...

Səfir: Azərbaycan qlobal təşəbbüslərə verdiyi töhfə baxımından bölgədə lider dövlətdir

Siyasət Materials 8 Noyabr 2016 12:07 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova ölkəmizin mədəniyyəti ilə bağlı bu ölkənin dövlət radiosu olan Bolqarıstan Milli Radiosuna (BNR) müsahibə verib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, N.Qurbanova Azərbaycanın sürətli inkişaf edən ölkə, iqtisadi inkişaf, regional layihələrdə iştirak, multikulturalizm, tolerantlıq və universal dəyərlərin təşviqi üzrə qlobal təşəbbüslərə verdiyi töhfə baxımından bölgədə lider dövlət olduğunu söyləyib. Azərbaycanın Bolqarıstanı dost ölkə olaraq qəbul etdiyini bildirən səfir iki ölkə arasında uğurlu əməkdaşlıq ənənələrinin mövcud olduğunu əlavə edib.

Ölkəmizin paytaxtı Bakının 1970 və 1980-ci illərdə bura təhsil almağa gələn çox sayda bolqarlar üçün ikinci ev olduğunu qeyd edən səfir Bolqarıstan vətəndaşları olan Marian Kolev və Mariana Vasilevanın Azərbaycan Gimnastika Federasiyasının baş məşqçiləri olduğunu məmnunluqla xatırladıb. Xalqlarımızın bir çox ortaq cəhətlərinin olduğunu vurğulayan səfir qonaqpərvərlik, ünsiyyətcillik, yeniliklər kəşf etmək marağı və v. xüsusiyyətləri sadalayıb. Paytaxtımızın adının mənası ilə bağlı səfir ilboyu küləkli olduğu üçün Bakının “Küləklər şəhəri” adlandığını qeyd edərək şəhərə xas olan soyuq və kəskin Xəzri və zərif və mülayim Gilavar küləklərinin Azərbaycan mifologiyası və inanclarına görə, yaxşı və pisin əbədi mübarizəsi kimi xarakterizə olunduğunu əlavə edib. Bakı və Abşeron yarımadasının qədim zamanlardan məskunlaşmasının ilk növbədə şəhərin coğrafi mövqeyi, Şimaldan Cənuba və Qərbdən Şərqə (“İpək yolu”) gedən nəqliyyat yollarının qovşağında yerləşməsi, iqlim və enerji resursları ilə izah edildiyini bildirmişdir. Dünyada dənizdə ilk platformanın Bakı yaxınlığında yerləşdiyini əlavə edib.

Xəzər dənizin mirvarisi olan Bakının Cənubi Qafqazda ən böyük ticarət, mədəniyyət və elmi mərkəz, Xəzər dənizinin ən böyük limanı olduğunu vurğulayan səfir amfiteatr üslubunda olan şəhərin hər iki tərəfdən dənizə çıxışının olduğunu bildirib. N.Qurbanova Bakının Xəzərdə ən uzun dənizkənarı parka (15 km) malik olduğu, şəhər ətrafında çoxsaylı duz gölləri və palçıq vulkanlarının olduğu, dünyada olan palçıq vulkanlarının 40 faizinin Abşeron yarımadasında yerləşdiyi barədə məlumat verib. N.Qurbanova Bakının YUNESKO-nun Dünya İrsi siyahısına daxil edilən qədim memarlıq abidələri – Şirvanşahlar Sarayı, İçəri Şəhər Tarixi Memarlıq Qoruğu, Qız Qalası, Qobustan Milli Parkını, paytaxtımızın müasir rəmzlərindən sayılan Alov Qüllələri (Flame Towers), Avroviziya mahnı müsabiqəsinin keçirildiyi “Bakı Kristal Zalı” sadalayıb. Məşhur İraq əsilli britaniyalı Zaha Hadid tərəfindən dizayn edilən və futuristik üslubda olan Mərkəzin 2014-cü ildə London Dizayn Muzey Mükafatına (London Design Museum Award) layiq görüldüyünü və hazırda Britaniya Memarları Kral İnstitutunun (Royal Institute of British Architects-RIBA) 2016-cı il üzrə elan etdiyi ilk beynəlxalq memarlıq mükafatına namizədliyi irəli sürülmüş tikililər arasında yer aldığını vurğulayıb.

Aparıcının Azərbaycan muzeyləri ilə bağlı sualını cavablandıran səfir Azərbaycanda muzeylərin qədim tarix və xüsusi inkişaf mərhələlərinə malik olduğunu söyləyib. N.Qurbanova Azərbaycanda müasir üslublu muzeyin ilk dəfə XIX əsrdə yaradıldığı, Azərbaycan Demokratik Respublikası (1918-1920) dövründə Müstəqillik və Etnoqrafiya Muzeyinin yaradıldığı, 1924-cü ildə tarix və etnoqrafiya, geologiya, zoologiya, incəsənət və teatr bölmələri olan Dövlət Muzeyinin yaradıldığın, bunun ardınca İnqilab, Əmək, Kənd Təsərrüfatı Muzeylərinin meydana gəldiyi barədə dinləyicilərə məlumat verib. Hazırda Azərbaycanda 250 dövlət və özəl muzeyin fəaliyyət göstərdiyini, onlar arasında Azərbaycan Tarix Muzeyi, Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyat Muzeyi, Milli İncəsənət Muzeyi, Qala-açıq səma muzeyi, Azәrbaycan Musiqi Mәdәniyyәti Dövlәt Muzeyini sadalamışdır. Bakıda həmçinin özünəməxsus muzeylərin – dünyada ilk xalça muzeyi, Ginnesin Rekordlar Kitabına düşmüş Miniatür Kitablar Muzeyinin mövcud olduğunu vurğulayıb.

Muzeylərin Azərbaycanın mədəni siyasəti və diplomatiyasının vacib hissəsi olduğu söyləyən səfir qeyd etmişdir ki, 1993-cü ildə təsis edilmiş Beynəlxalq Muzeylər Şurasının Azərbaycan Milli Komitəsi muzey işi sahəsində aktiv fəaliyyət göstərir, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və YUNESKO ilə birgə beynəlxalq konfranslar, dəyirmi masalar, seminarlar təşkil edir. Bundan əlavə, Komitə "Mədəni irsin qorunmasına dair normativ hüquqi aktlar toplusu" və "Baki muzeyləri" bələdçisini nəşr edir. Azərbaycan Hökumətinin mədəniyyətin bütün sahələri, o cümlədən muzey işi və idarəçiliyi sahəsinə qayğısından bəhs edən səfir muzeylərin qorunması, konservasiyası sahəsində çox sayda qanun və proqramların qəbul edildiyini qeyd etmişdir. “Muzey işinin inkişafına dair Dövlət Proqramı”nın muzeylərin təbliği, qorunması və mühafizəsinə yönəlmişdir. Aparıcının Azərbaycanda şəxsi muzeylər barədə sualının cavab olaraq səfir bu gün əksər insanların rəqəmsal əşyalardan istifadə etməsinə baxmayaraq, kitabların ən məşhur maddi əşyalardan olduğunu bildirmişdir. Lakin Bakıda bir yerdə insanların öz oxumaq sevgilərini yeni səviyyəyə qaldırdığını bildirən N.Qurbanova Bakı Miniatür Kitablar Muzeyində bütün kitabların oxunaqlı olduğunu, lakin bunun üçün xüsusi böyüdücü cihazlardan istifadəyə ehtiyac duyulduğunu əlavə etmişdir. Sözügedən muzey dünyada miniatür kitablara həsr olunan yeganə şəxsi muzeydir.

Səfir muzeyin məşhur Azərbaycan rəssamı Tahir Salahovun bacısı Zərifə Salahovanın şəxsi kolleksiyası əsasında 200-ci ildən fəaliyyətə başladığı, muzeydə müxtəlif dillərdə çox kiçik ölçülü kitabların mövcudluğu, ən qədim kitabın 17-ci əsrə aid Quranın miniatür nüsxəsi, ən kiçik ölçülü kitabın isə “Ən möcüzəvi əşya” rus kitabı olduğundan söz açmışdır.
Azərbaycan və Bolqarıstan arasında mədəniyyət sahəsində əməkdaşlıq perspektivlərinə toxunan səfir 3 mart 2015-ci il tarixində hər iki ölkənin prezidentinin müvafiq Bəyannamə imzalaması ilə Azərbaycan və Bolqarıstanın strateji tərəfdaş olduğunu, ölkələrimizin bir çox sahələr, o cümlədən mədəniyyət üzrə uğurlu əməkdaşlıq etdiyi, 5 il öncə, 2011-ci ildə mədəniyyət sahəsində hökumətlərarası sazişin imzalandığı, cari ilin sentyabr ayında Hökumətlərarası Komissiyanın Bakıda keçirilmiş sonuncu iclasında mədəni məsələlərin də müzakirə olunduğu və tərəflərin Mədəniyyət günlərinin, konsertlərin, sərgilərin, milli mətbəxin təqdimatının keçirilməsi barədə razılığa gəldiyindən bəhs etmişdir.

“Mədəniyyət sahəsində əməkdaşlıqdan bəhs edərkən Bakı Slavyan Universitetində Bolqar dili və mədəniyyəti Mərkəzi və Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti nəzdində Azərbaycan dili və mədəniyyəti Mərkəzinin xüsusi rolunu qeyd etmək lazımdır” deyə səfir bildirmişdir. N.Qurbanova cari ilin sentyabr ayında Azərbaycanın Bolqarıstandakı Səfirliyi və Xaricdə yaşayan bolqarlar üzrə Dövlət Agentliyinin birgə “Müqəddəs Kiril və Mefodiy və bolqar-bizans mədəniyyət əlaqələri” adlı rəsmlər toplusunu Bolqar dili və mədəniyyəti Mərkəzinə ianə etdiyindən söz açmışdır.

Müsahibə boyu Azərbaycanın məşhur bəstəkarlarının əsərləri səsləndirilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti