...

Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradılır

Siyasət Materials 20 Aprel 2016 21:01 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.
Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradılır

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.

Fərmanda qeyd olunur ki, ilk peşə-ixtisas təhsili sahəsində peşə hazırlığının səmərəliliyini artırmaq və rəqabətqabiliyyətli ixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradılsın.

Bu fərmanla "Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin Əsasnaməsi" təsdiq edilir.

Nazirlər Kabinetinə tapşırılır ki:

- Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi Aparatının işçilərinin say həddini bir ay müddətində müəyyən etsin;

- Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin fəaliyyətinin təşkili ilə bağlı zəruri maliyyə və maddi-texniki təminat məsələlərini iki ay müddətində həll etsin;

- Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etsin;

- Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat versin;

- mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat versin;

- bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti