...

Səfir: Həlli uzadılmış münaqişələr regionda hərtərəfli əməkdaşlığa ciddi maneədir

Siyasət Materials 15 İyul 2016 17:58 (UTC +04:00)

Bakı. Trend:

14-15 iyul tarixində Sofiyada “Qara dəniz - Fars körfəzi” beynəlxalq nəqliyyat dəhlizinin yaradılması məqsədilə çoxtərəfli saziş layihəsinin müzakirəsinə dair ikinci ekspertlər görüşü keçirilib. Azərbaycanın Bolqarıstandakı səfirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan nümayəndə heyəti də görüşdə iştirak etmək üçün dəvət olunub.

Tədbirdə Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova çıxış edərək ölkəmizin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin vacib iştirakçısı olmaqda davam edəcəyini qeyd edərək ölkə daxilində, eləcə də regionda müasir infrastrukturun yaradılmasında əldə etdiyi nailiyyətlər, hər iki dəhlizin kəsişməsində əlverişli coğrafi mövqeyi, eləcə də Qara, Aralıq dənizlərinin və Fars körfəzinin dərin su limanlarına yaxınlığı, maliyyə dayanıqlığından irəli gələrək böyük həcmdə sərmayə qoymaq imkanı, trans-regional layihələrin həyata keçirilməsində çoxtərəfli əməkdaşlıq təcrübəsi kimi amillərin Azərbaycanı bu coğrafiyadakı bütün tranzit layihələrin əvəzolunmaz iştirakçısı kimi təsbit etdiyini bildirib.

Son illər ərzində ölkəmizdə fiziki infrastrukturun modernizasiyası və inşasına böyük miqdarda sərmayə yatırıldığını vurğulayan səfir Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi barədə danışıb. O bildirib ki, gələn il fəaliyyətə başlayacaq və illik 1 milyon sərnişin və 20 milyon ton həcmində yük daşımaq qabiliyyəti olan dəmiryolu Avropa-Asiya dəmir yolu nəqliyyatında olan boşluğu aradan qaldıracaq. Beynəlxalq dəniz ticarət limanı və logistika mərkəzi olan Ələt limanının birinci mərhələsinin fəaliyyətə başladığını diqqətə çatdıran səfir inşası tamamlandıqdan sonra limanın yükdaşıma qabiliyyətinin 25 milyon ton yük və 1 milyon TEU konteyner olacağını qeyd edib.

Səfir cari ilin ölkəmizin qonşularla nəqliyyat əlaqələrinin irəlilədilməsi baxımından əhəmiyyətli il olduğunu da vurğulayıb. Belə ki, Prezident İlham Əliyevin cari il 23 fevral tarixində İrana rəsmi səfərindən sonra Astara (Azərbaycan) və Astara (İran) dəmir yolunun inşasının sürətləndirilməsi ilə bağlı Prezident tərəfindən müvafiq sərəncam imzalanıb, Astara dəmir yolu körpüsünün inşasının cari ilin sonunadək başa çatması nəzərdə tutulur, Qəzvin-Rəşt-Astara dəmir yolu layihəsi də uğurla davam edir. N.Qurbanova növbəti ay Bakıda Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli görüşünün keçiriləcəyini də diqqətə çatdırıb.

Çindən Azərbaycan, Gürcüstan və Ukrayna istiqamətində və əksinə ilk konteyner qatarları yürüşünün uğurlu olduğunu vurğulayan səfir Azərbaycan, Gürcüstan və Qazaxıstan dəmiryol rəhbərlərinin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu çərçivəsində rəqabətqabiliyyətli nəqliyyat tarifləri barədə razılığa gəldiyini əlavə edib.

O, Azərbaycan tərəfinin Transavropa Nəqliyyat Şəbəkəsini (TEN) Asiya ilə birləşdirən TRACECA dəhlizinin potensialından tam istifadə edilməsinə böyük əhəmiyyət verdiyini bildirib. Nəqliyyat sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsində mövcud çətinliklərə toxunan N.Qurbanova Cənubi Qafqazda həlli uzadılmış silahlı münaqişələrin regionda hərtərəfli əməkdaşlığa, o cümlədən nəqliyyat sahəsində əməkdaşlığa ciddi maneə yaratdığını əlavə edib. Bu münaqişələrin tezliklə həllinin regionda iqtisadi artım və bütün sahələrdə əməkdaşlıq üçün əlverişli şərait yaradacığını söyləyib.

Səfir “Qara dəniz - Fars körfəzi” dəhlizi ilə bağlı aparılacaq bütün müzakirələrdə mövcud və ya tikilməkdə olan infrastrukturdan istifadə etməklə iqtisadi cəhətdən səmərəli və kommersiya baxımından əlverişli nəqliyyat layihələrinə üstünlük verilməsinin zəruri olduğunu vurğulayıb və bu kontekstdə Azərbaycanın müvafiq infrastruktura malik olduğunu diqqətə çatdırıb.

Müzakirələrdə Azərbaycan Nəqliyyat Nazirliyi və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndələri də iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti