...

YAP Xətai rayon təşkilatı Gənclər Birliyinin VI hesabat-seçki konfransı keçirildi (FOTO)

Siyasət Materials 4 Mart 2015 17:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 mart /Trend/

Martın 4-də Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatı Gənclər Birliyinin VI hesabat-seçki konfransı keçirildi. Tədbir iştirakçıları öncə ulu öndər Heydər Əliyevin adını daşıyan parka gələrək abidəsi önünə qızıl gül dəstələri düzdülər.

Sonra YAP Xətai rayon təşkilatının qərargahında davam edən tədbiri dövlət himninin səsləndirilməsindən sonra giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov bu gün ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan, nəinki ölkənin, regionun aparıcı siyasi qüvvəsinə çevrilən Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan, sıralarının kəmiyyət və keyfiyyət baxımından zənginləşməsindən geniş bəhs etdi. Bildirdi ki, hazırda partiyanın üzvlərinin 40 faizini gənclər təşkil edir. Bu fakt gənclərin Heydər Əliyev ideyalarına sədaqətinin, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin gələcəyinə inamının göstəricisidir. Gənclər partiyada öz potensial imkanlarını ortaya qoymaq üçün geniş meydan görürlər.

H.Mirələmov konfransın işinə uğurlar dilədi, yeni seçiləcək heyətə müvəffəqiyyətlər arzuladı.

Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov partiyanın günbəgün artan nüfuzundan danışdı. Bildirdi ki, yarandığı gündən partiya seçdiyi yola sadiq olmuş, dövlətə, xalqa xidməti fəaliyyətinin əsas istiqaməti kimi qəbul edib. Dahi şəxsiyyət Heydər Əliyevin "Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır" tezisi partiyanın dünəninə, bu gününə və gələcəyinə bələdçilik edir, yeni-yeni vəzifələr qarşıya qoyur. Bu gün Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək istəyimizin reallığa çevrilməsi üçün Yeni Azərbaycan Partiyasının hər üzvü üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirməyə çalışır, birlik, həmrəylik fonunda bu istəyə nail olacağımıza əminliklərini ifadə edirlər.

R.Məmmədov çıxışında ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin Azərbaycana qazandırdığı uğurlardan geniş bəhs etdi. Bildirdi ki, son 11 ildə bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan daha da qüdrətli, zəngin dövlətə çevrilib. Paytaxt və bölgələrdə quruculuq, abadlıq işləri geniş vüsət alıb. Ölkə əhalisi inkişafı, tərəqqini böyük ruh yüksəkliyi ilə qarşılayırlar.

Bildirildi ki, dövlətin siyasətinin əsas istiqamətlərdən biri də gənclərə diqqət və qayğıdır. Bu siyasətin də təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın müstəqil gələcəyini düşünən dahi şəxsiyyət Heydər Əliyev gəncləri keçmiş ittifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərirdi. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra gənclər siyasəti dövlətin həyata keçirdiyi siyasətin əsas istiqamətinə çevrildi. Ümummilli lider Heydər Əliyev bildirirdi ki, gənclər Azərbaycanın gələcəyidir. Əgər ümummilli lider Heydər Əliyev hakimiyyətinin birinci dövründə daha çox gənclərin bir kadr kimi yetişməsinə çalışırdısa, müstəqil Azərbaycana rəhbərliyi dövründə artıq onları dövlətin idarə edilməsində aparıcı qüvvə kimi görürdü. Onu da xüsusi vurğulayırdı ki, Azərbaycan gəncləri sağlam düşüncəli, vətənpərvər gənclərdir. Gənclərə göstərilən bu etimad, diqqət və qayğı onların daha səylə çalışmalarına, müstəqil Azərbaycanın dünəni, bu günü və gələcəyi naminə sıx birləşməyə stimul verirdi. Bu fakt da inkaredilməzdir ki, Azərbaycan dövlətinin gənclər siyasətinin formalaşmasında və gənc nəslin geniş fəaliyyət meydanına çıxarılmasında ulu öndərin təşəbbüsü və iştirakı ilə keçirilən ölkə gənclərinin I Forumunun xüsusi rolu oldu. 1996-cı il fevralın 2-də keçirilən bu forum ulu öndər Heydər Əliyevin gəncliklə bağlı strategiyasının ilk təntənəsi kimi dəyərləndirildi. 1997-ci ildə ümummilli lider Heydər Əliyevin sərəncamı əsasında I Forumun keçirildiyi tarix - 2 fevral Azərbaycanda Gənclər Günü kimi elan edildi.

O da bildirildi ki, 1992-ci ilin noyabrında tarixi zərurətdən yaranan, bu gün nəinki ölkənin, regionun aparıcı siyasi təşkilatına çevrilən Yeni Azərbaycan Partiyasının sıralarında da gənclərin böyük çoxluq təşkil etməsi Heydər Əliyevin onlara diqqət və qayğısından qaynaqlanır. Ulu öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasının sıralarında gənclərin daha da çoxluq təşkil etməsinin vacibliyini bildirməklə, bu istiqamətdə tövsiyələrini irəli sürmüşdür. YAP-ın II qurultayında çıxışı zamanı ümummilli lider bildirmişdir ki, gərək partiyada gənclərin sayı daha çox olsun. Çünki gənclər bu partiyada birləşməlidir. Həmin çıxışında bir məqam da xüsusi vurğulanmışdır ki, bugünün gənclərinin Azərbaycanın müstəqillik yolunun nə qədər ağır dövr keçməsindən xəbəri yoxdur. Onlara həmin dövrün reallıqlarının olduğu kimi çatdırılması vacib şərtdir.

Partiyanın gələcəyinə böyük inamla yanaşan ulu öndər Heydər Əliyevin qurultayda səsləndirdiyi bu fikir konfransda bir daha diqqətə çatdırıldı: "Həm indi partiyamızda üzv olan, həm də gələcəkdə üzv olacaq gənclərin hamısı bizim gələcək nəsillərimizdir. Onlar Naxçıvanda əsası qoyulan işlərin davamçıları və 1993-cü ildən hakimiyyətdə olan partiyamızın həyata keçirdiyi işin davamçıları olmalıdırlar. Hesab edirəm ki, biz elə nəsil tərbiyə etməliyik ki, onlar nəinki bizim dövrümüzdə, hətta bizdən sonra da Azərbaycanı fəlakətdən qorusunlar. Onlar düzgün, doğru yolla, milli hisslər yolu ilə getməli və partiyamıza sadiq olmalıdırlar." Bugünümüzün reallıqlarına nəzər salmaqla ulu öndər Heydər Əliyevin həmin dövrdə proqram xarakterli çıxışında əksini tapan bütün vəzifələrin uğurla həyata keçirildiyinin şahidi olarıq. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Bu gün YAP-ın 650 mindən artıq üzvünün 40 faizini gənclər təşkil etməsini şərtləndirən amillər sırasında diqqət və qayğının günbəgün artması xüsusi rol oynayır.

O da qeyd edildi ki, hazırda sıralarında 17 mindən artıq üzvü birləşdirən YAP Xətai rayon təşkilatının üzvlərinin 4 minə yaxını gənclərdir.

YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxışında dahi şəxsiyyət Heydər Əliyevin "Yeni Azərbaycan Partiyasına xidmət dövlətə, xalqa xidmət deməkdir" tezisini xüsusi olaraq önə çəkdi. Bildirdi ki, bu gün partiyanın hər bir üzvü belə qüdrətə, nüfuza malik olan siyasi təşkilatda təmsil olunmaqdan qürur duyur. Partiyanın sıralarının günbəgün kəmiyyət və keyfiyyət baxımından zənginləşməsi də sabahına olan inamdan irəli gəlir.

V.Rəhimzadə Azərbaycanın 24 ilə yaxın müstəqillik tarixində qazandığı uğurlara diqqəti yönəldərək bu inamı əminliklə bildirdi ki, ölkəmizi qarşıdakı illərdə daha böyük uğurlar gözləyir. Hər dövrün çağırışlarını yüksək səviyyədə yerinə yetirən Azərbaycan dünyanın 10 islahatçı, xoşbəxt ölkəsi sırasında təmsil olunur. Bu uğurlara öz töhfəsini verən Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin rəhbərliyi altında daha da möhkəmlənir, inkişaf edir.

V.Rəhimzadə çıxışında diqqəti bir daha dövlətimizin gənclərə diqqət və qayğısına yönəltdi. Bildirdi ki, Gənclər Gününün təsis edilməsi onlara diqqət və qayğının hansı səviyyədə olduğuna aydınlıq gətirir. Gənclərin siyasi fəallığının artırılması, asudə vaxtlarının səmərəli təşkili, beynəlxalq əlaqələrin genişlənməsi Yeni Azərbaycan Partiyasının fəaliyyətində əsas yer tutduğundan əhəmiyyətli layihələrin gerçəkləşdirilməsi istiqamətində mühüm addımlar atır.

V.Rəhimzadə bir daha gənclərə uğurlar dilədi, Azərbaycanın daha da qüdrətlənməsi, çiçəklənməsi yolunda dövlətin atdığı addımlara öz töhfələrini verməyə çağırdı. Azərbaycan gəncliyi onlara yaradılan şəraitdən səmərəli istifadə etməli, öz bilik və bacarıqlarını artırmalı, Azərbaycanın gələcəyi naminə səylər göstərməlidirlər.

Sonra YAP Xətai rayon təşkilatı Gənclər Birliyinin sədri Sərxan Əliyev ötən dövr ərzində təşkilatın gördüyü işlər barədə ətraflı məlumat verdi. Qeyd etdi ki, ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyası böyük gücə, nüfuza malik partiyadır. Heç bir siyasi qüvvə onunla rəqabət aparmaq imkanında deyil.

S.Əliyev YAP-ın ölkəmizdə keçirilən seçki proseslərindəki uğurlarından, partiya sıralarında birləşən gənclərin ictimai-siyasi fəallığının artırılmasından geniş bəhs etdi. Bildirdi ki, YAP-ın yaradılmasının 23 ilə yaxın dövrünün ən başlıca mənası partiyanın qarşıya qoyduğu amalların reallaşmasının nəticəsi kimi bu gün gerçəkliyə çevrilmiş Azərbaycandır. YAP öz üzərinə götürdüyü amalları, insanların ona bağladığı ümidləri doğruldaraq Azərbaycan vətəndaşlarının ulu öndər Heydər Əliyevdən və onun yaratdığı partiyadan gözlədikləri nə varsa, hər birini həyata keçirib. Gənclər belə bir partiyada təmsil olunmaqdan qürur duyur, gələcəyə böyük inamla addımlayırlar.

Gənclərdən Aliyə Ağrılıyeva, Allahverdi Məmmədov, Könül Əfəndiyeva və Yalçın Əliyev gənclərə diqqət və qayğıdan razılıqlarını ifadə edərək, göstərilən etimadı doğrultmaq üçün daha da səylə çalışmağın vacibliyini bildirirlər. Məruzəçilər YAP Xətai rayon təşkilatı Gənclər Birliyinin ötən dövr ərzində gördüyü işləri qənaətbəxş hesab etdilər.

Sonra gündəliyə uyğun olaraq təşkilati məsələlərə baxıldı. Sərxan Əliyev YAP Xətai rayon təşkilatı Gənclər Birliyinin sədri, Aliyə Ağrılıyeva, Kənan Rzayev, Nuranə Şıxəliyeva və Yalçın Əliyev sədr müavinləri seçildi. 33 nəfərdən ibarət Şuranın, 17 nəfərdən ibarət İdarə Heyətinin tərkibi təsdiqləndi. Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin IV konfransına 8 nəfər nümayəndə seçildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti