...

Prezident İlham Əliyev: Dağlıq Qarabağ münaqişəsi regional olsa da, təsiri daha irimiqyaslıdır (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 22 Yanvar 2015 18:30 (UTC +04:00)
Azərbaycan 20 ildən artıqdır ki, erməni işğalından əziyyət çəkir və danışıqlar prosesi nəticəsiz qalır.
Prezident İlham Əliyev: Dağlıq Qarabağ münaqişəsi regional olsa da, təsiri daha irimiqyaslıdır (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 17:54-də yayılıb)

Azərbaycan, Bakı, 22 yanvar /Trend/

Azərbaycan 20 ildən artıqdır ki, erməni işğalından əziyyət çəkir və danışıqlar prosesi nəticəsiz qalır. Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev Davosda keçirilən Dünya İqtisadi Forumunda bəyan edib.

Prezidentin sözlərinə görə, postsovet məkanındakı, eləcə də ümumilikdə bütün dünyadakı münaqişələrə vahid yanaşma olmalıdır, eyni beynəlxalq hüquqi normalar tətbiq edilməlidir.

Dövlət başçısı qeyd edib ki, hansısa münaqişə həll olunmadıqda və həlli yubanan münaqişəyə çevrildikdə, başqa münaqişə doğurur.

İlham Əliyev postsovet dövründə baş verənlərdən məyusluğunu bildirib. Prezidentin sözlərinə əsasən, hazırda gərginlik təkcə Yaxın Şərqdə müşahidə edilmir: "Sonuncu dəfə burada olduğum müddətdən bu yana çox şey dəyişib. Təsəvvür edə bilməyəcəyimiz yeni təhdidlər yaranıb. Onlar artıq regional deyil, qlobaldır. Qeyri-sabitlikdən doğan və ola bilsin ki, yerli və ya regional sayılan məsələlərin vaxtında həll edilməməsinə görə Avropada dəhşətli hücumların şahidi oluruq".

Dövlət başçısı qeyd edib ki, Ermənistan və Azərbaycan arasında münaqişənin regional olmasına baxmayaraq, onun təsiri coğrafi və metodoloji baxımından daha irimiqyaslıdır: "Əgər bu münaqişə barədə danışılmasa və o, beynəlxalq hüquq normaları əsasında həll edilməsə, belə yanaşmanın dünyanın digər yerlərində də tətbiq ediləcəyinə hazır olmaq lazımdır. Beynəlxalq hüququn müxtəlif ölkələr tərəfindən öz maraqları üçün şərh edilməməsi də vacibdir. Onlar yazıldığı kimi şərh olunmalıdır: BMT-nin Nizamnaməsində, ATƏT-in və digər beynəlxalq təşkilatların sənədlərində beynəlxalq hüquq prinsiplərinin prioritetləri barədə dəqiq anlayışlar mövcuddur. Onların hamısına əməl olunmalıdır və bu halda ikili standartlardan yaxa qurtara biləcəyik. Və bu da vacibdir ki, regionumuzda yeni münaqişələrin yaranması risklərindən xilas olacağıq və ya bu riskləri azaldacağıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti