Azərbaycan, Bakı, 15 aprel /Trend/
Azərbaycan və Türkiyənin Macarıstandakı səfirliklərinin birgə təşəbbüsü ilə Macarıstan ictimaiyyətini dünya miqyasında "100 illiyi" geniş təbliğ olunan saxta "erməni soyqırımı" haqqında obyektiv məlumatlandırmaq məqsədilə Budapeşt şəhərindəki Yunus Əmrə Türk Mədəniyyəti İnstitutunda "Gizlin həqiqətlər: 1915-1918-ci illərdə Anadolu və Cənubi Qafqazda erməni məsələsi" adlı konfrans keçirilib.
Azərbaycan səfirliyindən Trend-ə verilən məlumata görə, konfransa moderatorluq edən Macarıstan parlamentinin deputatı Tamaş Hegedüş indiyə qədər bir sıra dünya ölkələrində qondarma "erməni soyqırımı" məsələsinin birtərəfli şəkildə, daha çox erməni mövqeyindən araşdırıldığını bildirərək fərqli baxışın aşkara çıxarılmasının və dünya miqyasında geniş yayılmasının zəruriliyini vurğulayıb.
Türkiyənin və Azərbaycanın Macarıstandakı səfirləri Şakir Fakılı və Vilayət Quliyev konfrans iştirakçılarına müraciətlə iki qardaş ölkədə bu gün də gündəmdən düşməyən "erməni məsələsi"nin həqiqi mahiyyəti və onun törətdiyi fəsadlar haqqında məlumat veriblər.
Ankaradakı Bilkənt Universitetinin professoru Ceremi Mill Saltın məruzəsində "Daşnaksütyun" partiyasının rəhbərliyi altında erməni silahlı birləşmələrinin Anadoluda, Azərbaycan MEA Tarix İnstitutunun elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Nigar Gözəlovanın məruzəsində isə Azərbaycanda törətdikləri soyqırımı aktları barədə fakt və slaydların köməyi ilə geniş məlumat verilib. Azərbaycanlı məruzəçi daşnakların bolşevikərlə əməkdaşlığı şəraitində 1918-ci ilin martında Bakıda, Qubada, Şamaxıda ermənilər tərəfindən milli zəmində törədilən dəhşətli cinayətlər haqqında daha ətraflı məlumat verib. Məruzəçilər konfrans iştirakçılarının suallarını da cavablandırıblar.
Konfrans cərçivəsində Budapeştdəki Azərbaycan səfirliyinin Dağlıq Qarabağ münaqişəsi və Azərbaycandakı erməni terrorunun faciəli səhifələri haqqında çap etdiyi kitab və broşürlərin sərgisi də təşkil olunub.
Konfransın işində Macarıstan parlamentinin keçmiş sədri Katalin Haza, millət vəkilləri, müxtəlif ölkələrin Budapeştdə akkreditə olunan diplomatları, alimlər, jurnalistlər, türk və Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.