Azərbaycan, Bakı, 22 may /Trend/
İsrailin Akko şəhərinin meri Doktor Şimon Lankri Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.
Başsağlığında deyilir: "Hörmətli cənab Prezident, Azərbaycanın paytaxtı Bakıda yaşayış binasında yanğın nəticəsində baş vermiş faciə ilə əlaqədar Sizə dərin hüznlə başsağlığı verirəm.
Bu hadisə zamanı çoxlu sayda insanın dəhşətli alovun qurbanına çevrildiyi, nəticədə 15 nəfərin, o cümlədən uşaqların həlak olduğu, onlarca adamın isə ağır xəsarət aldığı faciə barədə xəbər məni dərindən sarsıtdı.
Həlak olanların ailələrinin, bütün Azərbaycan xalqının kədərinə İsrail Dövləti və xalqı adından şərik olduğumuzu bildirir, yaralılara tezliklə sağalmağı arzu edirik. Azərbaycan xalqı üçün bu kədərli və ağır məqamda Sizə və xalqınıza İsrail Dövləti, xalqı, Akko şəhərinin meriyası və çoxsaylı azərbaycanlı icması adından, habelə öz ailəm adından dərin hüznlə başsağlığı verir, həlak olanların ailələrinin və yaxınlarının dərdinə şərik olduğumuzu bildirirəm.
Bir neçə ay bundan əvvəl başçılıq etdiyim İsrail nümayəndə heyəti ilə birlikdə Azərbaycanda səfərdə olmuşam. Gözəl Azərbaycan xalqının mehribanlığını, qonaqpərvərliyini və tolerantlığını hiss etmişəm. Buna görə də bu dəhşətli faciəni şəxsi kədərim və itkim kimi qəbul etdim. Bu ağır günlərdə biz Azərbaycan xalqı ilə birlikdə kədərlənirik.
Bu gün İsrail Dövləti və Akko şəhərinin meriyası Azərbaycan və Azərbaycan xalqı ilə bir yerdədir.
Azərbaycan, başın sağ olsun. Allah həlak olanlara rəhmət eləsin!"