...

Tacikistanda 20 Yanvar faciəsinin ildönümünə həsr edilmiş tədbir keçirilib (FOTO)

Siyasət Materials 19 Yanvar 2016 20:07 (UTC +04:00)

Bakı. Trend:

Yanvar 18-də Azərbaycanın Tacikistandakı səfirliyində 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr edilmiş tədbir keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, 20 Yanvar hadisələrində həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə 20 yanvar hadisələri ilə əlaqədar rus və ingilis dillərində sənədli filmlər nümayiş etdirildi.

Səfir Abbasəli Həsənov tədbirə qatıldıqlarına görə iştirakçılara təşəkkürünü bildirərək, 20 Yanvar hadisələrində həlak olanlar və yaralananlar, digər təfərrüatlar barədə toplantı iştirakçılarına ətraflı məlumat verdi. A.Həsənov çıxışında Azərbaycanın sovet hakimiyyəti illərində məruz qaldığı faciələrdən danışdı və 20 yanvar hadisələrinin mahiyyətini açıqladı. Səfir qeyd etdi ki, bu hadisələrin əsas təşkilatçısı və günahkarı SSRİ-nin o zamankı rəhbəri Mixail Qorbaçov olub. Siyasi analitiklər hesab edirlər ki, 20 Yanvar hadisələri SSRİ-nin dağılmasını sürətləndirən əsas hadisələrdən biri oldu. 1988-ci ildə Əfqanıstandan geri çəkilməklə sovet ordusu beynəlxalq nüfuzunu itirmişdisə, dövlətin öz xalqına qarşı həyata keçirdiyi planlaşdırılmış terror aktı olan 20 Yanvar hadisələri ilə bu ordu öz xalqı qarşısında nüfuz və etibarını itirdi.

A.Həsənov bildirdi ki, 1988-ci ildə satqın M.Qorbaçovun qarşısında Dağlıq Qarabağın Ermənistana verilməsi kimi böyük bir plan var idi. M.Qorbaçov ermənilərdən çox qiymətli rüşvət almışdı. Bunun üçün ilk növbədə Heydər Əliyev SSRİ rəhbərliyindən uzaqlaşdırılmışdı. 1987-1988-ci illərdə Ermənistan SSR-də yaşayan azərbaycanlılar öz doğma torpaqlarından qovuldular. Ermənistan SSR 1989-cu il dekabrın 1-də Dağlıq Qarabağın Azərbaycandan ayrılaraq Ermənistana birləşdirilməsi haqqında qərar qəbul etmişdi. Kremlin bu siyasəti Azərbaycan xalqının hiddətinə səbəb olmuşdu. İnsanlar hakimiyyətin siyasətinə etirazlarını bildirirdilər. Lakin mərkəzi hakimiyyət dövlətin siyasətinə qarşı çıxan erməniləri cəzalandırmaq əvəzinə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarını Bakı şəhərinə yeridərək xalqın azadlıq əzmini sındırmaq üçün dinc əhaliyə divan tutdu. Məqsəd "böyük plan"ın həyata keçirilməsi və Dağlıq Qarabağn ermənilərə verilməsinə şərait yaratmaq idi. Göstərdiyi "xidmətlər" müqabilində M.Qorbaçov "Nobel" sülh mükafatına layiq görüldü.

20 Yanvar hadisələrinə tam dolğun hüquqi-siyasi qiymət 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verildi və 1994-cü ildə istintaq qrupu yaradılaraq günahkarlar müəyyən olundu. Heydər Əliyev bu hadisələrə ilk etiraz səsini ucaldanlardan biri olmuşdu. 1990-cı ildə ona göstərilən təzyiqlərə baxmayaraq, Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək öz etiraz səsini ucaltmışdı.

Səfir qeyd etdi ki, hər bir xalqın taleyində xoş və faciəli günlər olur. Xoş hadisələr xalqı sevindirir, ilhamlandırır və yeni böyük işlər həyata keçirmək üçün ruh yüksəkliyi yaradır. Lakin faciəvi hadisələrdən millət nəticə çıxarmalı və onun bir daha təkrarlanmasına yol verilməməlidir. Belə faciələrin təkrar olunmaması üçün əsas şərtlərdən biri güclü dövlətin yaradılmasıdır. Azərbaycan xalqı bu istiqamətdə öz düzgün qərarını 1993-cü ildə ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə dəvət edəndə vermişdi. Ümummilli lider siyasi hakimiyyətə qayıdışından sonra müstəqil, güclü Azərbaycan dövlətinin inkişaf strategiyasının əsasını işləyib hazırladı və böyük məharətlə həyata keçirdi. Bu gün həmin güclü Azərbaycan dövlətinin başında onun layiqli davamçısı İlham Əliyev durur və bu strategiyanı böyük cəsarət və müdrikliklə davam etdirir.

Tədbirdə Tacikistanda akkreditə olunan diplomatik nümayəndəliklərin rəhbərləri və əməkdaşları, Tacikistanın Ali Məclisinin deputatları, XİN-in Azərbaycan üzrə kuratoru, ictimaiyyət və mədəniyyət nümayəndələri, Tacikistanda müvəqqəti yaşayan azərbaycanlı iş adamları, yerli KİV nümayəndələri iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti