...

Prezident İlham Əliyev və xanımı paytaxtda təşkil olunmuş Gül bayramında iştirak ediblər (FOTO)

Siyasət Materials 10 May 2015 12:10 (UTC +04:00)
Azərbaycan xalqının Ümummilli Lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Heydər Əliyev Sarayının qarşısındakı parkda və sarayın arxasındakı Şəhər Mərkəzi Parkında Gül bayramı təşkil olunub.
Prezident İlham Əliyev və xanımı paytaxtda təşkil olunmuş Gül bayramında iştirak ediblər (FOTO)

Azərbaycan, Bakı, 10 may /Trend/

Mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Heydər Əliyev Sarayının qarşısındakı parkda və Şəhər Mərkəzi Parkında Gül bayramı təşkil olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Gül bayramında iştirak ediblər.

Paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının sevimli istirahət yeri olan Heydər Əliyev Sarayının qarşısındakı park və Şəhər Mərkəzi Parkı bu gün öz görkəmini tam dəyişib, möcüzəli gül bağına çevrilib.

Hər il təşkil olunan Gül bayramı bu il də ənənəvi təntənəsini yaşadı. Ərazi güllərdən ibarət maraqlı kompozisiyalarla bəzədildi. Bakı Şəhər İcra Hakimiyyətinin təşkil etdiyi bu bayramda çiçək, yarpaq və bitkilərdən hazırlanan rəngarəng kompozisiyalar görünüşü və ifadəliyi ilə seçilir, gözəlliyin hədsiz imkanlarını nümayiş etdirir, hər kəsdə xoş ovqat yaradır. Müstəqil dövlətimizin qurucusu, xalqımızın dahi oğlu, ulu öndər Heydər Əliyevin parkda ucalan əzəmətli abidəsi diqqəti daha çox çəkir. Abidənin postamenti güllərlə bəzədilib.

Təxminən bir aydan sonra Bakının ev sahibliyi edəcəyi ilk Avropa Oyunlarına həsr olunan guşələr xüsusi maraq doğurur. Beynəlxalq ictimai rəydə ölkəmizin davamlı imicinin formalaşdırılması üçün önəmli amil olan "Bakı-2015" Avropa Oyunları dünyanın müxtəlif yerlərindən Azərbaycana səfər edənlərə Vətənimiz, xalqımızın mədəniyyəti, mövcud multikultural mühit ilə daha yaxından tanış olmaq imkanı yaradacaq. Birinci Avropa Oyunları Azərbaycanın mötəbər beynəlxalq tədbirlərin təşkilatçısı kimi mövqelərini daha da möhkəmləndirəcək, bu sahədə dövlətimizin və xalqımızın yüksək potensiala sahib olduğunu bir daha ortaya qoyacaq.

Parkda rəngbərəng güllərdən hörülən, yazın gəlişinə həsr olunan kompozisiyalar nümayiş etdirilir. Fəvvarələr də güllərlə əhatə olunub. Minlərlə güldən-çiçəkdən əlvan libas geymiş bu məkanda heç nə bir-birini təkrarlamır. Elə buraya toplaşan uşaqlar da güllər kimi saf və ətirlidir. Onların gülləri xatırladan müxtəlif libasları bayram ovqatını daha da artırır.

Əzəmətli kompozisiyalardan biri də Heydər Əliyev Sarayının qarşısında qurulub. Heydər Əliyev Mərkəzinin maketi üzərində yaradılan bu kompozisiyanı Ulu Öndərin portreti bəzəyir.

Dövlətimizin başçısı, xanımı və ailə üzvləri parka toplaşan uşaqlarla səmimi söhbət etdilər, xatirə şəkilləri çəkdirdilər.

Parkda müxtəlif dibçək və kəsilmə güllərindən, qurudulmuş gül və bitki kollarından, göz oxşayan eksponatlardan ibarət sadə və eyni zamanda, orijinal üslublu kompozisiyalar qurulub. Hər tərəf baharın xoş ovqatına bürünüb. Zəriflik nümunəsi olan çiçəklərin orijinal təqdimatı bayrama gələnlərin zövqünü oxşayır.

Artıq ölkəmizdə ənənə halı alan Gül bayramı dünyanın nadir gözəlliklərini təcəssüm etdirməklə ulu öndər Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi, Ümummilli Liderin doğum gününün bu cür möhtəşəm formada qeyd olunması ilə yadda qalır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti