...

Nazir: Polşa nəqliyyat dəhlizləri ilə bağlı Azərbaycandan olan tərəfmüqabilləri ilə əməkdaşlığa hazırdır (FOTO)

Siyasət Materials 11 Aprel 2017 19:03 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov Polşaya səfəri çərçivəsində bu ölkənin dəniz və daxili su hövzələri nəqliyyatı naziri Marek Qrabarçık və infrastruktur və tikinti naziri Andjey Adamçık ilə görüşüb.
Nazir: Polşa nəqliyyat dəhlizləri ilə bağlı Azərbaycandan olan tərəfmüqabilləri ilə əməkdaşlığa hazırdır (FOTO)

Bakı. Trend:

Xarici işlər naziri Elmar Məmmədyarov Polşaya səfəri çərçivəsində bu ölkənin dəniz və daxili su hövzələri nəqliyyatı naziri Marek Qrabarçık və infrastruktur və tikinti naziri Andjey Adamçık ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşlərdə hər iki ölkənin limanları və tikinti üzrə qurumları arasında əməkdaşlığın inkişaf etdirilməsi yolları müzakirə olunub.

E.Məmmədyarov Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar və görülən işlər barədə ətraflı məlumat verib. O, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və onun imkanları, eləcə də yaxın gələcəkdə logistika sahəsində nəzərdə tutulan irimiqyaslı layihələr haqqında danışıb.

M.Qrabarçık gəmilərin tikintisi və balıqçılıq təsərrüfatının inkişaf etdirilməsi məsələlərinə toxunub və Polşanın təcrübəsi ilə bölüşüb.

E.Məmmədyarov Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən nəqliyyat layihələri, xüsusən Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin iqtisadi faydalılığı və gələcək perspektivlərindən söz açıb və xüsusilə Şimal-Cənub dəmir yol xəttinin Polşanın limanlarına çıxış imkanlarından danışıb.

M.Qrabarçık dəniz limanları arasında əməkdaşlığı inkişaf etdirmək üçün Azərbaycanlı həmkarlarını Polşaya dəvət edib.

İnfrastruktur naziri A.Adamçik Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin Polşa üçün də maraq kəsb etdiyini qeyd edib və Azərbaycandan olan tərəfmüqabilləri ilə əməkdaşlığa hazırlığını ifadə edib.

Görüşlərdə SOCAR-ın Polşanın ORLEN və LOTOS şirkətləri ilə əməkdaşlığı, “Sarmatiya Beynəlxalq Boru Kəməri Müəssisəsi” çərçivəsində SOCAR-la Polşanın "Pşiyazn” şirkəti ilə əlaqələri məmnuniyyətlə qeyd olunub. Həmçinin, Polşanın “Novol” şirkətinin və 20-dən artıq digər şirkətinin ölkəmizdə ticarət, sənaye, nəqliyyat, xidmət, tikinti, sığorta, bankçılıq və sair sahələrdə uğurlu fəaliyyəti vurğulanıb. Azərbaycan şirkətlərinin də daha fəal şəkildə Polşa iqtisadiyyatında təmsil olunması üçün əlverişli imkanların olduğu diqqətə çatdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti