Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir Elçin Mehdiyev/
Ukraynaya rəhbərlik etmiş Leonid Kravçuk, Leonid Kuçma və Viktor Yuşenko aprelin sonunda Azərbaycana gələcək.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, səfərin məqsədi Komitənin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak etməkdir.
"Yeni dünya düzənində etimadın yaradılması" mövzusuna həsr olunan Forumda sabiq prezidentlərin Ukraynadakı vəziyyətə dair çıxışları nəzərdə tutulub. Tədbirdə nüfuzlu siyasi liderlər dünyanı narahat edən məsələlər - etnik və digər zəmində baş verən münaqişələr, terror təhdidləri, demokratiyanın inkişafı, təhsil, ekologiya və bir sıra qlobal problemləri geniş müzakirə edəcək, onların həlli yollarının tapılması istiqamətində fikir mübadiləsi aparacaqlar.
Qeyd edək ki, 1991-ci ildən 2010-cu ilədək Ukraynaya rəhbərlik etmiş L.Kravçuk, L.Kuçma və V.Yuşenko Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvüdür.
Xatırladaq ki, aprelin 28-30-da Bakıda keçiriləcək III Qlobal Açıq Cəmiyyətlər Forumunda BMT-nin keçmiş Baş katibi Butros Butros Qali, ABŞ-ın sabiq Dövlət katibi Henri Kissencer kimi nüfuzlu siyasətçilər, həmçinin Qırğızıstan Prezidenti Almazbek Atambayev, Makedoniya Prezidenti George İvanov, Bolqarıstan Prezidenti Roşen Plevneliyev, Andorranın Baş naziri Antoni Marti və bir sıra ölkələrin eks-prezidentləri, sabiq hökumət rəhbərləri iştirak edəcək.