...

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının Qazaxıstanda keçirilən iclasında iştirak edib (FOTO) (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 16 Oktyabr 2015 16:29 (UTC +04:00)
MDB Dövlət Başçıları Şurasının iclası sənədlərin imzalanması ilə yekunlaşdı.
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının Qazaxıstanda keçirilən iclasında iştirak edib (FOTO) (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 11:20-də yayılıb)

Azərbaycan, Bakı, 16 oktyabr /Trend/

Oktyabrın 16-da Qazaxıstan Respublikasının Akmola vilayətinin Burabay qəsəbəsində Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının növbəti iclası keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı. Dövlət başçıları xatirə şəkli çəkdirdilər.

Sonra Prezident Nursultan Nazarbayev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Qazaxıstana gələn digər dövlət başçılarını qarşıladı.

Prezidentlər birgə foto çəkdirdilər.

Əvvəlcə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirildi.

İclası açan Qazaxıstan Prezidenti Nursultan Nazarbayev qonaqları salamladı. Prezident N.Nazarbayev Aleksandr Lukaşenkonu yenidən Belarus Prezidenti seçilməsi, həmçinin Qırğızıstan xalqını və Prezidentini həmin ölkədə parlament seçkilərinin uğurla keçməsi münasibətilə təbrik etdi.

Bugünkü iclasın Qazaxıstanın sədrliyi ilə keçdiyini bildirən Prezident N.Nazarbayev qeyd etdi ki, ölkəsi qurum çərçivəsində dövlətlərarası əməkdaşlığın inkişaf etdirilməsinə çalışır. Nursultan Nazarbayev MDB-nin postsovet məkanında 11 ölkənin əməkdaşlığı üçün gözəl meydan olduğunu diqqətə çatdırdı, bu çərçivədə müxtəlif məsələləri müzakirə etmək üçün əlverişli imkan yaratdığını vurğuladı. "Əminəm ki, bugünkü tədbir MDB-nin inkişafına öz töhfəsini verəcək, ölkələr arasında əməkdaşlığın daha da dərinləşməsinə kömək edəcək", - deyən Qazaxıstan Prezidenti iclasın gündəliyinə 17 məsələnin daxil olduğunu, tədbirin böyük bir hissəsinin təhlükəsizliyin və qanun-qaydaların təmin olunmasına həsr edildiyini söylədi. Qeyd etdi ki, bundan başqa, beynəlxalq sazişlər paketini imzalamaq, proqram sənədlərini təsdiq etmək, BMT-nin yaradılmasının 70 illiyi ilə əlaqədar beynəlxalq terrorizmlə mübarizəyə dair dövlət başçılarının bəyanatını qəbul etmək planlaşdırılır. Təqdim olunan sənədlərin praktik əhəmiyyət kəsb etdiyini deyən Nursultan Nazarbayev onu da bildirdi ki, bu sənədlərin qəbulu və həyata keçirilməsi əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə olacaq.

Azərbaycan Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış etdi. Tədbirin yüksək səviyyədə təşkilinə görə Qazaxıstan Prezidenti Nursultan Nazarbayevə minnətdarlığını bildirən dövlətimizin başçısı iclasın nəticələrinin əməkdaşlığa töhfə verəcəyini dedi. Prezident İlham Əliyev Belarusda prezident seçkiləri, Qırğızıstanda isə parlament seçkilərinin uğurla keçirilməsi münasibətilə Belarus Prezidenti Aleksandr Lukaşenkonu və Qırğızıstan Prezidenti Almazbek Atambayevi təbrik etdi.

X X X

Sonra iclas işini geniş tərkibdə davam etdirdi.

Geniş tərkibdə iclasın əvvəlində Belarus Prezidenti Aleksandr Lukaşenko MDB çərçivəsində xalqların və dövlətlərin dostluğuna verdiyi töhfəyə görə Qazaxıstan Prezidenti Nursultan Nazarbayevə "Xalqlar Dostluğu" ordenini təqdim etdi.

Məhdud tərkibli görüşdə MDB-nin gələcək inkişafı ilə bağlı cari məsələlərin müzakirə edildiyini deyən Nursultan Nazarbayev bildirdi ki, son vaxtlar dünyanın qlobal dəyişikliklərə məruz qaldığı zamanda MDB də həmin şəraitə uyğun fəaliyyət göstərməlidir. Buna görə, bugünkü iclasda müzakirə olunan məsələlərdən biri təhlükəsizlik sahəsində beynəlxalq vəziyyətdir.

Qazaxıstan Prezidenti BMT-nin razılığı ilə ümumdünya terrorizmə qarşı mübarizə şəbəkəsinin yaradılmasının vacibliyini bildirdi, bu sahədə MDB-nin antiterror mərkəzinin potensialından maksimum yararlanmağın zəruriliyini qeyd etdi. O vurğuladı ki, bu gün MDB dövlət başçılarının beynəlxalq terrorizmə qarşı BMT-nin yaradılmasının 70 illiyi münasibətilə qəbul etdiyi bəyanat olduqca əhəmiyyətlidir.

MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev bildirdi ki, məhdud tərkibli iclasda toplantının gündəliyi və reqlamenti təsdiqlənib, iki mühüm bəyanat - BMT-nin yaradılmasının 70 illiyi və beynəlxalq terrorizmlə mübarizə ilə əlaqədar MDB dövlət başçılarının bəyanatları qəbul edilib. Həmçinin MDB dövlət başçıları Şurasının növbəti iclasının 2016-cı il sentyabrın 16-da Qırğızıstanda keçirilməsi qərara alınıb.

Sonra Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın 30 illiyi ilə bağlı dövlət başçılarının müraciəti müzakirə olundu. Belarusun fövqəladə hallar naziri Vladimir Vaşenkonun məlumatından sonra qəzanın 30 illiyi ilə əlaqədar MDB ölkələrinin birgə müraciətinin dünya ictimaiyyətinə çatdırılması təklif edildi və bununla bağlı qərar qəbul olundu.

Daha sonra iclasda MDB-yə üzv ölkələrin Təhlükəsizlik və Xüsusi Xidmət Orqanları Şurası və Hava Hücumundan Müdafiə Koordinasiya Komitəsinin rəhbərlərinin namizədliyi təsdiqləndi.

MDB Dövlət Başçıları Şurasının iclası sənədlərin imzalanması ilə yekunlaşdı.

X X X

Sonra Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin adından MDB dövlət başçılarının şərəfinə verilən işçi səhər yeməyində iştirak edib.

X X X

Oktyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana işgüzar səfəri başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti