...

Macarıstanda Azərbaycanın Müstəqillik günü (FOTO)

Siyasət Materials 18 Oktyabr 2016 16:27 (UTC +04:00)
Dövlət müstəqilliyinin bərpası ilə bağlı Konstitusiya aktı qəbul olunmasının 25 illiyi münasibəti ilə Azərbaycanın Macarıstandakı səfirliyi böyük bayram tədbiri keçirib.
Macarıstanda Azərbaycanın Müstəqillik günü   (FOTO)

Bakı. Trend:

Dövlət müstəqilliyinin bərpası ilə bağlı Konstitusiya aktı qəbul olunmasının 25 illiyi münasibəti ilə Azərbaycanın Macarıstandakı səfirliyi böyük bayram tədbiri keçirib.

Səfirlikdən Trend-ə verilən məlumata görə,1848-ci il macar inqilabı dövründə parlament binası olmuş İtaliya Mədəniyyət İnstitutunda Azərbaycan, İtaliya və Macarıstan incəsənət ustalarının iştirakı ilə konsert təşkil olunub.

Tədbirin başlanğıcında çıxış edən səfir Vilayət Quliyev Azərbaycan xalqının müstəqillik uğrunda mübarizələrlə dolu tarixi haqqında məlumat verib. Çar Rusiyasının süqutundan sonra Şərqdə ilk demokratik respublikanın Azərbaycanda qurulduğunu xatırladan natiq Sovet İttifaqının süqutu ərəfəsində də azərbaycanlıların demokratiya və milli müstəqillik uğrunda hərəkatın önündə getdiyini vurğulayıb. V.Quliyev Azərbaycan torpaqlarının böyük bir hissəsinin hələ də qonşu Ermənistanın işğalı altında qalmasına baxmayaraq müstəqillik illərində ölkəmizin sürətli inkişaf yolu keçdiyinə, dünya birliyinin nüfuzlu üzvlərindən birinə çevrildiyinə diqqəti çəkib.

Konsert proqramı özünün zənginliyi və rəngarəngliyi ilə seçilib. Əvvəlcə Ferens List adına Budapeşt Musiqi Akademiyasının məzunu Jalə Rəsulova (pianino) və Vyana Musiqi Akademiyasının magistri Fərid Feyzullayev (skripka) görkəmli Azərbaycan bəstəkarları Qara Qarayev və Arif Məlikovun əsərlərindən parçalar ifa ediblər.

İtaliya, Macarıstan və Azərbaycan musiqiçilərindən ibarət FİBUBA (Florensiya, Budapeşt, Bakı) ansamblı üç ölkənin musiqi sənəti incilərindən tərtib olunmuş maraqlı konsert proqramı ilə çıxış edib. Tanınmış azərbaycanlı pianoçu Səidə Tağızadə, macar skripkaçısı Zoltan Banfalvi, italyan violençel ustası Pierluigi Ruggiera, Florensiya operasının solistləri Leonardo de Lisi (bariton) və Cüzeppe Suraçinin (tenor) ifasında Paolo Tosti, Nazim Əliverdibəyov, Bela Bartok, Sevda İbrahimova, Ferens List və Üzeyir Hacıbəylinin əsərləri yüksək ustalıqla ifa olunub. Leonorda de Lisinin Azərbaycan dilində oxuduğu məşhur “Sevgili canan” romansı xüsusilə böyük maraq və rəğbətlə qarşılanıb.

Bayram konsertində Budapeştdə akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçiləri, macar elm və mədəniyyət xadimləri, Azərbaycan diasporunun üzvləri iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti