Bakı. İlhamə İsabalayeva-Trend:
Azərbaycan diasporu çox fəal şəkildə bu məsələnin əleyhinə hər yerdə səsini qaldıracaq. Trend-in məlumatına görə, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bu gün Almaniya Bundestaqının qondarma "erməni soyqırımı"nın tanınmasını nəzərdə tutan qanun layihəsini qəbul etməsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Türkiyə və Azərbaycan hər bir zaman qondarma "erməni soyqırımı"nın tanıdılmasına qarşı birgə mübarizə aparıb: "Biz dövlət olaraq da, diaspor təşkilatı olaraq da həmişə bu işin önündə olmuşuq. Dəfələrlə müxtəlif ölkələrdə bu məsələ qaldırılarkən Azərbaycan diaspor təşkilatları onun qarşısını alıblar. Almaniyada bu prosesin niyə getdiyini hələ analiz etmək lazımdır".
N.İbrahimov qeyd edib ki, Azərbaycan diasporu çox fəal şəkildə bu məsələnin əleyhinə hər yerdə səsini qaldıracaq: "Bir daha türk qardaşlarımızın yanında olduğumuzu göstərəcəyik. Bir millət, iki dövlət olaraq, biz Türkiyənin problemlərini də öz problemlərimiz kimi qəbul edərək buna qarşı çıxacağıq".