...

Georgi Marqvelaşvili: Gürcüstan və Azərbaycan tərəfdaşlığı bir çox digər dövlətlərin gələcəyini müəyyənləşdirir (MÜSAHİBƏ)(FOTO)

Siyasət Materials 11 Mart 2016 13:32 (UTC +04:00)
Gürcüstan və Azərbaycan arasında münasibətləri bir sözlə ifadə etsək, qüsursuzdur.
Georgi Marqvelaşvili: Gürcüstan və Azərbaycan tərəfdaşlığı bir çox digər dövlətlərin gələcəyini müəyyənləşdirir (MÜSAHİBƏ)(FOTO)

Bakı. Vaqif Şərifov. Anaxanım Hidayətova - Trend:

Gürcüstan və Azərbaycan arasında münasibətləri bir sözlə ifadə etsək, qüsursuzdur. Bunu Trend-ə müsahibəsində Gürcüstan Prezidenti Georgi Marqvelaşvili deyib.

Gürcüstan-Azərbaycan münasibətlərinin prioritetləri

Georgi Marqvelaşvili deyib ki, Gürcüstan və Azərbaycanın uzun müddətə dayanan strateji tərəfdaşlıq münasibətləri var.

Prezident bildirib: "Bakıda olmaqdan və dinamik, sürətlə inkişafı görməkdən, eləcə də növbəti dəfə azərbaycanlı dostları və xüsusilə mənim yaxşı dostum Prezident İlham Əliyevi görməkdən çox şadam".

Onun sözlərinə görə, Gürcüstan və Azərbaycan tərəfdaşlığı təkcə iki ölkənin deyil, həm də bir çox digər dövlətlərin gələcəyini müəyyənləşdirir.

Gürcüstan Prezidenti qeyd edib ki, Gürcüstan-Azərbaycan tərəfdaşlığı Avropa və Asiya ölkələrinə təsir edir: "Biz qonşular arasında qarşılıqlı münasibətlərin Qafqazın, Avropanın, Xəzər regionunun, Asiyanın gələcəyinə təsir edəcək böyük nümunəsini göstərdik. Bu gün dövlət liderləri böyük keçmiş üzərində böyük gələcək qurmalıdırlar".

Georgi Marqvelaşvili bildirib ki, Azərbaycan və Gürcüstanın regionda sabitliyin möhkəmlənməsinə verdiyi töhfə Prezident İlham Əliyevlə görüşdə müzakirə edilib: "Biz Prezident İlham Əliyevlə ölkələrimizin gələcəyinə baxışda həmrəyik. Biz yeni imkanlar barədə düşünməliyik və Qafqazı imkanlar regionu kimi təqdim etməliyik. Bu, inkişaf etdirməli olduğumuz reallıqdır".

Gürcüstan Prezidenti əlavə edib ki, "İpək Yolu" layihəsi nümayiş etdirir ki, Qafqaz regionu və Xəzərlə Qara dənizlərdə əməkdaşlıq Avrasiya qitəsində münasibətlərin vacib hissəsidir.

Georgi Marqvelaşvili diqqətə çatdırıb ki, Gürcüstan və Azərbaycanın tərəfdaşlara təklif etdikləri təkcə enerji daşıyıcılarının tədarükü üçün deyil, həm də digər nəqliyyat layihələri üçün ən qısa və daha səmərəli marşrutdur: "Biz hesab edirik ki, təhlükəsizlik və sabitliyin qurulmasına kömək edirik. Bu prosesdə təkcə iqtisadi mənfəətlər deyil, həm də təhlükəsizlik məsələləri vacibdir. Müasir dünyada böyük və kiçik ölkələrin, müxtəlif regiondan olan dövlətlərin sabit tədarükləri təmin edən marşrutda maraqlı olmaları çox vacibdir".

Onun sözlərinə görə, bununla da Gürcüstan-Azərbaycan münasibətlərinin möhkəmlənməsi və Gürcüstanla Azərbaycan ərazisindən keçən "İpək yolu"nun bir hissəsi hesabına Bakı və Tbilisi regionda sabitliyin təmin edilməsində böyük rol oynayır: "Biz regionda Cənubi Qafazda sabitlikdə maraqlı olan Şərqlə Qərbin onlarla ölkəsinin maraqlarını təmin edirik. Biz başa düşürük ki, regionda vəziyyət son illər ərzində kəskinləşib. Lakin çətinliklər iki ölkəmizin böyük tərəfdaşlıq nümunəsi ilə aradan qaldırılmalıdır".

Turizm

Georgi Marqvelaşvilinin sözlərinə görə, Prezident İlham Əliyevlə görüşdə müzakirə edilən mövzulardan biri turizm sahəsi olub: "Bu məsələ çox maraqlıdır və mən deyərdim ki, çox istəniləndir. İnsanlar Azərbaycana Xəzər dənizinə, Gürcüstana isə Qara dənizə gəlirlər, bu, "bir paketdə" - birgə maraq təmsil edə biləcək iki çox maraqlı regiondur. Biz turistlər üçün daha asan reklam edilə biləcək proqram və layihələrin yaradılması barədə düşünə bilərdik".

Onun sözlərinə görə, Azərbaycan və Gürcüstan xalqları qədim tarixi irsləri sayəsində, eləcə də turizm, müxtəlif kurortlar kimi maraqlı istiqamətlər hesabına böyük imkanlara malikdirlər: "Bütün bu layihələr birlikdə təklif edilsə, daha maraqlı olacaq. Bu gün razılığa gəldik ki, ölkələrimizin müvafiq qurumları bu istiqamətdə əməkdaşlıq edəcək. Biz gözləyirik ki, Bakı-Tbilisi-Qars layihəsi 2016-cı ilin sonunda başa çatacaq. Biz ona təkcə iqtisadi baxımdan deyil, həm də azərbaycanlı, türkiyəli və gürcüstanlı dostlar arasında əməkdaşlığın gözəl imkanı kimi baxırıq".

İqtisadi əməkdaşlıq

Prezident diqqətə çatdırıb ki, Gürcüstan və Azərbaycanın iqtisadi əlaqələrinin çoxlu perspektivli istiqamətləri var: "Azərbaycanlı tərəfdaşlarımız Gürcüstanın inkişafına aktiv şəkildə vəsait qoyurlar. Biz "SOCAR Georgia"nın bu istiqamətdə olduqca fəal roluna görə çox minnətdarıq. Biz azərbaycanlı investorlar üçün Avropa ilə azad ticarət haqqında saziş sayəsində açılan yeni imkanlara görə çox şadıq".

Onun sözlərinə görə, energetika sərmayə qoymaq üçün daha maraqlı sahələrdən biridir, bu səbəbdən də Gürcüstan, Azərbaycan və Türkiyə enerji əməkdaşlığı oxu yaradırlar: "Biz təkcə neft və qaz sahəsində deyil, həm də elektrik enerjisi mübadiləsi sahəsində əməkdaşlığı fəal inkişaf etdiririk. Gürcüstanın kənd təsərrüfatı, turizm, energetika, hidroenergetika və istehsalda böyük imkanları var. Biz bütün bu istiqamətlər üzrə birgə işləyirik və bütün imkanlardan istifadə edirik".

"Azərbaycan-Gürcüstan-Türkiyə enerji körpüsü" layihəsinə gəlincə, Georgi Marqvelaşvili onun xeyrini vurğulayıb, belə ki, bu layihə çərçivısində müxtəlif mövsümlərdə enerji axını tənzimlənir ki, bu da ölkələrin elektrik enerjisinə tələbatını balanslaşdırmaq üçün gözəl imkan verir.

Gürcüstanda qaz anbarının tikintisi layihəsi barədə danışan Prezident nəzərə çatdırıb ki, bu, Gürcüstan üçün çox maraqlı və vacib layihədir: "Biz bu layihənin texniki-iqtisadi əsaslandırılmasını hazırlayırıq. Hesab edirəm ki, bir çox layihələrdə əksini tapmış Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq bu layihədə də davam etdiriləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti