Bakı. Trend:
Azərbaycan və Avropa İttifaqı (Aİ) sabah yeni saziş üzrə danışıqlara başlayacaqlar.
Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 6-da Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskla birgə mətbuata bəyanatla çıxışında deyib.
Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycanla Aİ arasında əməkdaşlıq çox məhsuldar, səmimidir və böyük potensial var:
"Bizim aramızda çox aktiv siyasi dialoq var, biz mütəmadi olaraq görüşürük, mühüm siyasi hadisələri və ölkəmizdəki siyasi islahatları müzakirə edirik. Biz bütün Azərbaycan vətəndaşları üçün daha geniş imkanların təmin edilməsi məqsədilə ölkədə demokratik islahatların davam etdirilməsinə sadiqik”.
Azərbaycan Prezidenti həmçinin qeyd edib ki, energetika sahəsində əməkdaşlıq Azərbaycanla Aİ arasında əməkdaşlığın mühüm hissəsidir: “Biz hazırda Avropada icra edilən ən böyük infrastruktur layihələrindən biri olan “Cənub Qaz Dəhlizi” layihəsinin inkişafı üzrə uğurla əməkdaşlıq edirik”.
İlham Əliyev əlavə edib ki, bu layihənin reallaşdırılması üçün 40 milyard dollardan çox investisiya lazımdır: “Cənub Qaz Dəhlizi” enerji diversifikasiya və enerji təhlükəsizliyi layihəsidir. Mən diversifikasiya deyəndə, təkcə marşrutları deyil, mənbələri də nəzərdə tuturam”.
Prezidentin sözlərinə görə, Azərbaycan öz iri qaz yataqları ilə Avropa bazarı üçün yeni alternativ təbii qaz mənbəyidir:
“Mən cənab prezidenti (Aİ Şurasının prezidenti - red.) “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılmasının uğurla davam etdirilməsi barədə məlumatlandırdım. Biz ümid edirik ki, əlavə səylər nəticəsində bu layihənin həyata keçirilməsi sürətləndiriləcək. Cənab prezidentin də dediyi kimi, Avropa bizim əsas investorumuzdur və Azərbaycan çox yaxşı investisiya mühiti yaradıb. 25 il əvvəl dövlət müstəqilliyimiz bərpa olunduqdan bəri ölkə iqtisadiyyatına 200 milyard dollardan çox investisiya qoyulub”.
Dövlətimizin başçısı bildirib ki, Avropa Azərbaycanın əsas ticarət tərəfdaşıdır: “Biz bir çox Avropa ölkələrinə neft tədarük edirik və ümid edirəm ki, çox yaxın zamanlarda onları təbii qazla da təmin edəcəyik”.
İlham Əliyev vurğulayıb ki, görüş zamanı tərəflər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələlərini də müzakirə ediblər: “Mən bir daha qeyd etdim ki, artıq uzun illərdir torpaqlarımız işğal altındadır. Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal edib, bütün humanitar normaları və beynəlxalq hüquq normalarını pozub”.
Azərbaycan Prezidenti bildirib ki, həmçinin Ermənistan BMT Təhlükəsizlik Şurasının 1990-cı illərin əvvəllərində qəbul edilən, erməni qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsini yerinə yetirmir:
“Təəssüf ki, bu işğal 20 ildən çoxdur davam edir və buna bəraət qazandırıla bilməz. Mən öz şərhlərində növbəti dəfə ölkəmizin ərazi bütövlüyünə dəstəyini qeyd edən cənab prezidentə minnətdarlığımı bildirirəm”.
Dövlət başçısı deyib ki, tərəflər nəqliyyat sahəsində əməkdaşlığın nəhəng potensialını müzakirə edib: "Bu sahə “Şərq Tərəfdaşlığı” və digər Avropa ölkələri üçün cəlbedici ola bilər".
Prezident qeyd edib ki, Azərbaycan regionda yeni dəmiryolu nəqliyyatının yaranmasına böyük investisiyalar qoyub.
İlham Əliyev Asiyanı Avropa ilə birləşdirən bu yeni marşrutun istismara veriləcəyinə, eləcə də Avropadan Asiyaya və əks istiqamətə yüklərın daşınması müddətini təqribən iki dəfə azaldacağına ümid etdiyini bildirib:
“Bundan başqa, bizim əməkdaşlığımızın mühüm hissəsi mədəniyyətlərarası dialoqdur. Mən cənab prezidentə minnətdaram ki, Azərbaycanın sivilizasiyalar, mədəniyyətlər arasında dialoqa böyük töhfə verdiyini xatırlatdı”.
Dövlət başçısı xatırladıb ki, Azərbaycan Avropa Şurasının və İslam Əməkdaşlıq Təşkilatının üzvüdür.
Prezident bildirib ki, Azərbaycan sivilizasiyalar arasında təbii coğrafi və mədəni körpüdür və Azərbaycanın insan kapitalına töhfəsi yaxşı nəticələr verir.
İlham Əliyev qeyd edib ki, Azərbaycan Avropa İttifaqı ölkələri ilə əməkdaşlıqda yaxşı təcrübəyə malikdir: “Onlardan doqquzu, yəni üzv dövlətlərin üçdə biri ilə bizim strateji tərəfdaşlıq haqqında artıq imzalanmış və ya qəbul edilmiş sənədlərimiz var”.
Dövlət başçısının sözlərinə görə, bu, Aİ və Azərbaycan arasında gələcək saziş üçün yaxşı əsasdır:
“Bu gün əməkdaşlığımızın tarixində əlamətdar gündür, çünki biz əməkdaşlığımızda yeni səhifə açırıq. Mən danışıqlar aparan şəxslərə uğurlar arzulayıram və ümid edirəm ki, onlar vaxt itirməyəcək, sabah danışıqlara başlayacaqlar və yaxın vaxtlarda bizim aramızda uzunmüddətli strateji əməkdaşlığı müəyyən edəcək sənədi təqdim edəcəklər”.