...

Mübariz Qurbanlı: 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsinin çox böyük əhəmiyyəti var

Siyasət Materials 16 Yanvar 2017 17:59 (UTC +04:00)
“Prezident İlham Əliyevin 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməsinin çox böyük ictimai-siyasi, beynəlxalq və ideoloji əhəmiyyəti var”.
Mübariz Qurbanlı: 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsinin çox böyük əhəmiyyəti var

Bakı. Elçin Mehdiyev - Trend:

“Prezident İlham Əliyevin 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməsinin çox böyük ictimai-siyasi, beynəlxalq və ideoloji əhəmiyyəti var”.

Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

M.Qurbanlı bildirib ki, hər bir dövrün müəyyən çağırışları olur:

“Hər bir çağırışa da adekvat cavablar verilməli və buna müvafiq olaraq qərarlar qəbul edilməlidir. Siyasi xadimlərin, liderlərin də fərqli keyfiyyətlərindən biri bu cür hadisələri qabaqlayaraq zamanında müvafiq qərarlar qəbul etməsidir. Müasir dövrdə İslam dünyasının həmrəyliyə çox böyük ehtiyacı var. Bu həmrəyliyi yaratmaq, bununla bağlı müəyyən addımlar atmaq üçün belə bir çağırışın edilməsi, belə bir mesajın verilməsi çox böyük önəm daşıyır”.

Komitə sədri vurğulayıb ki, İslam dünyasında böyük nüfuza malik olan, çoxmillətli və çoxkonfessiyalı Azərbaycan sivilizasiyalararası dialoqun məkanına çevrilib:

“Müstəqilliyin bərpasından sonra respublikamızda dövlət-din münasibətlərinin tənzimlənməsində və dini etiqad azadlığının təminatında əhəmiyyətli işlər görülüb. Təsadüfi deyil ki, ulu öndərimiz Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra ölkədə dini fəaliyyət sahəsində sabitliyə nail olunması, konfessiyalar arasında dözümlülük mühitinin qorunub saxlanılması və möhkəmləndirilməsi istiqamətində gördüyü böyük işlər dini etiqad azadlığına geniş imkanlar açdı və nəticədə dini icmaların normal fəaliyyəti üçün hüquqi-mənəvi şərait yaradıldı. Ümumiyyətlə, ulu öndərin dövlət-din münasibətləri sahəsində irəli sürdüyü ideyaların, dünyagörüşün, müdrik tövsiyələrin bu günün reallıqları kontekstində oynadığı müsbət rolu daha aydın görürük”.

M.Qurbanlı qeyd edib ki, bu gün Azərbaycanda mövcud olan dini dözümlülük və tolerantlıq dinə münasibətdə dövlət siyasəti kimi səciyyələndirilir:

“Bu siyasət dünya ölkələri, o cümlədən müsəlman respublikaları tərəfindən məqbul model kimi qəbul olunur və bəyənilir. Bütün bunlar həm də ümummilli lider Heydər Əliyev siyasətini layiqli formada davam etdirən Prezident İlham Əliyevin uğurlarının nəticəsidir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti