...

Azərbaycanın səfiri Sofiya Universitetinin tələbələri və akademik heyətinə mühazirə deyib (FOTO)

Siyasət Materials 17 May 2016 19:36 (UTC +04:00)
Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanovanın "Müstəqil Azərbaycanda dövlət quruculuğu" mövzusunda Sofiya Universitetinin tələbələri və akademik heyəti üçün mühazirəsi təşkil olunub.
Azərbaycanın səfiri Sofiya Universitetinin tələbələri və akademik heyətinə mühazirə deyib (FOTO)

Bakı. Trend:

Mayın 16-da Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin Tələbə Şurasının Beynəlxalq fəaliyyət üzrə Komissiyası və universitetin Yeni və klassik filologiya fakültəsinin Fakültə Tələbə Şurasının təşkilatçılığı və Sofiya Universitetinin nəzdində fəaliyyət göstərən Bakı Slavyan Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin dəstəyi ilə Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanovanın "Müstəqil Azərbaycanda dövlət quruculuğu" mövzusunda Sofiya Universitetinin tələbələri və akademik heyəti üçün mühazirəsi təşkil olunub.

Səfir 18 oktyabr 1991-ci il tarixində "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı"nın qəbul edilməsinin respublikanın müstəqil dövlətçiliyinin hüquqi əsasını möhkəmləndirməsini bildirdi. Səfir bu il müstəqilliyimizin bərpasının 25 illiyininin qeyd ediləcəyini bildirərək ulu öndər Heydər Əliyevin xalqımızın tarixində müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu kimi əbədi yer tutduğunu diqqətə çatdırdı.

N.Qurbanova 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün istiqamətlərdə mühüm islahatların həyata keçirildiyini, məhz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra, 1995-ci il 12 noyabr tarixində Azərbaycan xalqının özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsi, ədalət, azadlıq və təhlükəsizliyin bərqərar edilməsini istəyərək ümumxalq səsvermə yolu ilə müstəqil dövlətimizin Konstitusiyasını qəbul etdyini vurğuladı.

Diplomat ulu öndər Heydər Əliyevin neft strategiyasının əsas istiqamətlərindən birinin Azərbaycan neftinin dünya bazarına nəqli barədə danışaraq, onun səyləri nəticəsində ölkəmizin beynəlxalq enerji şirkətləri ilə uzunmüddətli əməkdaşlığa nail olması barədə məlumat verdi.

Səfir Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə uğurlu xarici və daxili siyasətin həyata keçirildiyini qeyd edərək ölkəmizin təşəbbüskarı olduğu beynəlxalq əhəmiyyətli iqtisadi, sosial və mədəni layihələr barədə geniş məlumat verdi. O, 2016-cı ilin ölkəmizdə multikulturalizm ili elan olunduğunu, 26-27 aprel 2016-cı il tarixində Bakıda BMT-nin Qlobal Sivilizasiyalar Alyansının 7-ci forumunun müvəffəqiyyətlə keçirildiyini, bu il Gəncə şəhərinin Avropa Gənclər paytaxtı olduğunu, məşhur "Formula-1" yarışının cari ilin 17-19 iyun tarixində Bakıda təşkil olunacağını iştirakçıların diqqətinə çatdırdı.

Mühazirəsində səfir. həmçinin Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüzü və cari ilin aprel ayından başlayaraq qoşunların təmas xəttində mülki əhali hədəfə alınaraq Ermənistan Silahlı Qüvvələrinin silahlı təxribatı barədə ətraflı məlumat verdi.

Mühazirənin sonunda N.Qurbanova universitetin tələbə və müəllim heyətinin ölkəmizin iqtisadi inkişafı, beynəlxalq əməkdaşlığı, Ermənistan-Azərbaycan münaqişəsi barədə suallarını cavablandırdı.

Tədbirdə, həmçinin Gəncə və F-1 yarışı haqqında təşviqat materialları paylanıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti