Azərbaycan, Bakı, 16 sentyabr /Trend/
Avropa Şurasının səlahiyyətləri dekabrın əvvəlində başa çatan rəhbəri Herman van Rompey Belçikanın Luven Katolik Universitetində (UCL) dərs deyəcək. Trend məlumat verir ki, bu barədə RTBF teleradio şirkəti xəbər yayıb.
H.Rompey oktyabrın 6-dan universitetdə mühazirə oxumağa başlayacaq. İkinci semestrdən sonra isə onunla müqavilənin müddəti artırılacaq.
RTBF Avropa Təqdqiqatları İnstitutunun rəhbəri Vensan Düjardandan sitat gətirir: "Herman van Rompey dəvətli müəllim olacaq və öz biliklərini Avropa tədqiqatları sahəsində təhsil alan tələbələrlə (magistr proqramı üzrə) paylaşacaq".
Belçikanın sabiq Baş naziri artıq Antverpen və Brüssel universitetlərində 1980-ci ildən 2004-cü ilədək dərs deyib.
H.Rompey RTBF-yə deyib: "UCL 2010-cu ilin əvvəlində mənə fəxri elmlər doktoru dərəcəsi verən ilk universitetdir. Mən universitet rəhbərliyinə çox minnətdaram".
Teleradio şirkətinin məlumatına görə, Jan-Klod Yunkerin Avropa Komissiyasının rəhbəri postunda əvəz edəcəyi Joze Manuel Barrozu da UCL-də müəllim ola bilər.