Azərbaycan, Bakı, 9 oktyabr /Trend/
ABŞ-ın nüfuzlu "Vaşinqton Həyatı" (Washington Life) ictimai jurnalının oktyabr sayında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın fəaliyyətindən bəhs edən məqalə dərc olunub.
Trend-in Heydər Əliyev Fondunun saytına istinadən verdiyi məlumata görə,məqalədə Mehriban xanım Əliyevanın qadın hüququ, dinlərarası dialoq və tolerantlığın təşviqi sahəsində fəaliyyəti xüsusi qeyd edilib.
Məqalədə, həmçinin Vaşinqtonda fəaliyyət göstərən Müsəlman Qadınları Assosiasiyasının üzvlərinin müsahibələri yer alıb. Müsahibələrdə müsəlman ölkələrinin ABŞ-dakı səfirlərinin həyat yoldaşları adıçəkilən Assosiasiyanın fəaliyyəti barədə, eyni zamanda, müsəlman ölkələrində qadın hüququ və tolerantlıqla bağlı fikirlərini bölüşüblər.
Azərbaycanın ABŞ-dakı səfirinin həyat yoldaşı Lalə Əbdürəhimova müsahibəsində qadın hüququnun, dinlərarası dialoq və tolerantlığın təşviqi sahəsində Azərbaycanın birinci xanımı, Mehriban Əliyevanın dünyada nümunəvi şəxs olduğunu bildirib.
Daha sonra müsəlman cəmiyyətlərində qadınların rolunun artırılması baxımından Assosiasiyanın çox mühüm işlər gördüyünü, 1918-ci ilin may ayında qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin dinindən, dilindən, cinsindən asılı olmayaraq bütün vətəndaşlarına seçki hüququ verən ilk müsəlman ölkəsi olduğunu vurğulayıb.
Azərbaycanın ABŞ-dan daha əvvəl qadınlara seçki hüququ verdiyi də məqalədə əksini tapıb.