...

Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün ən mühüm qaz tədarükçülərindən biri olacaq

Siyasət Materials 4 May 2015 15:43 (UTC +04:00)
İri beynəlxalq enerji şirkətlərinin investisiyalarının Azərbaycana cəlb olunması ölkənin inkişaf etməsi üçün bir vasitə idi.
Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün ən mühüm qaz tədarükçülərindən biri olacaq

Azərbaycan, Bakı, 4 may /Trend/

İri beynəlxalq enerji şirkətlərinin investisiyalarının Azərbaycana cəlb olunması ölkənin inkişaf etməsi üçün bir vasitə idi. Trend-in məlumatına əsasən, bunu Azərbaycan Prezidenti İlham Əliyev Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 48-ci illik toplantısının açılış mərasimində çıxışı zamanı deyib.

Prezident bildirib ki, Azərbaycanın məqsədi özünü təmin edə bilən iqtisadiyyatın yaradılması olub və bunun üçün göz qabağında olan əsas sahə enerji sektoru idi: "Bu sektor investorlarımızın diqqətini daha çox cəlb edirdi".

Dövlət başçısı qeyd edib ki, Azərbaycan 1994-cü ildə enerji strategiyasını reallaşdırmağa başladı və nəticədə Azərbaycan hökuməti, ölkənin qonşuları və əcnəbi şirkətlər arasında aktiv və geniş əməkdaşlıq yarandı: "Bizim nəhəng qaz ehtiyatlarımız var idi, bu ehtiyatları dünya bazarına nəql etmək üçün bizə investisiyalar və imkanlar lazım idi. Okeana çıxışımız yoxdur və biz boru kəmərləri tikməyə məcbur olduq".

İlham Əliyev əlavə edib ki, Azərbaycanın enerji strategiyası sayəsində ilk dəfə olaraq neft kəmərləri Xəzər dənizini Qara və Aralıq dənizləri ilə birləşdirdi: "Bu, regionun enerji xəritəsinin dəyişməsində ilk addım idi".

Prezident deyib ki, investisiyaların neft-qaz sektoruna cəlb edilməsi yerli şirkətlərə müqavilələr və təcrübə əldə etməyə imkan verdi: "Bu gün biz bilirik ki, enerji təhlükəsizliyi hər şeydən əvvəl təbii qaz ehtiyatlarına əsaslanıb. Bu baxımdan regionda Azərbaycanın rolu çox mühümdür. Biz hazırda regionun və Avropanın təqribən 10 ölkəsini birləşdirən "Cənub Qaz Dəhlizi"nin tikintisi təşəbbüsü ilə çıxış etdik və onun tikintisi artıq başlayıb".

Ölkə başçısı bildirib ki, hazırda dünyanın müxtəlif yerlərindəki istehlakçılara Azərbaycan qazı lazımdır: "Biz 3-4 il ərzində "Cənub Qaz Dəhlizi" layihəsini başa çatdırdıqdan sonra Azərbaycan regionda və Avropadakı istehlakçılar üçün qarşıdakı bir çox onilliklər, ola bilsin, hətta 100 il ərzində ən mühüm tədarükçülərdən biri olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti