...

Azərbaycanın səfiri Bolqarıstanın din xadimləri ilə görüşüb (FOTO)

Siyasət Materials 28 Noyabr 2016 14:20 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova Bolqarıstanın din xadimləri ilə görüş keçirib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, Azərbaycanın multikultural dəyərlərinin Bolqarıstanda təbliği çərçivəsində N.Qurbanova bu ölkənin aparıcı din xadimləri – Sofiya sinaqoqunun baş ravvini Yoel İfrax, Bolqarıstanın İslam dini üzrə baş müftisi Mustafa Hacı və Bolqarıstan Pravoslav Kilsəsinin patriarxı və Sofiya mitropoliti Neofit (Simeon Nikolov Dimitrov) ilə görüş keçirib.

Görüşlərdə Azərbaycandakı dini tolerantlıq şəraitinin dünyada geniş tanındığını qeyd edən səfir müasir Azərbaycanda din-dövlət münasibətlərinin əsasının xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulduğunu diqqətə çatdıraraq, hər bir şəxsin irqi, etnik mənsubiyyəti, dini və ya dilindən asılı olmayaraq hüquq və azadlıqlarının Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunduğunu bildirib. Səfir 2014-cü ildə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri vəzifəsi və Bakı Beynəlxalq Mültikulturalizm Mərkəzinin təsis olunduğu, bununla yanaşı, Azərbaycanda dini fəaliyyət sahəsində dövlət siyasətini həyata keçirən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi barədə məlumat verib.

Səfir Azərbaycan hökumətinin ölkədəki məscid, kilsə və sinaqoqlarda təmir-bərpa işlərinin aparılması məqsədilə, dini ziyarətgahlara maliyyə dəstəyinin ayrılmasından söz açıb. Bu konteksdə, səfir ölkədə mövcud dini konfessiyaların dəstəklənməsi və onların maddi durumunun yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə bir milyon manat, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna 250 min manat, Azərbaycan Respublikasında Katolik kilsəsinin Apostol Prefekturası dini qurumuna 100 min manat və Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasına 100 min manat və yəhudi icmasına 350 min manat ayrıldığını diqqətə çatdırdı.

Səfir 2008-ci ildə mədəniyyətlər arasında dialoqun qurulması məqsədilə, habelə, multikultural və interkultural beynəlxalq və yerli fəaliyyətlərin davamlı məcmusu olan "Bakı prosesi" təşəbbüsünün Azərbaycan tərəfindən irəli sürüldüyünü və prosesin Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin qarşlıqlı fəaliyyəti üçün faydalı platforma olduğunu qeyd etdi. Son illərdə ölkəmizdə Dünya Dini Liderlərinin Ümumdünya Sammiti, Bakı Beynəlxalq Humanitar Forumu, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkil olunduğunu, növbəti ildə sonuncu forumun növbəti toplantısının keçiriləcəyi barədə qarşı tərəfi məlumatlandırıb.

Sofiya sinaqoqunun baş ravvini Yoel İfrax ilə görüşdə N.Qurbanova ölkəmizdə yəhudilərin məskunlaşmasının qədim tarixə malik olduğunu, hal-hazırda ölkəmizdə 20000-ə dağ və Avropa yəhudilərinin (aşkenazilər) yaşadığını qeyd edib. Azərbaycanda yəhudi icmasının sərbəst fəaliyyəti göstərdiyini, yəhudilərin milli bayram və mərasimlərini qeyd etdiyini, onların ibadəti üçün hər bir şəraitin yaradıldığını diqqətə çatdırdı. Ölkəmizdə 7 sinaqoqun fəaliyyət göstərdiyini bildirən səfir ölkə rəhbərliyinin sinaqoqlara qayğısından söz açıb.

Səfir yəhudi mənşəli Yevsey Gindesin Şərqdə ilk demokratik respublika olan ADR-in ilk səhiyyə naziri olduğunu, ölkəmizin suverenliyi, dövlətçiliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq həlak olan Azərbaycan vətəndaşı, yəhudi əsilli Albert Aqarunovun AR milli qəhrəmanı yüksək adına layiq görüldüyünü qarşı tərəfin diqqətinə çatdırıb. Yəhudilərin Azərbaycan cəmiyyətinin ayrılmaz bir hissəsi olduğunu qeyd edən səfir onların ölkənin siyasi, iqtisadi, sosial və mədəni həyatında fəal olduqlarını, çoxsaylı yəhudi məktəbləri və təhsil mərkəzlərinin fəaliyyət göstərdiyini bildirib.

Bolqarıstan Pravoslav Kilsəsinin patriarxı və Sofiya mitropoliti Neofit (Simeon Nikolov Dimitrov) ilə görüşündə N.Qurbanova ölkəmizdə 13 kilsə və 17 xristian icmasının fəaliyyət göstərdiyi barədə danışaraq, 1907-ci ildə inşa edilmiş “Müqəddəs Mürdaşıyan Zənənlər Başkilsəsi”nin Bakı yeparxiyasının mərkəzi olduğunu, Bakı və Azərbaycan Yeparxiyasının Pravoslav Dini-Mədəniyyət Mərkəzində müxtəlif konfrans və seminarların keçirildiyini, bazar günü dini məktəbin fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Səfir Qafqazda ilk xristian kilsəsi olan, Şəki rayonunun Kiş kəndidə yerləşən "Müqəddəs Yelisey kilsəsi"nin tarixi barədə məlumat verdi və məbədin Apostol Faddeyin tələbəsi Yelisey tərəfindən ucaldıldığını bildirib.

N.Qurbanova səfirlik, Azərbaycan Prezidenti yanında Bilik Fondu və Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti nəzdində Azərbaycan dili və mədəniyyəti Mərkəzinin təşkilatçılığı ilə cari ilin dekabr ayında Sofiya Universitetində “Qədim Qafqaz Albaniyasının irsi: Azərbaycanda multikulturalizmin ənənələri” mövzusunda foto sərgi və dəyirmi masanın keçiriləcəyini diqqətə çatdıraraq, Bolqarıstan patriarxlığının nümayəndələrini sözügedən tədbirə dəvət edib. Bolqarıstanın Baş müftisi Mustafa Hacı ilə görüşündə müasir Azərbaycanın dini tolerantlığı ilə seçildiyini önə çəkən səfir, müstəqillik qazandıqdan sonra ölkəmizdə onlarla yeni məscidin tikildiyini və ya əsaslı təmir olunduğunu xüsusi bildirib. Ölkə ərazisində 2166 məscidin mövcud olduğunu söyləyən səfir, 743-cü ildə inşa edilmiş və 2013-cü ildə ildə bərpa olunmuş Şamaxı şəhərindəki Cümə məscidinin islam dünyasının ən qədim məbədlərindən biri kimi tanındığını qeyd edib.

N.Qurbanova Azərbaycan Prezidentinin təşəbbüsü ilə inşa edilmiş Heydər məscidinin Qafqazın ən böyük məscidi hesab olunduğunu qeyd edərək dünyada sünni və şiə məzhəbləri arasında süni şəkildə nifaqın təşviq edildiyi bir zamanda Azərbaycanda hər iki məzhəbin nümayəndələrinin Heydər məscidində hər cümə günü birgə ibadət etməsinin (vəhdət namazı) ölkəmizdə dövlət tərəfindən həyata keçirilən tolerantlıq və multikulturalizm siyasətinin uğurlu nəticəsi olduğunu bildirib. Səfir həmçinin Baş müftiyə Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi barədə məlumat verib.

Görüşlərdə qarşı tərəflər müvafiq olaraq Bolqarıstanda fəaliyyət göstərən yəhudi, xristian və müsəlman icmalarının fəaliyyəti barədə məlumat verdi, tolerantlığın Azərbaycanda çox möhkəm təməl sütunları, zəngin ənənələri, dərin tarixi və mədəni köklərinin olduğunu vurğuladılar, eyni zamanda Azərbaycanda qədimdən müxtəlif konfessiya və mədəniyyət nümayəndələri arasında unikal qarşılıqlı münasibətlər sisteminin qurulmasını alqışlayaraq, ölkədə bir çox millətlərin və dini konfessiyaların dinc yanaşı yaşamasının digərlərinə ibrət olduğunu bildirdi və Səfirliklə əməkdaşlıq əlaqələrinin qurulmasından məmnuniyyət ifadə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti