Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 6-da Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə görüşüb.
Nazir S.Lavrov bildirib ki, səfər Azərbaycan dövlət başçısının Rusiya və İran prezidentləri ilə razılaşmasının nəticəsidir: "Sizin təşəbbüsünüz bu cür üçtərəfli formatı qurmaqdan ibarət idi. Bu format Sizin haqlı olaraq dediyiniz kimi, bir çox nöqteyi-nəzərdən daha sıx üçtərəfli siyasi, təhlükəsizlik, terrorizmlə mübarizə sahələrində əməkdaşlıq baxımından əhəmiyyətlidir. Nəzərə almaq lazımdır ki, üç ölkənin, həmçinin bizim digər qonşularımızın ərazilərindən terrorçuların təchizatı marşrutları, yaraqlıların trafiki keçir. Bu təzahürlərin qarşısının kollektiv əsaslarla alınması üçün qarşılıqlı fəaliyyətin qurulması zəruridir".
Rusiyanın xarici işlər naziri qeyd edib ki, bundan başqa, nəqliyyat marşrutları, iqtisadi əlaqələrin inkişafı, energetika sahəsində qarşılıqlı fəaliyyət baxımından geostrateji, geosiyasi vəziyyətimizdən istifadə etməkdə ümumi maraqlar var: "Bu məsələlər müxtəlif formatlarda, lakin pərakəndə şəkildə müzakirə olunmuşdu. Ümidvaram ki, Sizin Prezident Putin və Prezident Ruhani ilə razılaşmanızı rəhbər tutaraq biz sabah nazirliklərə bölmələr üzrə daha dəqiq müvafiq nəqliyyat və energetika layihələrinin gerçəkləşməsi üzərində işləməyə imkan verən siyasi çərçivə yarada biləcəyik. Sözsüz ki, bizim ikitərəfli münasibətlərimiz, strateji tərəfdaşlığımız da nəzərdən keçiriləcək. Mənim sabah öz həmkarımla ayrıca görüşüm nəzərdə tutulub".
Nazir S.Lavrov sonra əlavə edib ki, ötən ilin iyun ayında Rusiya Prezidenti Vladimir Putinin Bakıya səfəri zamanı Azərbaycan Prezidentinin onunla əldə etdiyi prinsipial razılaşmalar rəhbər tutulacaq: "Yeri gəlmişkən, o, Sizə ən səmimi salamlarını göndərir və xatırladır ki, Siz Rusiyaya səfərə dəvət olunmusunuz. Sözsüz ki, bu, bizim xarici siyasətin ən dəyərli istiqamətidir. Həmçinin elə gətirdi ki, həm Ermənistan, həm Azərbaycan üçün yaxın, həm də ATƏT-in Minsk qrupunun həmsədri olan ölkə kimi əvvəllər də, indi də məşğul olduğumuz Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi Sizin qeyd etdiyiniz şəraitə görə ciddi çağırışla qarşılaşdı. Uzun illər ərzində yəqin ki, bu, ən irimiqyaslı döyüş əməliyyatlarıdır".
Nazir S.Lavrov həmçinin qeyd edib: "Rusiya Federasiyasının ünvanına dediyiniz xoş sözlərə görə sağ olun: "Həqiqətən biz - həm Prezident, həm Baş nazir, həm bizim nazirlik, əlbəttə ki, Müdafiə Nazirliyi və Baş Qərargah səviyyəsində tərəflərə atəşkəs barədə razılıq əldə edilməsi üçün zəruri olan bütün addımları atdıq. Bu razılaşmanın pozulmamasına dəstək verməyə hazır olacağıq".
Rusiyanın xarici işlər naziri deyib: "Əlbəttə ki, İlham Heydər oğlu, Sizin dediyiniz kimi, bu konkret məsələdə vəziyyəti sabitləşdirmək vacibdir. Ümid edirəm ki, son günlərin hadisələri bizi siyasi tənzimlənmə ilə daha fəal məşğul olmağa sövq edəcək. Bizim təkliflərimiz var. Biz bu təklifləri həmsədrlərlə birlikdə Azərbaycan ilə Ermənistan arasında razılaşmanın əldə olunması naminə daha fəal işə salmağa çalışırıq. Hesab edirəm ki, biz bu məsələlərə ortamüddətli və uzunmüddətli perspektivdə də diqqət yetirə biləcəyik. Bu barədə həm bu gün, həm də sabah söhbət edəcəyik".
Sonra nazir S.Lavrov bildirib ki, həmsədrlərin göstərdikləri təşəbbüsləri Rusiya tamamilə dəstəkləyir: "Onlar Bakıya səfər etdilər, sabah təmas xəttində, birigün isə İrəvanda olacaqlar. ATƏT-in, əlbəttə ki, təkcə ATƏT-in yox, həm də Beynəlxalq Qırmızı Xaç Komitəsinin köməyi ilə ən yaxın vaxtlarda hansısa etimad tədbirləri görmək və siyasi prosesin bərpası üçün zəruri şərait yaratmaq vacibdir. Bu qəbula görə çox sağ olun. Bir daha bu səfərin gedişində məhsuldar danışıqlara ümid bəsləyirəm".