Bakı. Trend:
Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və onun tərkibində qalacaq.
Trend-in məlumatına görə, bunu erməni vəhşiliyi nəticəsində Füzuli rayonu Alxanlı kəndində Sahibə Quliyeva və onun ikiyaşlı nəvəsi Zəhra Quliyevanın qətlə yetirilməsi ilə bağlı Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Berlin ofisi tərəfindən verilən sorğuya cavab olaraq, Almaniya Bundestaqının Xristian Demokrat İttifaqından olan deputatı Olav Quittinq bəyanatla çıxış edib.
Bəyanatda bildirilir ki, almaniyalı deputatlar Azərbaycanın Füzuli rayonunda Sahibə Quliyeva və onun iki yaşlı nəvəsi Zəhra Quliyevanın qətlə yetirilməsi ilə bağlı kədərli xəbərdən təəssüf hissi keçiriblər:
"Onlar bu əraziləri qanunsuz işğal etmiş erməni silahlı qüvvələrinin vəhşiliyinin qurbanı olublar. Bundan əlavə, ermənilərin açdığı atəş nəticəsində bir neçə dinc sakin də ciddi xəsarət alıb. Vəziyyətin bu cür gərginləşməsi son dərəcə narahatlıq doğurur və münaqişənin sülh yolu ilə həllinə ciddi təhlükə yaradır".
O.Quittinq dinc əhalinin tələfatına yönəlmiş hücumları dayandırmağı və atəşkəs rejiminə riayət eyməyə çağırır. Bundan əlavə, o, tərəfləri sülh danışıqları aparmağa çağırıb.
Bundestaq üzvü vurğulayıb ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrində ifadə olunduğu kimi, Dağlıq Qarabağ və ona bitişik yeddi rayon Azərbaycanın ayrılmaz tərkib hissəsidir və onun tərkibində qalacaq: "Yalnız erməni silahlı qüvvələrinin bu ərazilərdən çıxarılması dinc əhalinin tələf olmasının qarşısını ala, sülh prosesinin inkişaf etməsinə isə zəmin yarada bilər".
Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.