BƏƏ XİN-ləri arasında siyasi məsləhətləşmələr sentyabrda keçiriləcək

Siyasət Materials 17 İyun 2014 18:00 (UTC +04:00)
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Xarici İşlər nazirlikləri (XİN) arasında siyasi məsləhətləşmələr sentyabr ayında keçiriləcək.
Azərbaycan və BƏƏ XİN-ləri arasında siyasi məsləhətləşmələr sentyabrda keçiriləcək

Azərbaycan, Bakı, 17 iyun /Trend, müxbir Səbinə Əhmədova/

Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Xarici İşlər nazirlikləri (XİN) arasında siyasi məsləhətləşmələr sentyabr ayında keçiriləcək.

Azərbaycanın BƏƏ-dəki səfirliyindən Trend-ə verilən məlumata görə, bu barədə razılıq Azərbaycanın bu ölkədəki səfiri Elxan Qəhrəmanın yenicə təyin edilmiş BƏƏ xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Əhməd əl-Cərmanla keçirdiyi görüşündə əldə olunub.

İkitərəfli əlaqələrin xüsusilə iqtisadi sahədə yüksələn xətt üzrə inkişaf etdiyini deyən səfir bu əlaqələrin digər sahələrdə də inkişafı üçün geniş potensialın mövcud olduğunu qeyd edib.

Öz növbəsində, Ə.Cərman yeni vəzifəsində Azərbaycanla ikitərəfli əlaqələrin inkişafı üçün əlindən gələni edəcəyini vəd edib və ölkələrimiz arasında ticarət-iqtisadi əməkdaşlığın səviyyəsindən razılığını ifadə edib.

Sonra E.Qəhrəman Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BƏƏ-nin sabit mövqeyinin Azərbaycanda yüksək qiymətləndirildiyini qeyd edib, münaqişənin həlli ətrafında son durumla bağlı nazirə məlumat verib.

Bu kontekstdə səfir Ermənistanın əsas tutduğu xalqın öz müqəddəratını təyinetmə hüququna toxunaraq qeyd edib ki, bu xalq Azərbaycanın tarixi ərazilərində dövlət qurmaqla artıq öz müqəddəratını həll etmiş oldu. İkinci erməni dövlətinin təkrarən Azərbaycan ərazilərində yaradılması qətiyyən qəbuledilməzdir.

Görüşdə Azərbaycanın balanslı xarici siyasətindən, eləcə də TAP, TANAP qaz layihələrinin, xüsusən, Ukraynadakı hadisələr fonunda Avropa üçün əhəmiyyətindən danışılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti