Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbir Elçin Mehdiyev/
"Dairə seçki komissiyaları nəzdindəki ekspert qrupları insan hüquqlarının qorunması istiqamətində bir addımdır, öz səlahiyyətləri daxilində məsul bir qurumdur. Hüquq-mühafizə orqanları ilə müqayisə aparsaq, ekspert qrupları istintaq-təhqiqat aparan qurumlar qədər əhəmiyyətlidir". Trend-in məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının sədr müavini Natiq Məmmədov Seçkilərlə bağlı müraciətlərin DSK nəzdindəki ekspert qrupu üzvləri tərəfindən araşdırılmasına həsr edilmiş seminar-müşavirədə deyib.
N.Məmmədov qeyd edib ki, bəzən seçki hüquqları ilə bağlı yanlış rəylər ortaya çıxır: "Hər hansı bir şikayətin və ya müraciətin daxil olması hələ seçki hüququnun pozulması demək deyil. Ona görə də daxil olan hər bir şikayət və ya müraciət ətraflı araşdırılmalıdır".
Onun sözlərinə görə, seçki pozuntuları son nəticədə Avropa İnsan Hüquqları Məhkəməsinin predmeti olur.
Sədr müavini bələdiyyə seçkilərinin mühüm əhəmiyyət daşıdığını söyləyib. Seminar-müşavirənin Konstitusiya Gününə təsadüf etdiyini bildirən N.Məmmədov deyib ki, Konstitusiyanın üçdə bir hissəsi insan hüquqlarına həsr edilib: "Biz insan hüquqlarının qorunmasında öhdəlik daşıyan insanlarıq. Ona görə də vətəndaşlardan, ictimai birliklərdən hansı münasibəti gözləyiriksə, biz də qarşılıqlı olaraq onlara elə münasibət bəsləməliyik. Bu prosesdə seçki komissiyalarının rolu mühümdür".
MSK sədrinin müavini qeyd edib ki, Azərbaycanda artıq qanuni əsaslarla fəaliyyət göstərən, təcrübəli seçki komissiyaları sistemi formalaşıb.
Azərbaycanda 5 milyon nəfərdən çox seçici olduğunu nəzərə çatdıran N.Məmmdəov bildirib ki, Azərbaycan bu gün seçicilərinin siyahısını internetdə yerləşdirən ölkələr sırasındadır. Onun sözlərinə görə, seçki komissiyaları 5 milyondan çox seçicinin hüquqlarının qorunmasına məsuldur.
N.Məmmədov deyib ki, bu gün seçki prosesinə siyasi partiyalar, siyasi bloklar da qoşulur: "Biz onların hüquqlarını və münasibətlərdəki rolumuzu bilməliyik. Seçki komissiyalarında seçki hüquqlarının pozulmaması, pozulmuş hüquqların bərpasında maraqlıyıq. Ona görə də seçki hüququnun mübahisələndirilməsi mövzusu ətrafında fikir mübadiləsi aparacağıq. Bəzən cəmiyyətdə düzgün olmayan fikirlər yaranır. Hadisələrə hər kəs öz prizmasından baxır və müxtəlif nəticələrə gələ bilər. Ona görə də seçki prosesində mübahisələndirmə mümkündür. Bizim xoşlamadığımız şikayət anlayışı var, ancaq hər bir halda şikayət insanların hüquqlarının qorunması, pozulmuş hüquqların aradan qaldırılması üçün təbii qəbul edilməlidir. Şikayət arxivə atılmaq üçün deyil, hər bir şikayət mütləq araşdırılmalıdır".