...

Məzhər Bağlı: Azərbaycana qarşı ikili standartlar əsla qəbuledilməzdir (MÜSAHİBƏ)

Siyasət Materials 5 Yanvar 2015 16:04 (UTC +04:00)
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İdarə Heyətinin üzvü Prof. Dr. Məzhər Bağlının Trend-ə eksklüziv müsahibəsi
Məzhər Bağlı: Azərbaycana qarşı ikili standartlar əsla qəbuledilməzdir (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 5 yanvar /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İdarə Heyətinin üzvü Prof. Dr. Məzhər Bağlının Trend-ə eksklüziv müsahibəsi

- Türkiyə hər zaman Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyini dəstəkləyib. Təəssüflər olsun ki, münaqişənin həlli üzrə hələ də ikili standartlar tətbiq edilir. Sizcə, Dağlıq Qarabağ probleminin həllində hansı prinsiplərə üstünlük verilməlidir və münaqişənin hələ də uzanmasının başlıca səbəbi nədir?

- Bildiyiniz kimi, Dağlıq Qarabağ hüquqi əsaslarla Azərbaycan ərazisidir. Sovet İttifaqının dağılmasından sonra yaranan siyasi boşluqdan faydalanan ermənilər bu torpaqları işğal etməyə başladılar və hamımızın şahid olduğu qətliamlar yaşandı. Ermənilər burada xüsusilə də dinc insanlara qarşı qətliamlar törətdilər. Burada məqsəd Dağlıq Qarabağda erməni əhalinin say baxımından çox olması ilə bu torpaqların sahibi olmağa iddia etmək idi.

Ermənilərin azərbaycanlılara qarşı törətdiyi qətliamların iki səbəbi vardı. Birincisi, yerli əhalinin sayını azaltmaq və onları öz yürdlarından köçməyə məcbur etmək idi. Ermənilər bu hədəflərinə çatmaq üçün hər vasitəyə al atdılar.

O zaman yaşanan ağrı-acıları hamımız ürəyimizdə yaşayırıq. Lakin təəssüflər olsun ki, beynəlxalq ictimaiyyət Azərbaycanın yaşadığı bu problemə biganə yanaşır. Bu isə əsla qəbuledilməzdir.

Türkiyə azərbaycanlı qardaşlarımızın yaşadığı ağrı-acıları paylaşmaqla kifayətlənmədi və kifayətlənə də bilməz. Türkiyə Azərbaycanı haqlı mövqeyində, mübarizəsində dəstəkləyib və bundan sonra da Dağlıq Qarabağ məsələsində Azərbaycanın yanında olmağa davam edəcək.

Türkiyə hesab edir ki, Dağlıq Qarabağ probleminin həlli Azərbaycanın haqlı tələblərinin beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilməsi nəticəsində mümkündür. Bunun üçün həm siyasi, həm də diplomatik səylər ciddi şəkildə davam etdirilir.

- Erməni lobbisi və Ermənistan adəti üzrə hər il 1915-ci il hadisələri ilə əlaqədar Türkiyə əleyhinə kampaniya aparır. 2015-ci ildə qondarma "erməni soyqırımı"nın 100 illiyinin qeyd olunacağını nəzərə alsaq, Türkiyə buna qarşı hansı addımları atacaq? Bakı və Ankara qondarma "soyqırım"a qarşı nə kimi ortaq addımlar atmalıdır?

- Erməni məsələsi Türkiyənin ən önəmli problemlərindən biridir. Bu problemin həlli üçün Türkiyənin əsas siyasəti tarixçilərdən ibarət komissiyanın təşkil olunmasından, sağlam tarixi faktlar və sənədlərə əsasən, iddiaların araşdırılmasından ibarətdir.

Bildiyiniz kimi, Türkiyə ermənilərin iddialarının araşdırılması üçün bütün tarixi arxivlərini açdı. Tərəflərin bir-birini əsassız iddialarla ittiham etməsi problemin həlli əvəzinə, onu daha da dərinləşdirir. Həmin dövrdə yaşanan ağrı-acılı günlərə görə düşmənçilik etmək regionda sülhə və sabitliyə zərər verir.

Türkiyə dövləti keçmişdə yaşanan ağrı-acılı günlərin olduğunu bilir və bunları dilə gətirməkdən əsla narahatlıq keçirmir. Buna baxmayaraq, Türkiyə haqsız bir şəkildə ittiham edilməyi də qəbul etmir. Düzünü desəm, mən Türkiyənin dost və qohum xalqlarla qurduğu diplomatik əlaqələrin güclənməsi nəticəsində ermənilərin qondarma "soyqırım" iddialarının gələcəkdə bir mənasının və əhəmiyyətinin olmayacağını düşünürəm.

Türkiyənin güclü bir ölkə olması bu kimi iddialara cavab verməsini daha da asanlaşdıracaq. Buna görə də Azərbaycan və digər türkdilli ölkələrlə əlaqələrimizin daha da güclənməsinin vacib olduğunu düşünürəm.

- Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfəri tərəflər arasında iqtisadi əlaqələrin daha da inkişafına təkan verdi. Ölkələr arasında iqtisadi əlaqələrin dərinləşməsi bölgəyə necə təsir edə bilər?

- Əslində, Rusiya ilə Türkiyə arasında tarixi siyasi əlaqələr mövcuddur. Prezident Putin Türkiyənin sahib olduğu siyasi gücün və sabitliyin fərqindədir və məhz buna görə də bir çox sahədə birgə fəaliyyət göstərmək istədiklərini bəyan etdi.

Bu gün "yeni dünya" və "yeni Türkiyə" əslində "yeni Rusiya" deməkdir. Hazırda bölgədə ciddi problemlər var. Hər iki ölkə regional problemlərin həlli üçün birgə fəaliyyət göstərə bilər və RF Prezidenti də öz çıxışında bunu vurğuladı.

Digər tərəfdən isə Türkiyə əslində körpü ölkədir. Həm şərqlə, həm də qərblə ciddi iş birliyi və strateji ortaqlığı olan yeganə ölkədir.

Təbii ki, Rusiya bu faktı görür və buna görə də Türkiyəyə ciddi əhəmiyyət verir.

- Türkiyə Avropa İttifaqına tamhüquqlu üzv olmaq üçün islahatlar aparsa da, ölkənin Aİ-yə üzvlüyü hələ də təxirə salınır. Sizcə, Türkiyənin Aİ-nin üzvlüyünə qəbul edilməməsinin başlıca səbəbi nədir və Ankara müzakirələrin uzanacağı təqdirdə Aİ-yə alternativ axtaracaqmı?

- Türkiyə Aİ-yə üzvlüyü daha çox ölkənin demokratikləşməsi üçün istəyir. Ankara Aİ ilə münasibətlərinin təməlini insan haqları və demokratiya üzərində qurub. Avropa İttifaqı isə bu günə qədər Türkiyə ilə münasibətlərini hansı prinsip üzərində qurduğunu dəqiqləşdirməyib. Əsl problem də elə budur.

Bildiyiniz kimi, Türkiyə Aİ-yə üzvlük üçün əsas prinsiplər olan Kopenhagen siyasi və Maastrixt iqtisadi meyarlarını həyata keçirib və tamhüquqlu üzvlük üçün digər müzakirə fəsilləri açıb. Ancaq təəssüflər olsun ki, Aİ hələ də primitiv bəhanələrlə Türkiyənin başını qatmağa çalışır.

Aİ-nin Türkiyəyə qarşı bu cür münasibəti ölkənin quruma üzvlük üçün davam etdirdiyi səylərə təsir edir. Türkiyə Aİ meyarlarını öz vətəndaşlarının yaşayış səviyyəsinin yüksəldilməsi üçün hədəf kimi görür və üzvlük olsa da, olmasa da islahatların faydalı olacağı düşüncəsindədir.

Əgər Aİ-yə tam üzvlük prosesi yaxın bir-iki il də uzanarsa, təbii ki, Ankara alternativ axtarmaq məcburiyyətində qalacaq.

- Qərbdə və ABŞ-da bəzi siyasi liderlər Türkiyəni İraq və Suriyaya terrorçu qrupların keçməsi üçün dəhliz yaratmaqda ittiham edirlər. Türkiyəyə qarşı bu ittihamların başlıca səbəbi nədir?

- Türkiyə qırx ildir ki, terrorizmlə mübarizə aparan bir ölkədir. Terrorun nə demək olduğunu bəlkə də dünyada ən yaxşı bilən bir ölkədir. Şiddətin hansı nəticələrə səbəb olduğunu görmüşük. Digər tərəfdən, terrorun qlobal bir problem olduğunu dünyaya anlatmağa çalışan da Türkiyədir. Bütün bunlara baxmayaraq, Türkiyə terrorizmə qarşı mübarizə apararkən hər zaman tək olub.

Terror və fəsadlarının nə olduğunu hamıdan yaxşı bilən bir ölkənin terrorizmi dəstəkləməsi mümkündürmü? Təbii ki, yox. Lakin Türkiyənin bəzi terrorçu qrupları dəstəklədiyi iddia edilir. Türkiyəyə qarşı belə iddialarla ilk dəfə PKK terror təşkilatı, onların tərəfdarları, Türkiyədə fəaliyyət göstərən Qərb mediası, daha sonra isə Fətullah Gülən qruplaşması çıxış etdi.

Türkiyəyə yönələn bu ittihamların hamısı yalan olmaqla yanaşı, ölkənin güclənməsinə qarşı və etibarının sarsıdılması üçün həyata keçirilən xüsusi planın bir hissəsidir. Terrordan əziyyət çəkən bir ölkənin terrorizmi dəstəkləməsi əsla mümkün deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti