...

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib (FOTO) (YENİLƏNİB-3)

Siyasət Materials 12 İyul 2017 11:33 (UTC +04:00)
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib (FOTO) (YENİLƏNİB-3)

Bakı. Trend:

İyulun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

Dövlətimizin başçısı iclası giriş nitqi ilə açdı:

- İlin birinci yarısı arxada qalıb. Bu gün biz altı ayda görülən işlərə yekun vuracağıq, eyni zamanda, görüləcək işlər haqqında danışacağıq. Bütövlükdə Azərbaycan 2017-ci ilin birinci yarısında uğurla inkişaf edib, qarşıda duran bütün vəzifələr icra olunub, ölkəmiz daha da güclənib və beynəlxalq əlaqələrimiz daha da dərinləşib.

Əfsuslar olsun ki, 2017-ci ildə dünyada çox təhlükəli meyillər daha da güclənir. Həm bizim bölgəmizdə, həm dünyada narahatedici məqamlar kifayət qədər çoxdur. Müharibələr, münaqişələr, qanlı toqquşmalar, böhranlar - əfsuslar olsun ki, bugünkü beynəlxalq mənzərənin əlamətləri bunlardır. Azərbaycan isə uğurla inkişaf edir. Azərbaycanda sabitlik möhkəmlənir. Sabitliyin mənbəyi Azərbaycan xalqıdır, xalq-iqtidar birliyidir.

Azərbaycanda bütün sosial-iqtisadi məsələlər uğurla öz həllini tapır, ölkəmizdə təhlükəsizlik tədbirləri yüksək səviyyədədir. Azərbaycan bu bölgədə və dünyada sabitlik məkanı kimi tanınır. Əlbəttə ki, belə bir şəraitdə həm investisiyaların qoyuluşu üçün maraq göstərilir, eyni zamanda, xalqımız rahat yaşayır, əhalimizin rifah halı yaxşılaşır. Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində öz gələcəyini qurur.

Bu ilin altı ayında bizim beynəlxalq əlaqələrimiz daha da fəallaşıb. Bu gün Azərbaycan beynəlxalq aləmdə çox böyük hörmətə layiq olan ölkə kimi tanınır. Dostlarımızın sayı artır və beynəlxalq təşkilatlarda da bizim fəaliyyətimiz çox müsbətdir. Mən ilin altı ayında 10 xarici səfər etmişəm - beş Avropa ölkəsinə, beş müsəlman ölkəsinə. Davos və Münxendə keçirilən dünyanın aparıcı iqtisadi, siyasi və təhlükəsizlik konfranslarında Azərbaycan ləyaqətlə təmsil olunmuşdur. Eyni zamanda, mənim Avropa Komissiyasına çox uğurlu səfərim olubdur, Fransaya və Polşaya rəsmi səfərlər etmişəm. Müsəlman ölkələrinə gəldikdə isə, İrana, Qətərə, Pakistana, Səudiyyə Ərəbistanına, Türkiyəyə səfərlər etmişəm. Azərbaycan səfər etdiyim bütün bu ölkələrlə əlaqələrini daha da genişləndirir, möhkəmləndirir. Bu səfərlərimin coğrafiyası əslində bizim xarici siyasətimizin nə qədər düzgün və milli maraqlara xidmət edən siyasət olduğunu bir daha təsdiqləyir. Bununla bərabər, bu ilin birinci yarısında doqquz xarici dövlət və hökumət başçısı Azərbaycana səfər edibdir. Bu da çox gözəl göstəricidir.

Bu il Azərbaycanda bir neçə mötəbər beynəlxalq tədbir keçirilmişdir. Əlbəttə ki, mötəbər beynəlxalq tədbirlərin keçirilməsi hər bir ölkə üçün önəmlidir. Bu tədbirlər əslində ölkəyə olan münasibəti, hörməti əks etdirir. Azərbaycanda keçirilən mötəbər tədbirlər ən yüksək səviyyəli tədbirlərdir. Onların arasında əsas tədbirləri qeyd etmək istərdim. Bu il Bakıda V Qlobal Forum keçirilibdir. Bu, artıq dünya miqyasında çox dəyərli, səviyyəli bir tədbirdir. Əgər Davosda daha çox iqtisadi, Münxendə təhlükəsizlik məsələləri müzakirə olunursa, Qlobal Bakı Forumunda daha çox siyasi və eyni zamanda, bütün digər məsələlər müzakirə edilir. Forumda bir neçə ölkənin dövlət və hökumət başçıları, tanınmış siyasətçilər, ictimai xadimlər iştirak etmişlər. Qlobal Bakı Forumu artıq dünya xəritəsində özünəlayiq yerini tuta bilmişdir.

Bu il IV Mədəniyyətlərarası Dialoq Forumu keçirilmişdir. Bu da bizim təşəbbüsümüzlə bir neçə il bundan əvvəl ilk dəfə keçirilmiş tədbirdir. Builki tədbirdə Azərbaycanla bərabər dünyanın altı aparıcı beynəlxalq təşkilatı Forumun təşkilatçısı kimi çıxış etmişdir. Forumda aparılmış müzakirələr və qəbul edilmiş qərarlar əlbəttə ki, multikulturalizm dəyərlərinin möhkəmlənməsinə xidmət edir. Azərbaycan Forum çərçivəsində bir daha multikulturalizmin mərkəzlərindən biri kimi qeyd olundu. Əlbəttə ki, belə tədbirlərin ölkəmizdə keçirilməsi həm bizim beynəlxalq nüfuzumuzu artırır və eyni zamanda, bu tədbirlər dünyada gedən müsbət proseslərə öz töhfəsini verməkdədir.

Bu il Bakıda IV İslam Həmrəyliyi Oyunları keçirilmişdir. Bu da qlobal tədbirdir. Biz həm Avropa Oyunlarını, həm İslam Həmrəyliyi Oyunlarını ən yüksək səviyyədə keçirmişik, minlərlə idmançı, qonaq bizim gözəl Bakı ilə tanış olub, şəhərimizə, ölkəmizə heyran qalıb. Bizim təşkilatçılıq qabiliyyətimiz də ən yüksək səviyyədədir. Ən önəmlisi ondan ibarətdir ki, Azərbaycan milli komandası bu Oyunlarda birinci yeri tuta bilmişdir. Bu da bir daha onu göstərir ki, Azərbaycan güclü idman dövlətidir. Azərbaycan Avropa Oyunlarında ikinci, İslam Həmrəyliyi Oyunlarında isə birinci yerdədir. O ki qaldı, Olimpiya Oyunlarına, son Olimpiya Oyunlarında medalların sayına görə Azərbaycan dünya miqyasında on dördüncü ölkə idi.

Bu il 24-cü Xəzər neft-qaz sərgi və konfransı keçirilmişdir. Bu sərgi və konfrans dünya miqyasında enerji sektorunda seçilmiş tədbirlərdən biridir. Bunun ən gözəl göstəricisi ondan ibarətdir ki, bu tədbirə Amerika Birləşmiş Ştatlarının Prezidenti cənab Tramp məktub göndərmişdir. Mənə ünvanlanan məktub əlbəttə ki, Xəzər neft-qaz sərgi və konfransının əhəmiyyətini artırır, eyni zamanda, Amerika Birləşmiş Ştatları tərəfindən Azərbaycanın icra etdiyi uğurlu enerji layihələrinə göstərilən növbəti dəstəkdir. Əlbəttə ki, belə xoş münasibət Amerika-Azərbaycan əlaqələrinin uğurlu inkişafı üçün yeni zəmin yaradır. Bir neçə gün bundan əvvəl Amerikanın dövlət katibi ilə İstanbulda görüşüm bir daha bizim strateji əlaqələrimizi təsdiqlədi və bu gün Amerika-Azərbaycan əlaqələri yeni mərhələyə qədəm qoyur.

Ölkəmizdə keçirilmiş bu tədbirlər, - mən ancaq əsas tədbirləri qeyd etdim, - əslində, Azərbaycanın dünyadakı rolunu, inkişafını, ölkəmizə beynəlxalq aləmin, aparıcı dövlətlərin hörmətini, rəğbətini göstərir.

Bizim xarici siyasətimizin əsas məsələsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Əfsuslar olsun ki, bu ilin birinci yarısında bu istiqamətdə - danışıqlar istiqamətində heç bir nəticə əldə edilməmişdir. Bununla bərabər, hesab edirəm ki, 2017-ci ildə münaqişənin həlli ilə bağlı önəmli hadisələr də baş vermişdir və Azərbaycanın haqlı mövqeyi daha da böyük dəyər qazanmışdır.

Mən bir neçə faktı Azərbaycan ictimaiyyətinin diqqətinə çatdırmaq istərdim. İlk növbədə, bu il qondarma separatçı rejim Ermənistanın siyasi rəhbərliyinin təhriki ilə Dağlıq Qarabağda növbəti qondarma, qanunsuz, dırnaqarası referendum keçirmişdir. Bu “referendum”un keçirilməsi əslində onların böyük səhvidir, daha doğrusu, axmaqlığıdır. Onların bir qədər ağlı olsaydı, heç vaxt buna getməzdilər. Çünki bəri başdan bəlli idi ki, dünya birliyi bu qondarma tədbiri tanımayacaq. Belə də oldu. Minsk qrupu bəyanat verdi, onun həmsədrləri – Amerika, Fransa, Rusiya “referendum”u tanımadılar. Avropa İttifaqı referendumu tanımayıb. Qonşu ölkələr – İran, Gürcüstan “referendum”u tanımayıb. Digər ölkələr də oxşar bəyanatlarla çıxış etdilər. Bu qondarma “referendum”un tanınmaması Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu bir daha təsdiqləyir. Bütün dünya və münaqişənin həlli ilə bilavasitə məşğul olan ölkələr bu münasibətləri ilə bir daha təsdiq edirlər ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bu, həqiqətdir, bu, tarixi həqiqətdir və əlbəttə ki, bu həqiqət bir daha qeyd olundu. Bu, Ermənistanın növbəti biabırçılığı idi.

Bilirsiniz ki, aprel hadisələrindən sonra Ermənistan danışıqların bərpa edilməsi üçün bir neçə şərt qoyurdu və bunu açıq şəkildə bəyan edirdi. Mən o vaxt yenə də görürdüm, bilirdim ki, bu, növbəti axmaqlıqdır. Çünki gec-tez onlar danışıqlar masasına qayıdacaqlar, sadəcə olaraq, özlərini olmayan hörmətdən növbəti dəfə salacaqlar. Belə də oldu. Dünən Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşüblər. Danışıqlar prosesi bərpa edilib, heç bir şərt Azərbaycan tərəfindən qəbul edilməyib, danışıqlar prosesi qeyd-şərtsiz bərpa edilibdir.

Bu, bizim mövqeyimizdir, biz həmişə demişik ki, belə olmalıdır. Bu, Minsk qrupunun həmsədr ölkələrinin də mövqeyidir. Ona görə işğalçını məcbur etdilər və o, danışıqlar masasına qayıdıb. İndi məsələ ondan ibarətdir ki, tezliklə substantiv, yəni, mənalı, konkret danışıqlar bərpa edilməlidir. Danışıqlar nəticəsində torpaqlarımız işğaldan azad edilməlidir, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Bizim mövqeyimiz bundan ibarətdir. Bundan kənarda heç bir həll yolu mümkün deyil.

Ermənistan isə həmişə çalışırdı ki, həm danışıqları pozsun və onlara təzyiq artdıqca təxribat törətsin. Bunu biz yaxın tarixdən yaxşı bilirik. Hələ 1990-cı illərin sonlarında Ermənistan parlamentində terror aktı törədilmişdir və bu da ovaxtkı Ermənistan rəhbərliyi üçün bir bəhanə idi ki, danışıqlar pozulsun. Belə də oldu. 2014-cü ildə Fransada keçirilmiş danışıqlardan dərhal sonra Ermənistan növbəti hərbi təxribata əl atdı, Ağdam rayonunda hərbi təlimlər təşkil etdi. Bizim mövqelərimizə helikopterlər hücuma keçdi və onlardan biri Azərbaycan Ordusu tərəfindən məhv edildi.

2016-cı il martın sonunda Vaşinqtonda nüvə sammitində mən də iştirak edirdim, Ermənistan prezidenti də. O vaxt Ermənistan prezidentinə təzyiqlər göstərilirdi ki, məsələ tezliklə öz həllini tapsın. Danışıqları pozmaq üçün aprel hadisələri törədildi, bizə qarşı təxribat törədildi. Azərbaycan Ordusu düşmənə layiqli cavab verdi. Bu cavab nəticəsində bu gün bizim bayrağımız Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının işğaldan azad edilmiş torpaqlarında dalğalanır.

O vaxtdan bu günə qədər danışıqlar aparılmırdı və Ermənistana təzyiq artırdı. Danışıqlara başlamamaq üçün onlar keçən ay növbəti hərbi təxribat törətdilər, bir əsgərimiz həlak oldu. Yenə də Azərbaycan Ordusu onları cəzalandırdı. Azərbaycan Ordusunun zərbəsi nəticəsində bir çox işğalçı məhv edildi. Növbəti təxribat bu ayın 4-də Füzuli rayonunun Alxanlı kəndində baş verdi. Bu, hərbi cinayətdir. Bu, erməni faşizminin təzahürüdür və bu cinayətə görə Ermənistan öz cavabını almışdır. Bu, misli görünməmiş vəhşilikdir. Balaca Zəhranın və onun nənəsinin öldürülməsi erməni faşizminin eybəcər sifətini bütün dünyaya göstərdi.

Bu cinayət cavabsız qalmadı. Azərbaycan ictimaiyyəti də bunu bilir. Baxmayaraq ki, Ermənistan öz itkilərini həmişə gizlətmək istəyir. Amma bütün itkiləri gizlədə bilmir. Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr endirdi. Bu zərbələr nəticəsində bir çox işğalçı məhv edildi. Balaca Zəhranın, onun nənəsinin qanı yerdə qalmadı. Həmişə də belə olacaq. Nəyə hesablanmışdır bu cinayət? İlk növbədə, bu, Ermənistan siyasi rəhbərliyinin xislətini göstərir. Xocalı qatilindən, uşaq, qadın qatilindən başqa bir şey gözləmək mümkün deyil. Bu, erməni faşizmidir, bütün dünya da bunu belə qəbul etməlidir. Bu, birincisi.

İkincisi, iyulun 11-də xarici işlər nazirlərinin görüşü nəzərdə tutulmuşdu. Artıq bu tarix bəlli idi, sadəcə olaraq, son günlərdə bu tarix açıqlandı. Bu təxribatı törətməklə onlar hesab edirdilər ki, Azərbaycan danışıqlardan imtina edəcək. Biz imtina edə bilərdik, əgər onlara layiqli cavab verməsəydik. Cavablarını verdik, işğalçıları məhv etdik, onları cəzalandırdıq, sonra da danışıqlara getdik.

Bax, budur Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olan əsas məsələlər. Ona görə mən deyirəm ki, bu il Azərbaycan mövqeləri daha da möhkəmləndi. Alxanlı kəndində törədilmiş hərbi cinayətin dünyada böyük əks-sədası var. Yəni, Ermənistan gördü ki, Azərbaycan böyük beynəlxalq dəstəyə malikdir. Bizim bütün qurumlarımız çox fəal, operativ işlədilər, bu məlumatı dünya ictimaiyyətinə çatdırdılar. Həm dövlət qurumları, səfirliklər, diaspor təşkilatları, ictimai təşkilatlar, bizim xaricdəki dostlarımız öz səslərini ucaltdılar və Ermənistana, onun faşist xislətli siyasi rəhbərliyinə dünyada nifrət daha da artdı.

O ki qaldı, danışıqların perspektivlərinə, bir daha demək istəyirəm ki, danışıqlar bərpa edilir, bu, müsbət haldır. İndi əsas vəzifə tezliklə məsələni həll etməkdir ki, Azərbaycanın ərazi bütövlüyü bərpa edilsin. Əminəm ki, belə də olacaq. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq.

Həmişə olduğu kimi, biz bu il də hərbi potensialımızın gücləndirilməsinə böyük diqqət göstərmişik. Yeni silahlar, ən müasir texnika alınır. Özü də biz texnikanı, silahları, ən müasir avadanlığı müxtəlif ölkələrdən alırıq və onların bir hissəsi artıq gəlir, bir hissəsi isə gələcəkdir. Bu, bizim hərbi potensialımızı daha da artıracaq. Bu günün özündə biz işğal edilmiş torpaqlarda istənilən hədəfi məhv edə bilərik. Amma biz öz hərbi potensialımızı daha da gücləndirməliyik. Buna ehtiyac var və buna bizim imkanlarımız çatır. Yoxsul Ermənistandan fərqli olaraq, biz bütün hərbi texnikanı öz hesabımıza alırıq və Azərbaycanda da bu texnikanı istehsal edirik. Bu il Azərbaycanda iki yeni hərbi zavod fəaliyyətə başlamışdır. Bu gün Azərbaycan həm özünü böyük dərəcədə silah-sursatlarla təmin edir, eyni zamanda, xarici ölkələrə də ixrac edir.

Məcburi köçkünlərin problemləri həmişəki kimi bu il də diqqət mərkəzində olubdur. Son illər yüzə yaxın qəsəbə salınmışdır. Ancaq onların arasında bu il açdığımız Cocuq Mərcanlı qəsəbəsi xüsusi yer tutur. Bu, tarixi hadisədir. Bu, bizim şanlı tariximizə qızıl hərflərlə yazılan hadisədir. Biz işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndini bərpa etdik. Orada 50 ev, məktəb, Şuşa məscidinin bənzəri olan məscid tikilib, yol çəkilib, bütün infrastruktur yaradılıb. Ailələr oraya qayıdır. Açılışdan sonra mən növbəti Sərəncam imzaladım. Növbəti 100 evin, tibb məntəqəsinin və digər lazımi obyektlərin tikintisi üçün də vəsait ayrılmışdır. Əminəm ki, gələcək aylarda Cocuq Mərcanlı kəndi tam bərpa ediləcək və bu kəndə tam həyat qayıdacaqdır.

Digər layihələr icra edilir. Tərtər rayonunda böyük şəhərcik salınır. Sumqayıt və Bakı şəhərlərində həm yeni şəhərciklər tikilir, həm köçkünlər üçün mənzillər alınır və onlara verilir. Masazırda, Sumqayıtda, Qaradağ rayonunda belə təşəbbüslər irəli sürülür. Onların arasında Qaradağ layihəsini xüsusilə qeyd etmək istərdim. Çünki bu, bir yenilikdir, yeni təşəbbüsdür. Bu, özəl sektor tərəfindən inşa edilən böyük şəhərcikdir. Orada min köçkün ailəsi məskunlaşacaq və bu, çox gözəl nümunədir.

Bu gün Azərbaycanda yaratdığımız şərait nəticəsində yüzlərlə, minlərlə sahibkar öz fəaliyyətini genişləndirir. Bizim sahibkarlarımız böyük imkanlara malikdirlər. Sahibkarların sosial məsuliyyəti də yüksək səviyyədə olmalıdır. Bu şəraiti onlar üçün biz yaratmışıq. Çünki indi Azərbaycanda sabitlik, sürətli inkişaf olmasaydı, bizim sahibkarlar bu qədər inkişaf edə bilməzdilər. Eyni zamanda, dövlət onlara güzəştli şərtlərlə kreditlər verir, onların məsələləri həll olunur. Mən sahibkarlarla dəfələrlə görüşmüşəm. Hər il bir neçə dəfə görüşürəm və tam dəstək göstərilir. Onlar da öz növbəsində sosial məsuliyyəti dərk etməlidirlər. Ona görə, Qaradağ rayonunda sahibkarlar tərəfindən öz vəsaitləri hesabına 1000 mənzillik şəhərciyin tikilməsi çox yaxşı təşəbbüsdür. Mən bunu bəyənirəm, alqışlayıram. Bu, bütün sahibkarlara nümunə olmalıdır. Mən bundan sonra sahibkarların fəaliyyətini, o cümlədən bu göstəriciyə görə də qiymətləndirəcəyəm.

Əlbəttə ki, bütün bu məsələlərin həll edilməsi bir daha bizim dövlətimizin siyasətini, niyyətini ortaya qoyur. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. Ona görə sosial məsələlərin həlli daim diqqət mərkəzindədir. Bu il bu məsələlərlə bağlı ciddi addımlar atılmışdır. Beş milyondan çox insan bu il pulsuz müayinədən keçmişdir. Bilmirəm, hansı ölkədə belə bir təşəbbüs var ki, insanlar, əhalinin böyük əksəriyyəti il ərzində pulsuz müayinədən keçsin.

Sosial infrastruktur obyektlərinin tikintisi aparılmışdır və aparılır. Birinci altı ayda 26 tibb müəssisəsi tikilmiş və təmir edilmişdir. İyirmidən çox modul tipli məktəb tikilmişdir. İlin sonuna qədər onların sayı 100-ə çatmalıdır. Yəni, sosial infrastruktur məsələlərinin həlli daim diqqət mərkəzindədir.

Əlbəttə ki, bütün bu uğurlara nail olmaq üçün bizim güclü iqtisadi potensialımız olmalıdır. Altı ayın göstəriciləri məni çox qane edir. Qeyri-neft iqtisadiyyatımız altı ayda 1,7 faiz artıb. Bu, çox yaxşı göstəricidir. Mən xüsusilə qeyri-neft iqtisadiyyatını qeyd edirəm. Çünki ümumi iqtisadi göstərici, yəni, ümumi daxili məhsulun göstəriciləri daha çox neftin hasilatına və neftin qiymətinə bağlıdır. Bu da dəyişir. Ona görə, bu, bizim gördüyümüz işlərə qiymət vermək üçün əsas amil kimi qəbul edilə bilməz.

Qeyri-neft iqtisadiyyatımızda 1,7 faiz artım bizim apardığımız iqtisadi islahatların nəticəsidir. Hesab edirəm ki, bu, xüsusilə indiki şəraitdə çox yaxşı göstəricidir. Qeyri-neft sənayesi daha çox artıb. Burada artım 4,4 faizdir. Hesab edirəm ki, bu da mümkün olan ən gözəl göstəricidir. Bu, onu göstərir ki, islahatlar və apardığımız siyasət öz nəticəsini verir.

Bu ilin altı ayında ölkə iqtisadiyyatına 5 milyard dollar sərmayə qoyulub. Bu gün sərmayə qoyuluşu demək olar ki, bütün ölkələrdə azalır. Çünki maliyyə sıxıntıları, problemlər var. Amma Azərbaycana sərmayə qoyulur və bu sərmayənin böyük hissəsi xarici sərmayədir. Yəni, xarici investorlar üçün Azərbaycan çox cəlbedici ölkədir. Nəyə görə? Təkcə ona görə yox ki, bizdə yaxşı investisiya iqlimi var. Ona görə ki, Azərbaycan bu gün sabitlik məkanıdır və investorlar ancaq sabit olan yerlərə sərmayə qoyurlar. Sabit olan ölkələrin sayı kəskin azalır. Ona görə əminəm ki, gələcəkdə daha çox xarici sərmayədar Azərbaycana investisiya qoymaq üçün bizə müraciət edəcək.

Bizim valyuta ehtiyatlarımız artıb və bu günə 40,6 milyard dollar təşkil edir. Bu da çox gözəl göstəricidir. Çünki ilin əvvəlindən bu günə qədər valyuta ehtiyatlarımız təxminən 3 milyard dollar artıb. Baxın, neftin qiyməti kəskin şəkildə düşüb. Sonra isə müəyyən dərəcədə qalxıb. Yenə də düşmə ehtimalı var. Amma bizim valyuta ehtiyatlarımız artır. Nəyə görə? Düşünülmüş siyasətə görə. Ona görə ki, biz heç vaxt populist işlərlə məşğul olmamışıq. Biz hər zaman ölkəmizin uzunmüddətli inkişafı ilə məşğul olmuşuq. Biz həm qənaət etdik, həm islahatlar apardıq. Ancaq strateji əhəmiyyət daşıyan layihələrə vəsait ayırdıq. Əlbəttə ki, biz idxalı azaltmışıq, ixracı isə artırmışıq. Büdcə ilə bağlı heç bir problem yoxdur. Ona görə, Neft Fondundan büdcəyə transferlər də azaldı. Yəni, ilin altı ayında valyuta ehtiyatlarının 3 milyard dollar artması mükəmməl nəticədir.

Bu il 122 min yeni iş yeri açılmışdır ki, onlardan 101 mini daimi iş yeridir. Onu da qeyd etməliyəm ki, 24 min iş yeri bağlandı. Bunun da həm obyektiv, həm də subyektiv səbəbləri var. Bu, əslində daimi prosesdir. Ancaq biz rəqəmlərə baxanda, - 122 min iş yeri açılıb, 24 min iş yeri isə bağlanıb, - əlbəttə, görürük ki, yenə də iş yerlərinin açılması prosesi uğurla gedir. Ona görə də bizdə işsizlik aşağı səviyyədədir.

Xarici ticarət dövriyyəsinin göstəriciləri də müsbətdir. Bu ilin altı ayında ixrac 36 faiz artıb. Burada da ən önəmlisi qeyri-neft ixracıdır. Qeyri-neft ixracı altı ayda 27 faiz artıb. Bax, budur gördüyümüz işlərin nəticələri. Bununla bərabər, idxal 15 faiz azalıbdır. Müsbət saldo 1,9 milyard dollar təşkil edir. Hesab edirəm ki, hər bir ölkə üçün bu, ən arzuolunan nəticələrdir. Kənd təsərrüfatı da 2,2 faiz artıbdır.

Bu göstəricilər, - yəni, bunlara heç bir şərh verməyə ehtiyac yoxdur, - dünya miqyasında bu gün ən gözəl göstəricilərdir. Bunu o ölkə əldə edib ki, biz hələ enerji amilindən asılıyıq. O ölkə əldə edib ki, onun gəlirləri son iki il ərzində üç-dörd dəfə azalıb. Bax, budur bizim siyasətimiz, gördüyümüz işlər və əldə etdiyimiz nəticələr.

X X X

Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov çıxış edərək dedi:

- Möhtərəm cənab Prezident.

Sizin rəhbərliyiniz ilə həyata keçirilmiş ardıcıl tədbirlər sayəsində ekoloji durumun yaxşılaşdırılması istiqamətində mühüm əhəmiyyət daşıyan və vaxtilə real görünməyən nailiyyətlər əldə olunub.

İcazə verin nazirlik tərəfindən ətraf mühitin sağlamlaşdırılması istiqamətində görülmüş işlər barədə məlumat verim.

Son 15 ildə meşə fondu ərazilərində 144,5 min hektar sahədə 101,5 milyon ağac əkilib.

Sizin tapşırığınıza əsasən yaşıllaşdırma işləri geniş vüsət alıb, son 6 il ərzində arid sahələrdə yeni yaşıllaşdırma layihələri həyata keçirilib, 4150 hektardan artıq ərazidə 5,2 milyondan çox ağac əkilib, 11 min kilometr uzunluğunda damcılı suvarma sistemləri qurulub.

Nazirliyin nəzdində yaradılmış “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhmdar Cəmiyyətinin xidməti ərazisində 2 min hektar sahədə zeytun bağları salınıb, burada becərilən zeytun ağaclarının sayı 1,3 milyonu keçib. Bu bağlardan 2016-cı ildə ilk dəfə 100 ton məhsul götürülüb. Məhsuldarlığın ildən-ilə artaraq 2017-ci ildə 1000 tona, 2025-ci ilədək isə 15 min tona çatması gözlənilir.

Bundan başqa, 2017-2021-ci illər ərzində əlavə olaraq 5396 hektar ərazi müəyyənləşdirilib ki, orada da zeytun plantasiyasının salınması, o cümlədən yaşıllaşdırma aparılması nəzərdə tutulur. Mövcud və növbəti 5 ildə salınması nəzərdə tutulan bağlardan alınacaq məhsul gələcəkdə zeytun yağı və digər zeytun məhsullarına daxili ehtiyacın ödənilməsini təmin etməklə bərabər, ildə təxminən 50 milyon ABŞ dolları məbləğində ixrac potensialının yaradılmasına səbəb olacaq.

Zeytun tinglərinə olan tələbatı xaricdən gətirməklə yox, daxili imkanlar hesabına ödəmək üçün “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhmdar Cəmiyyətinin tinglik sahələrində vaxtilə İtaliya və Türkiyədən gətirilmiş elit sortlar hesabına, çilikləmə və toxumla yetişdirmə yolu ilə 2 milyon 250 min zeytun tinginin yetişdirilməsi nəzərdə tutulur. Bunun da 800 min ədədi artıq 2016-cı ildə təmin edilib, 2017-ci ilin yazında əlavə olaraq 450 min ədəd çilik kökləndirilib və bu payızda artıq biz standarta uyğun 300 min ədəd zeytun materialını əkinə yönəldəcəyik.

Ekoloji sahəyə göstərdiyiniz xüsusi diqqət sayəsində Azərbaycanda bu istiqamətdə həyata keçirilən tədbirlər beynəlxalq ictimaiyyətin də marağına səbəb olub. BMT-nin sifarişi ilə məşhur Yel və Kolumbiya universitetləri tərəfindən xüsusi bir elmi mərkəz yaradılıb və həmin mərkəz 2016-cı ildə Ekoloji Fəaliyyətin Effektivliyi İndeksini hazırlayıb. 180 ölkəni əhatə edən indeksə görə Azərbaycan 31-ci sırada qərarlaşıb. Azərbaycan Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə ikinci, MDB ölkələri arasında isə birinci olub.

Meşələrlə bağlı qiymətləndirmə üzrə Azərbaycan dünyada ilk beş ölkə sırasına daxil edilib. Bu yüksək göstəricinin qazanılmasına yeni meşə əkinlərinin salınması nəticəsində meşə ilə örtülü ərazilərin sahəsinin artması, regionların qazlaşdırılması, meşələrin mühafizəsi tədbirlərinin gücləndirilməsi səbəb olub.

Həmin qiymətləndirməyə əsasən Azərbaycan iqlimə təsir edən faktorların azaldılması və enerjidən istifadənin ətraf mühitə təsiri baxımından ikinci, həmin bölmənin atmosferə atılan istixana qazlarının azaldılmasındakı nailiyyətlərə görə isə birinci yerdə qərarlaşıb. Ümumi daxili məhsulun dəfələrlə artmasına baxmayaraq, tullantılar 1990-cı ildəki 73 milyon tondan 51 milyon tona qədər azaldılıb. Buna davamlı inkişaf prinsiplərinə böyük önəm verilməsi, ekoloji təmiz sənayenin və bərpa olunan enerji sektorunun inkişafı, enerji effektivliyinin artırılması, ən əsası isə Azərbaycanın bütün bunlara öz resursları hesabına nail olması səbəb olub.

Hörmətli cənab Prezident, 2016-cı ilin yanvarında keçirilmiş müşavirədə postneft dövrünün başlanması ilə bağlı tərəfinizdən yeni prioritetlər müəyyən edildikdən sonra nazirliyin daxili imkanları hesabına müvafiq addımlar atılıb. Sizin tapşırığınızla torpaq ehtiyatlarının potensial imkanlarından səmərəli istifadə edilməsi məqsədilə meşə fonduna aid 41 min 384 hektar açıq sahələrin iri aqroparkların yaradılması ilə məşğul olan təşkilatların ixtiyarına verilməsi üçün Nazirlər Kabinetinə müraciət olunub, bu istiqamətdə işlər gedir. Meşə ilə örtülü torpaqların açıq sahələrlə əvəz olunması üçün bələdiyyələrin hüdudları daxilində və təsərrüfatların istifadəsindəki dövlət mülkiyyətində olan sahələr müəyyən edilib. 75 min hektar təşkil edən meşə ilə örtülü bu ərazilərin meşə fonduna təhvil verilməsi, çox vacib olardı ki, gələcəkdə qorunması daha yüksək səviyyədə təmin olunardı.

Bundan əlavə, meşə fondunda olan nisbətən kiçik sahəli açıq talalarda meşə növ ağaclardan yox, meşələndirmədə də əhəmiyyətlilik daşıyan meyvə verən ağaclardan aqromeşə massivlərinin salınmasına başlanılıb. Bu torpaqlarda 2017-ci ildən başlayaraq artıq 2200 hektar ərazidə 1,1 milyon ədəd tut, qoz, fındıq, nar, badam, şabalıd, zeytun və digər tinglər əkilməklə meyvə bağları salınıb.

Qarşıdakı beş ildə aqroparkların yaradılması ilə bağlı dövlət büdcəsindən əlavə vəsait cəlb edilmədən 23 çeşiddə 87,6 milyon ədəd, o cümlədən 8,2 milyon tut, 6,6 milyon qoz, 10,5 milyon fındıq, 2,9 milyon şabalıd, 3,7 milyon innab, 2,5 milyon zeytun və digər tinglərin yetişdirilməsi nəzərdə tutulub ki, artıq bunlardan 3 milyon 633 mini yetişdirilib. Bundan başqa, 2017-ci ilin 6 ayı ərzində müxtəlif meyvə ağaclarından 17 ton toxum tədarük edilib, fidan yetişdirmək üçün 14,3 hektar sahədə toxum səpilib, 2 milyon 262 min ədəd çilik basdırılıb, qapalı kök sistemi ilə 654 min 445 ədəd meyvə tingi yetişdirilib.

İpəkçiliyin prioritetlərdən biri kimi göstərildiyini nəzərə alaraq, 2016-cı ildə 192 min ədəd standart tut tingi müxtəlif rayonlarda tut bağlarının salınması üçün ödənişsiz paylanılıb və bu istiqamətdə işlər davam edir.

Nəzərə alsaq ki, salınacaq aqromeşə massivlərinin bir hissəsi Abşeron, Salyan və Qaradağ kimi arid ərazilərə düşür, burada suvarma ilə bağlı məsələlər də öz həllini tapıb. Belə ki, tapşırığınıza əsasən inşa edilmiş və ətraf ərazilərdə salınmış yaşıllıqların suvarılmasında istifadə edilən Xəzər dənizi suyunun duzsuzlaşdırılması zavodunun gücü əlavə tikinti-quraşdırma işləri aparmadan iki dəfə artırılaraq sutkada 2 min kubmetrə çatdırılıb. Eyni zamanda, Şirvan kollektorunun suyunun duzsuzlaşdırılaraq suvarılmaya yararlı vəziyyətə gətirilməsi üçün inşa edilmiş qurğuların istehsal gücü də iki dəfə artırılaraq sutkada 5 min kubmetrə çatdırılıb. Hazırda həmin ərazilərin 1186 hektarında aqromeşələrin salınması üçün hazırlıq işləri aparılır və müvafiq olaraq şorakət suların yararlı hala gətirilərək suvarmada istifadəsi layihəsi hazırlanır.

Möhtərəm cənab Prezident, bioloji müxtəlifliyin qorunub saxlanılması fəaliyyətimizin əsas istiqamətlərindən biridir.

Sərəncamınıza əsasən Zaqatala-Balakən regionunda ölkə tarixində ilk biosfer qoruğun yaradılması istiqamətində iş aparılır. Eyni zamanda, Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisinin genişləndirilərək dəniz akvatoriyasını əhatə edən Milli Parkın yaradılması məqsədilə zəruri tədbirlər görülür. Yeni qorunan ərazilərin yaradılması işi başa çatdıqdan sonra xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi ölkə ərazisinin təxminən 13 faizini təşkil edəcək ki, bu da ən qabaqcıl Avropa ölkələrinin səviyyəsi deməkdir.

Son dövrlərdə proqnoz və erkən xəbərdarlıq sisteminin təkmilləşdirilməsi üçün hidrometeorologiya sahəsində yeni texnologiyaların tətbiqi, modernləşdirmə işləri demək olar ki, başa çatdırılıb. Təkcə son bir il ərzində əlavə 30 ədəd ən müasir avtomat meteoroloji stansiya quraşdırılıb və onların sayı 68-ə çatıb. Bu stansiyalardan biri işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində qurulub.

Bundan başqa, iqlim məlumatlarının idarə olunması sistemi və müasir telekommunikasiya sistemi quraşdırılıb. Bununla da hidrometeorologiyanın avtomatlaşdırma səviyyəsi 100 faizə çatdırılıb. Hidrometeorologiya sahəsində modernləşdirmə işlərinin nəticəsi olaraq, meteoroloji proqnozların özünü doğrultması səviyyəsi 97 faizə çatdırılıb.

Bir neçə il ərzində Milli Monitorinq Sistemi faktiki olaraq sıfırdan yaradılıb və ətraf mühitdə gedən proseslərin qiymətləndirilməsi və proqnozlaşdırılması həyata keçirilib.

Müxtəlif bölgələrdə, o cümlədən qonşu dövlətlərin ərazisində son dərəcə çirklənməyə məruz qalan transsərhəd çayların üzərində analitik tədqiqat laboratoriyaları fəaliyyət göstərir. Xızıda quraşdırılmış atmosferin yüksək qatları ilə ölkəyə daxil olan transsərhəd çirkləndiriciləri təyin edən müasir atmosfer havasının fon monitorinqi stansiyası ilə yanaşı, Bakıda atmosfer havasının çirklənməsinin fasiləsiz monitorinqi məqsədilə ən yeni nəsil avtomatik stansiyalar kompleksi qurulub. Radiasiya, səs-küy, vibrasiya, toz və qazların ölçülməsi məqsədi ilə çoxsaylı avtomatik laboratoriya quraşdırılıb və atmosfer havasının vəziyyəti barədə məlumatların saatbasaat onlayn qaydada ictimaiyyətə çatdırılması təmin edilib.

Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması tədbirləri çərçivəsində Sərəncamınıza əsasən 2017-ci ildə əlavə 15 rayonun 77 min nəfərdən çox əhalisi olan 100 yaşayış məntəqəsində modul tipli qurğuların quraşdırılması məqsədi ilə bütün layihələndirmə işləri başa çatdırılıb. Hazırda 47 obyekt üzrə tikinti işləri həyata keçirilir. Bu işlər tamamlandıqdan sonra ümumilikdə 484 yaşayış məntəqəsində keyfiyyətli içməli su ilə təmin edilmiş əhalinin sayı 700 mini keçəcək.

Möhtərəm cənab Prezident, çıxışımın yekununda Sizi əmin etmək istərdim ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi qarşıya qoyduğunuz vəzifələrin icrası istiqamətində bundan sonra da tam gücü ilə çalışacaq, bütün imkanları ilə səfərbər olunaraq Sizin bütün tapşırıqlarınızı layiqincə yerinə yetirəcək.

Diqqətinizə görə minnətdaram.

X X X

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov çıxış edərək dedi:

-Möhtərəm cənab Prezident.

Ümummilli lider Heydər Əliyevin qurucusu olduğu müasir Azərbaycan dövlətinin bu gün siyasi və iqtisadi sahədə qazandığı uğurlar Sizin tərəfinizdən həyata keçirilən qətiyyətli daxili və xarici siyasətin bəhrəsidir.

Ölkədə aparılan uğurlu sosial-iqtisadi islahatlar nəticəsində digər sahələrdə olduğu kimi, torpaq münasibətlərinin tənzimlənməsi, torpaqların elektron kadastr uçotu sisteminin yaradılması, torpaqlardan səmərəli istifadə olunması, onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi, daşınmaz əmlakın dövlət reyestrinin və kadastrının aparılması, dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi sahəsində də mühüm irəliləyişlərə nail olunub. Sizin verdiyiniz tapşırıqlara əsasən, bu sahələrdə mövcud dünya təcrübəsinə söykənən yeni texnologiya və idarəetmə üsulları tətbiq edilib və qanunvericilik bazası təkmilləşdirilib.

Möhtərəm cənab Prezident, ölkədə ilk dəfə olaraq Bakı, Sumqayıt, Gəncə şəhərlərinin torpaqları və onlar üzərindəki daşınmaz əmlaklar barəsində elektron kadastr məlumat bazası yaradılıb, bu şəhərlərin rəqəmsal kadastr xəritələri tərtib edilib. Ölkə üzrə Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin yaradılması işi müvəffəqiyyətlə icra olunur. Ötən dövrdə respublikanın 12 rayonunda elektron kadastr uçotu işləri yekunlaşıb. Layihə çərçivəsində 870 min hektardan çox ərazidə irimiqyaslı çöl torpaq tədqiqatı, 700 min hektara yaxın ərazidə çöl geobotaniki tədqiqat işləri aparılıb.

Hesabat ilində torpaqların elektron kadastr uçotu layihəsinə cəlb edilmiş 14 rayonda 1 milyon hektardan artıq sahə, 700 minə yaxın parsel üzrə uçot işi yerinə yetiriləcək. Eyni zamanda, bu il ərzində 800 min hektar ərazidə irimiqyaslı torpaq tədqiqatı işlərinin, 550 min hektar ərazidə çöl geobotaniki tədqiqat işlərinin aparılması təmin ediləcək. Torpaq tədqiqatı işlərinin nəticələrinə əsaslanaraq bu ərazilərin torpaq, şorlaşma və eroziya xəritələri hazırlanır, torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi işləri yerinə yetirilir.

Torpaqların kadastr uçotuna alınması işləri yekunlaşdıqca etibarlı kadastr məlumatları əsasında şəhər, qəsəbə, kənd bələdiyyələrinin müasir rəqəmsal xəritələri hazırlanır. Bu işlər Gəncə, Sumqayıt, Şəki şəhərlərinin, Xızı və Salyan rayonlarının inzibati sərhədləri daxilində yerləşən bələdiyyələr üzrə artıq yekunlaşıb. Torpaq uçotu materiallarının təhlili göstərir ki, bir sıra təsərrüfatlarda pay bölgüsünün sona çatdırılmaması halları, pay torpaqlarına dair sənədlərdəki məkan göstəriciləri ilə vətəndaşların torpaqlardan faktiki istifadə vəziyyətləri arasında uyğunsuzluqlar mövcuddur. Kadastr uçotu işlərinin nəticələrindən istifadə etməklə torpaq islahatı başa çatmamış təsərrüfatlarda yerquruluşu işləri həyata keçirilir. Bu işlər çərçivəsində Xaçmaz, Siyəzən, İmişli, Beyləqan rayonunda yaşayan 1000-dən çox ailənin uzun illərdən bəri mövcud olan torpaqla bağlı problemi öz müsbət həllini tapıb.

Bir sıra inzibati-ərazi dairələri üzrə sərhədlərin dəqiqləşdirilməməsi də torpaq idarəçiliyində problemlər yaradıb. Hazırda aidiyyəti orqanlarla birlikdə bu problemlərin həlli ilə bağlı tədbirlər görülür.

Eyni zamanda, işğal altında və cəbhə bölgələrində yerləşən, habelə torpaq – sərhəd mübahisələri olan inzibati ərazi dairələri istisna olmaqla, respublikanın digər inzibati ərazi dairələrinin sərhədlərinin müəyyənləşdirilməsinə dair yerquruluşu işləri yekunlaşıb. Ölkənin 4,1 milyon hektar ərazisinin ortofotomateriallarının rəqəmsallaşdırılması və bu ərazi üçün relyef xəritələrinin hazırlanması işi də başa çatdırılıb.

Respublikada iri təsərrüfatların yaradılması məqsədilə aidiyyəti orqanlarla birlikdə 18 rayonun inzibati ərazilərindən yeni əkin dövriyyəsinə cəlb ediləcək 150 min hektara yaxın torpaq massivlərinin və bir sıra rayonlarda yeni suvarılacaq ərazilərin kadastr xəritələri hazırlanıb. Təyinatından və mülkiyyət növündən asılı olmayaraq bütün torpaqların kadastr uçotuna alınması işləri 2020-ci ildə yekunlaşacaq, dəqiq kadastr uçotu məlumatları əsasında rəqəmsal bələdiyyə xəritələri hazırlanacaq.

Möhtərəm cənab Prezident, respublikada qeyri-neft sektorunun, o cümlədən aqrar sahənin inkişaf etdirilməsi ilə bağlı Sizin verdiyiniz tapşırıqlara müvafiq olaraq aidiyyəti orqanlarla birlikdə görülmüş tədbirlər nəticəsində ölkə ərazisi üzrə 166 min hektar torpaq sahələrinin kateqoriyası dəyişdirilərək aqroparkların və iri təsərrüfatların yaradılması məqsədi ilə investorların istifadəsinə verilib. Həmçinin yerli icra hakimiyyəti orqanları ilə birlikdə görülmüş tədbirlər nəticəsində 240 min hektar səmərəsiz istifadə olunan kənd təsərrüfatı təyinatlı torpaq sahələri geri qaytarılıb və əkin dövriyyəsinə cəlb olunması üçün zəmin yaradılıb.

Torpaqların hərrac və ya müsabiqə yolu ilə hüquqi və fiziki şəxslərə ayrılması məqsədilə bələdiyyələrdən daxil olmuş 3000-dən çox müraciət üzrə 7 min hektar torpaq sahəsinə dair sənədlər torpaqayırma qaydasında hazırlanıb və hərrac və ya müsabiqələr təşkil edilib.

Torpaq qanunvericiliyinin pozulması hallarının qarşısının alınması məqsədilə yerli icra hakimiyyəti orqanları, bələdiyyələr, iri torpaq istifadəçiləri, sahibkarlar və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə maarifləndirici işgüzar forumlar keçirilir. Torpaqla bağlı inzibati xətalara görə 1700 inzibati protokol əsasında 1,2 milyon manat cərimə tətbiq edilib və 240 hal üzrə müvafiq sənədlər aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına göndərilib.

Aparılmış yerquruluşu işlərinin nəticəsində Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan sahilboyu su səthinin quru ilə təmas xəttinin qrafiki təsviri tərtib edilib. Xəzər dənizinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələrindən istifadə vəziyyəti araşdırılıb. Aşkar edilmiş qanun pozuntuları ilə bağlı lazımi tədbirlər görülüb. Bu istiqamətdə işlər hazırda da davam etdirilməkdədir.

Möhtərəm cənab Prezident, Sizin tapşırığınızla ölkədə müasir Ünvan Reyestri İnformasiya Sistemi yaradılıb. Bu sistemə respublikanın 57 şəhər və rayonu üzrə 30 minə yaxın küçə və prospekt, 600 mindən çox giriş ünvan nömrələri daxil edilib. Həmin sistemin məlumatlarına istinad etməklə müasir Milli Naviqasiya Sistemi hazırlanıb və bu ilin əvvəlindən “AzNav” adı ilə istifadəyə verilib. Hazırda bu xidmətdən istifadə edənlərin sayı 100 mini ötüb.

Bu günədək hazırlanmış coğrafi informasiya resursları olan ünvan və kadastr məlumatlarının bazasında Milli Məkan Məlumatları İnfrastrukturunun qurulması məqsədilə beynəlxalq təcrübə əsasında konsepsiya hazırlanaraq aidiyyəti üzrə təqdim edilib.

Möhtərəm cənab Prezident, Sizin tərəfinizdən verilən göstəriş və tapşırıqlar əsasında daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı prosesinin təkmilləşdirilməsi, bu sahədə şəffaflıq və səmərəliliyin artırılması, vətəndaş məmnunluğuna daha çox nail olunması üçün davamlı məqsədyönlü tədbirlər həyata keçirilir. Bunun nəticəsi olaraq bu sahədə göstərilən 35 elektron xidmətlərlə yanaşı, hazırda dövlət reyestrindən çıxarışların “Elektron hökumət” portalında yerləşdirilməsi və hüquq sahibi tərəfindən çıxarışın elektron üsulla əldə edilməsi prosesinə başlanılıb. Müvafiq ödənişlərin onlayn şəkildə avtomatik hesablanmasını mümkün edən “Əmlakın qeydiyyatı kalkulyatoru” xidməti, eləcə də vətəndaş məmnunluğunun artırılmasına xidmət edən “Kütləvi çıxarış kampaniyası” həyata keçirilir. Daşınmaz əmlakın dövlət reyestrinin aparılması sahəsində tətbiq olunan mobil ofis xidmətindən bu günədək 200 mindən çox vətəndaş faydalanıb. Hesabat dövründə ölkə üzrə 90 mindən çox daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,1 faiz çoxdur.

Dünyada iqtisadi aktivliyin aşağı düşdüyü indiki zamanda Azərbaycanın daşınmaz əmlak bazarındakı canlanma məhz Sizin imzaladığınız mühüm əhəmiyyətli normativ sənədlərdə verilmiş göstəriş və tapşırıqların icrası nəticəsində mümkün olub. Təsadüf deyil ki, Dünya Bankının dərc etdiyi “Doing Business” illik hesabatlarında Azərbaycan qeydiyyat prosedurlarının sayı, sərf olunan müddət və qeydiyyatın şəffaflığı parametrlərinə görə 190 ölkə arasında əmlakın qeydiyyatı sahəsində 22-ci yeri tutub.

Möhtərəm cənab Prezident, Sizin dövlət əmlakının idarə edilməsində səmərəliliyin artırılması və özəlləşdirilməsi ilə bağlı müəyyənləşdirdiyiniz strategiya ölkədə bu istiqamətdə yeni, müasir metodların tətbiqinə imkanlar açıb. Verdiyiniz tapşırıqlara uyğun olaraq, orta müddətli dövr ərzində dövlət mülkiyyətində saxlanılacaq dövlət müəssisələrinin, habelə özəlləşdirilməsi məqsədəuyğun olan müəssisə və obyektlərin siyahısı müəyyənləşdirilib və onların özəlləşdirilməsi istiqamətində tədbirlərin görülməsi davam etdirilir.

Özəlləşdirmə prosesinin təbliği və bu zaman şəffaflığın təmin olunması məqsədilə “Özəlləşdirmə portalı” yaradılıb. Portalda özəlləşdirilən müəssisələrin satış qiyməti, iqtisadi-texniki göstəriciləri və digər məlumatlar öz əksini tapıb. Portaldan istifadə edənlərin sayı 800 mini keçib. Eyni zamanda, özəlləşmə prosesinə xarici investorların cəlb edilməsi üçün nüfuzlu beynəlxalq qurumların iştirakı ilə biznes forumlar və təqdimatlar keçirilib.

Özəlləşdirilən dövlət əmlakının bazar qiymətlərinə uyğun qiymətləndirilərək hərraclara çıxarılması təmin olunur. Dövlət əmlakının özəlləşdirilməsinə dair hərraclar açıq, şəffaf və rəqabət şəraitində keçirilir.

Hərraclar təşkil edilərkən yeni innovativ üsullardan istifadə olunmaqla, elektron hərracların keçirilməsinə başlanılıb. Bu istiqamətdə görülmüş tədbirlər nəticəsində 300-dən çox dövlət əmlakı özəlləşdirilib. Hesabat dövründə özəlləşdirmədən daxil olan 52,3 milyon manat vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin edilib.

Zati-aliləri, möhtərəm cənab Prezident, Sizi əmin edirəm ki, müəyyən etdiyiniz vəzifələrə uyğun olaraq Azərbaycan Respublikasında torpaqların elektron uçotu sisteminin qurulması, torpaqların səmərəli istifadəsinin təşkili, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı, dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sahələrində aparılan işlər bundan sonra da Sizin rəhbərliyiniz ilə uğurla davam etdiriləcək.

Diqqətinizə görə təşəkkür edirəm.

X X X

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə çıxış edərək dedi:

-Möhtərəm cənab Prezident.

Ölkədə qeyri-neft sektorunun inkişafında mühüm rolu olan kənd təsərrüfatı məhsulları istehsalının artırılması, ərzaq təhlükəsizliyinin təmin edilməsi, sənayenin xammalla təminatının yaxşılaşdırılması, idxal məhsullarının azaldılması, ixracyönümlü məhsulların istehsalının artırılması, yeni iş yerlərinin yaradılması haqqında Sizin verdiyiniz tapşırıqların yerinə yetirilməsində meliorasiya və su təsərrüfatı işçilərinin üzərinə mühüm vəzifələr düşür.

Sizin diqqət və qayğınız sayəsində son illərdə bu sahəyə əsaslı kapital qoyuluşu dəfələrlə artıb, sahənin maddi-texniki bazası xeyli yaxşılaşdırılıb, minlərlə kilometr suvarma kanallarının və kollektor-drenaj şəbəkələrinin bərpası, yenidən qurulması və tikintisi aparılıb, 347 min hektar sahədə suvarılan torpaqların su təminatı, 239 min hektar sahədə meliorativ vəziyyəti yaxşılaşdırılıb, 55 min hektar yeni suvarılan sahələr kənd təsərrüfatı dövriyyəsinə cəlb edilib, 1804 ədəd subartezian quyusu qazılıb, sel və daşqınlara qarşı Kür, Araz və dağ çaylarında 1000 kilometrdən artıq sahilbərkitmə və bəndlərin möhkəmləndirilməsi işləri həyata keçirilib.

Ulu Öndərimizin ideyalarının Sizin tərəfinizdən həyata keçirilməsi nəticəsində su elektrik stansiyaları, magistral kanallarla birlikdə Taxtakörpü və Şəmkirçay su anbarları kimi XXI əsrin nəhəng layihələri reallaşdırılıb. Nəticədə 200 min hektar əkin sahələrinin su təminatının yaxşılaşdırılması, 50 min hektara yaxın yeni suvarılan sahələrin dövriyyəyə cəlb olunması imkanları yaradılıb, Bakının, Sumqayıtın, Gəncənin, ətraf rayonların içməli su ilə təmin edilməsi kimi strateji əhəmiyyətli sosial problemin həlli mümkün olub.

Möhtərəm cənab Prezident, Sizə məlumat vermək istəyirəm ki, bu il 15 iyun – Milli Qurtuluş Günü ərəfəsində Taxtakörpü su anbarı tam layihə həcmində - 270 milyon kubmetr su ilə doldurulub və qurğu tam gücü ilə işləməyə başlayıb. İstifadəyə verildiyi vaxtdan indiyədək su anbarına 1 milyard 241 milyon kubmetr su yığılıb ki, onun da 1 milyard 127 milyon kubmetri su istifadəçilərinə verilib.

Taxtakörpü su anbarı zonasında ilkin mərhələdə suvarma suyu ilə təmin edilmiş 11 min hektara yaxın yeni suvarılan torpaqlar hazırda aqroparklar və iri təsərrüfatlar tərəfindən əkin dövriyyəsinə cəlb edilir. Xızı, Siyəzən və Şabran rayonlarında cari ildə daha 21 min hektara yaxın sahə suvarma suyu ilə təmin ediləcək. Eyni zamanda, “Şabran Aqropark”a məxsus 1738 hektar torpaq sahəsi suvarma suyu ilə təmin ediləcək və meliorativ vəziyyət yaxşılaşdırılacaq.

Şəmkirçay su anbarında yığılan su hesabına Şəmkir, Samux və Göygöl rayonlarının 35 min hektara yaxın əkin sahələrinin su təminatı yaxşılaşdırılıb. Şəmkir və Göygöl rayonlarının 4 min hektar, eləcə də “Şəmkir Aqropark”ın 543 hektar yeni suvarılan sahələri suvarma suyu ilə təmin edilib.

Şəmkir maşın kanalının ikinci növbəsinin tikintisi nəticəsində su mənbəyi işğal altında olan Goranboy rayonunun 8 min hektar sahəsinə su çatdırılıb, daha 18 min hektardan çox sahəyə suyun çatdırılması üçün kanalda tikinti işləri davam etdirilir. Şəmkir maşın kanalından Goranboy və Samux rayonlarında yaradılmış aqroparka məxsus 4700 hektar torpaq sahəsi cari ildə suvarma suyu ilə təmin ediləcək.

Möhtərəm cənab Prezident, Sizin sərəncamlarınızla ayrılmış vəsait hesabına Kür çayında nasos stansiyasında və "H" kanalında tikinti işləri davam etdirilərək 2017-ci il mayın 1-nə birinci mərhələdə Sabirabad rayonunun 4 min hektardan çox əkin sahələrinin su təminatı yaxşılaşdırılıb. İlin sonunadək rayonun 5000 hektar qış otlaq sahələrinə də suvarma suyunun çatdırılması təmin olunacaq. Cari ildə Neftçala və Yuxarı Mil kanallarının tikintisi davam etdirilərək sentyabr ayında Neftçala rayonunun 5605 hektar və Ağcabədi rayonunun 2700 hektar yeni suvarılacaq torpaq sahələri istifadəyə veriləcək. Saatlı, Biləsuvar və İmişli rayonlarında 40 min hektar yeni suvarılacaq torpaq sahələrinə suvarma su mənbəyi yaratmaq məqsədilə Araz çayının yeni qolunun inşa olunmuş hissəsinin davamı olaraq, 54 kilometr uzunluğunda kanalın tikinti işlərinə başlanılıb və bu işlər oktyabr ayında tamamlanacaq.

Qax rayonunda yaradılmış "Qax Aqropark"a məxsus 1500 hektara yaxın torpaq sahələrinə suvarma suyunun verilməsi üçün layihə-smeta sənədləri hazırlanaraq tikinti işlərinə başlanılıb.

Dünya Bankının krediti ilə İmişli, Ağcabədi, Saatlı və Goranboy rayonlarında 9 min hektardan çox əkin sahələrinin su təminatı və meliorativ vəziyyəti yaxşılaşdırılacaq. Eyni zamanda, Şabran, Siyəzən, Masallı, Lerik, Yardımlı və Cəlilabad rayonlarında içməli su və kanalizasiya şəbəkələrində, çirkab sutəmizləyici qurğularında tikinti işləri davam etdirilir.

Sizin müvafiq sərəncamlarınızla ehtiyat fondundan ayrılan vəsait hesabına cari ildə 98 ədəd subartezian quyusu qazılaraq istifadəyə verilib, ilin sonuna qədər daha 150 ədəd quyunun qazılması təmin ediləcək. Cəmiyyət tərəfindən ölkədə kənd təsərrüfatı məhsullarının inkişafına xidmət edəcək bu layihələr hesabına cari ildə 99 min hektar, o cümlədən 72 min hektar yeni suvarılan torpaqlar suvarma suyu ilə təmin ediləcək və 27 min hektar əkin sahələrinin su təminatı yaxşılaşdırılacaq. Suvarma su mənbəyi yaradılan bu ərazilərdə investorlar və torpaq mülkiyyətçiləri tərəfindən mütərəqqi suvarma texnikası tətbiq edilməklə və torpaqların meliorasiyası işləri aparılmaqla intensiv texnologiyalar əsasında yüksək keyfiyyətli kənd təsərrüfatı məhsulları istehsalına geniş imkanlar yaranacaq.

Möhtərəm cənab Prezident, Sizin tapşırığınızla respublika iqtisadiyyatının inkişafında böyük əhəmiyyət kəsb edəcək daha bir nəhəng infrastruktur layihəsinin - Yuxarı Şirvan kanalının yenidən qurulmasının Cəmiyyət tərəfindən xarici məsləhətçilər cəlb edilməklə ilkin texniki-iqtisadi əsaslandırma sənədləri hazırlanıb. Yuxarı Şirvan kanalının torpaq məcrada 60 ilə yaxın fasiləsiz istismarı nəticəsində su itkilərinin artması, suvarma suyu ilə təminatda çatışmazlıqların yaranması, eləcə də qurğuların yararsız hala düşməsi torpaqların meliorativ vəziyyətinin pisləşərək deqradasiyaya uğramasına səbəb olur. Şirvan zonasına yeni həyat verəcək bu layihə 10 rayonun 125 min hektardan çox əkin sahələrinin su təminatının yaxşılaşdırılması və 106 min hektar yeni suvarılan torpaqların dövriyyəyə verilməsi ilə ümumilikdə, 231 min hektar torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi, eləcə də regionda ekoloji mühitin yaxşılaşdırılması və Hacıqabul gölündə yaranmış təhlükəli ekoloji vəziyyətin qarşısının alınması imkanları yaradacaq. Sizin tapşırığınızla Yuxarı Şirvan kanalının yenidən qurulmasının ilkin texniki-iqtisadi əsaslandırma sənədlərinə hazırda dövlət qurumları tərəfindən baxılır.

Möhtərəm cənab Prezident, suvarma və kollektor-drenaj şəbəkələrində, hidrotexniki qurğularda, subartezian quyularında, nasos stansiyalarında təmir-bərpa və digər müvafiq tədbirlərin vaxtında həyata keçirilməsi ilə 1 milyon 376 min hektar sahədə, o cümlədən 136 min hektar pambıq, 518 min hektar taxıl, 3 min hektara yaxın tütün, 410 min hektar yem bitkiləri, 65 min hektar bostan-tərəvəz və digər bitkilər orta hesabla 2,5 dəfə suvarılıb.

Cari ildə 69 min hektar pay torpaqlarında və 67 min hektar dövlət fondu, qış otlaq sahələrində, bələdiyyə və meşə torpaqlarında əkilmiş 136 min hektar pambıq sahəsini suvarma suyu ilə təmin etmək üçün 6807 kilometr suvarma kanalları və 1489 kilometr kollektor-drenaj şəbəkələri lildən təmizlənib, 463 hidrotexniki qurğu, 22 nasos stansiyası təmir edilib. Su təminatı çətin olan fond və qış otlaq sahələrində əkilmiş pambıq sahələrinin suvarılması üçün daxili imkanlar hesabına 1436 kilometr yeni suvarma kanalları və 61 kilometr kollektor-drenaj şəbəkəsi qazılıb, onların üzərində 180 hidrotexniki qurğu tikilib. Suvarmanın mütəşəkkil keçirilməsi üçün Cəmiyyət tərəfindən yerlərdə 14 səyyar nasos stansiyası, 26 müxtəlif nasos aqreqatı, 241 subartezian nasosu və s. quraşdırılıb. Vegetasiya suvarmasının müvəffəqiyyətlə başa çatdırılması üçün bütün imkanlar səfərbər edilib. Eyni zamanda, 2017-ci ildə rayon icra hakimiyyətlərinin təklifləri əsasında Cəmiyyətin layihə institutu tərəfindən Ağdaş, Salyan, Kürdəmir, Hacıqabul, İmişli, Neftçala və Samux rayonlarının, ümumilikdə, 50 min hektara yaxın torpaq sahələrinə suvarma suyunun çatdırılması üçün layihə-smeta sənədləri hazırlanaraq onlara təhvil verilib. Cəmiyyət tərəfindən bu işlərin həyata keçirilməsi üçün lazımi texniki və metodik kömək göstərilib.

Möhtərəm cənab Prezident, Sizi əmin edirik ki, Cəmiyyətin kollektivi qarşılarına qoyulmuş vəzifələri tam məsuliyyəti ilə dərk edərək, onların vaxtında və layiqincə yerinə yetirilməsi üçün bundan sonra da bütün bacarıq və imkanlarından istifadə edərək daha səylə çalışacaq.

X X X

Azərbaycan Prezidenti İlham Əliyev iclasda yekun nitqi söylədi:

- Mən ilin əvvəlində demişdim ki, 2017-ci il iqtisadi inkişaf ili olmalıdır. Belə də oldu. Artıq bunu demək olar. Düzdür, biz hələ gələcək aylarda fəal işləməliyik, işləyəcəyik. Ancaq artıq əldə edilmiş nəticələr və giriş sözümdə səsləndirdiyim rəqəmlər deməyə əsas verir ki, bu il inkişaf ili olacaqdır. Keçən il iqtisadi, maliyyə sabitləşməsi ili olmuşdur. Bu il isə inkişaf ili olacaq. Əminəm ki, bundan sonrakı illərdə də Azərbaycan öz iqtisadi potensialını daha da gücləndirəcək.

Uğurlu iqtisadi islahatları və iqtisadi siyasətimizi davam etdirmək üçün əlbəttə ki, maliyyə və iqtisadi sabitlik olmalıdır. Bu, əldə edilibdir. İlin əvvəlindən makroiqtisadi vəziyyət sabitdir. Düzdür, ilin ilk aylarında qiymət artımı müşahidə olunurdu. Ancaq son aylar ərzində demək olar ki, qiymətlər sabitləşib. İstehlak qiymətlərinə daim nəzarət olmalıdır ki, süni qiymət artımına yol verilməsin. Buna heç bir əsas yoxdur. Çünki makroiqtisadi sabitlik təmin olunur. Manatın məzənnəsi neçə aydır ki, sabitdir. İdxaldan asılılıq azalır və tələbat daha çox yerli istehsal hesabına ödənilir. Bir sözlə, makroiqtisadi sabitlik məsələləri həmişəki kimi diqqətdə olacaq və əminəm ki, ilin sonuna qədər hər hansı bir problem olmayacaq. Mən artıq qeyd etdim, bizim valyuta ehtiyatlarımız artır, xarici ticarət dövriyyəsinin müsbət saldosu 6 ayda təxminən 2 milyard dollara yaxındır. Ona görə, bizim kifayət qədər güclü iqtisadi imkanlarımız və valyuta ehtiyatlarımız var. Azərbaycan adambaşına düşən valyuta ehtiyatlarının həcminə görə qabaqcıl ölkələr sırasındadır. Valyuta ehtiyatlarının dövlət xarici borcuna olan nisbəti də Azərbaycanı dünya miqyasında ön sıralara çıxarır. Bizdə valyuta ehtiyatları dövlət xarici borcundan 4-5 dəfə çoxdur.

Növbəti dövr üçün prioritetlər dəyişməz olaraq qalır. Qeyri-neft sektorunun inkişafı bizim prioritetimizdir. Səsləndirdiyim rəqəmlər məhz bu siyasətin təzahürüdür. Sənaye istehsalı, kənd təsərrüfatının inkişafı istiqamətində çox ciddi addımlar atılır, proqramlar icra edilir. Əvvəlki dövrdə proqram kimi təqdim etdiyim layihələr artıq reallaşır. Xüsusilə sənaye parklarının yaradılması uğurla gedir. Sumqayıt Sənaye parklarında rezidentlərin sayı, investisiyaların həcmi artır və maraq da çox böyükdür. Orada böyük sənaye kompleksləri yaradılır və dövlət öz tərəfindən lazım olan bütün infrastruktur layihələrini icra edir.

Mingəçevir Sənaye Parkında 9 zavod tikiləcəkdir. Bu zavodların fəaliyyəti nəticəsində 5 mindən çox iş yeri yaradılacaqdır. Ümid edirəm ki, ilin sonunda birinci zavodun açılışı da olacaq və Mingəçevir böyük sənaye şəhəri kimi özünün imkanlarını genişləndirəcək. Balaxanı Parkında 5 zavod fəaliyyətə hazırdır. Neftçala Sənaye Zonasında yaxın vaxtlarda iki müəssisə fəaliyyətə başlayacaq. Pirallahı adasında iki dərman zavodunun təməli qoyuldu. Masallı Sənaye Zonasında isə artıq torpaq sahəsi ayrılıb və 30 milyon manatdan çox investisiya təklifi qəbul edilib. Bax, bu, artıq gördüyümüz işlərin gözəl təzahürüdür. Əminəm ki, bütün rayonlarımızda tapşırıq verdiyim kimi, tezliklə sənaye zonaları yaradılacaqdır.

Aqrar sahədə yeni aqroparkların yaradılması sürətlə gedir. Bu proses geniş vüsət almışdır. Bu günə qədər bizim təşəbbüsümüzlə və maliyyə dəstəyi ilə 32 iri fermer təsərrüfatı yaradılmışdır. İndi 38 böyük aqropark yaradılır. Özəl sektor bizim təşəbbüsümüzə çox məsuliyyətlə yanaşdı. Tezliklə 38 aqroparkın yaradılması bizim ixrac potensialımızı böyük dərəcədə artıracaqdır.

Biz pambıqçılığın şöhrətini bərpa etdik. Artıq pambıqçılıqla məşğul olmaq istəyənlərin sayı artır. Bu, pambıqçılıq rayonlarında işsizliyi demək olar ki, tamamilə aradan qaldırmaq üçün yaxşı şərait yaradır. Əgər 2015-ci ildə 35 min ton pambıq tədarük edilmişdisə, keçən il bu rəqəm təxminən 90 min tona çatıbdır. Keçən il 51 min hektarda pambıq əkilmişdisə, bu il 136 min hektarda pambıq əkilibdir. Biz əkin sahələrini təqribən 3 dəfə artırmışıq. Əgər biz orta məhsuldarlığı 20 sentner götürsək, bu il 260-270 min ton pambıq gözlənilə bilər. Yəni, bu, çox da ola bilər, az da. Bu, artıq hava şəraitindən və o cümlədən texniki xidmətdən asılıdır. Amma hər halda biz artıq pambıqçılıqda çox ciddi dönüş yarada bildik. Pambıq həm gözəl ixrac məhsuludur, dünya birjalarında satılır, eyni zamanda, Mingəçevir Yüngül Sənaye Parkının fəaliyyəti üçün də resurs bazasıdır. Biz əlbəttə, çalışacağıq ki, hazır məhsulu ixrac edək.

İyirmidən çox rayonda pambıq becərilir. Bir daha qeyd etməliyəm ki, həmin rayonlarda bizim üçün ənənəvi olan bu sahəyə çox böyük maraq var. Bizim bu təşəbbüsümüz çox yüksək qiymətləndirilir.

Biz keçən ildən baramaçılıqla çox ciddi məşğul olmağa başlamışıq. Biz əvvəlki illərdə bu sahəni demək olar ki, itirmişdik. 2015-ci ildə cəmi 200 kiloqramdan bir qədər çox barama tədarük edilmişdi. Bu sahənin itirilməsi çox böyük problemlər yaratdı. Həm Şəki ipək kombinatı demək olar ki, fəaliyyətini dayandırdı, - orada yüzlərlə insan işləyirdi, - həm də kəndlərdə yaşayan, baramaçılıqla məşğul olan kəndlilər bu imkanlardan məhrum oldular. Biz keçən il bu sahədə operativ qaydada ciddi dönüş yarada bildik. Lazımi materialları idxal etdik, tinglər gətirdik. Keçən il 70 ton barama tədarük edilmişdir. 200 kiloqram hara, 70 ton hara? Bu proses davam etdirilir. Mənə verilən məlumata görə, bu il 244 ton yaş barama tədarük edildi. Yəni, keçən ilə nisbətən 3,4 dəfə artım var. Otuz rayonda baramaçılıq inkişaf edir və 739 kənddə insanlar baramaçılıqla məşğul olurlar. Yəni, bu sahə çox gəlirli sahədir, o qədər də böyük zəhmət tələb edən sahə deyil. Qısa müddət ərzində insanlar yaxşı pul qazanırlar və yerində də pulunu alırlar. Ona görə, baramaçılığın inkişafına verdiyimiz təkan əminəm ki, çox böyük nəticəyə gətirib çıxaracaq. Bizim təbii şəraitimiz elədir ki, ölkəmizin əksər yerlərində baramaçılığın yaxşı perspektivləri var. Dövlət öz dəstəyini bundan sonra da göstərəcək. Bu il mənim Sərəncamımla Prezidentin ehtiyat fondundan 4,5 milyon manat vəsait ayrıldı. Bu vəsaitlə ilin sonuna qədər Qax Barama Damazlıq Mərkəzi yaradılacaqdır. Vaxtilə Qaxda belə mərkəz olubdur. İndi o, yararsız vəziyyətə düşüb, həm dağılıb, həm də orada heç bir avadanlıq yoxdur. İndi ən müasir damazlıq mərkəzi yaradılacaq ki, biz lazım olan o materiallardan da, onların idxalından da asılılığı aradan götürək.

Şəki ipək kombinatı indi daha böyük həcmlə işləyir. Elə etməliyik ki, Şəki ipək kombinatı tam gücü ilə və ilboyu işləsin. Əkilən tut tingləri və apardığımız siyasət əminəm ki, yaxın gələcəkdə ona gətirib çıxaracaq ki, Azərbaycanda 1000 tondan çox barama tədarük ediləcək. Yenə də deyirəm, bunun çox böyük perspektivləri var. Mən indi rəqəm səsləndirmək istəmirəm. Hər halda dövlət öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirdi.

Bununla bərabər, biz demək olar ki, təqribən böyük hissəsi itirilmiş tütünçülüyü də bərpa edirik. On üç rayonda tütünçülüklə məşğul olurlar. Keçən ilə nisbətən tütünçülük üçün nəzərdə tutulan əkin sahələri 35 faiz artıb. İndi 3200 hektarda tütün becərilir. Bu sahə daha da geniş ola bilər. Çünki tütünçülüklə məşğul olan bu 13 rayonda kifayət qədər böyük torpaq sahələri var. Tütünçülük də çox gəlirli sahədir. Dövlət yenə də öz dəstəyini göstərir, subsidiyalar verilir. Eyni zamanda, tütünün ixracı ilə bağlı dövlət öz imkanlarını ortaya qoyur. Mən əvvəllər də demişəm, biz, əlbəttə, tütünü ixrac etməliyik. Ancaq hazır məhsulu ixrac etsək daha yaxşı olar. Bu məqsədlə işlər gedir. İndi yeni tütün fabriklərinin yaradılması istiqamətində addımlar atılır. Ümid edirəm ki, bu addımlar uğurlu olacaqdır və biz hazır məhsulu dünya bazarlarına çıxaracağıq.

Çayçılığın bərpası istiqamətində işlər gedir. Düzdür, Azərbaycan çayı bu gün xarici ölkələrdə tanınır. Biz çayı ixrac edirik. Ancaq onu da bilməliyik ki, biz xammalı da idxal edirik. Ona görə, yeni çay plantasiyalarının salınması və müasir texnologiyaların gətirilməsi nəticəsində biz daxili xammal hesabına daha çox çay istehsal edə biləcəyik. Yeni texnologiyalar məhsuldarlığı bir neçə dəfə artıra bilər. Bu sahəyə də cənub zonasında çox böyük maraq var.

Eyni zamanda, cənub zonasında hazırda çəltikçilik də çox geniş vüsət alır. Buna da çox böyük maraq var. Dövlət xüsusi texnika alıbdır. Çünki çəltikçilik çox böyük əziyyət, zəhmət tələb edən bir sahədir. Fermerlərin, kəndlilərin işini yüngülləşdirmək üçün müasir texnika alınıb gətirilibdir ki, çəltikçilik sahəsi əziyyətsiz inkişaf etsin.

Burada artıq zeytunçuluqla bağlı məlumat verildi. Biz keçən il 300 ton zeytun ixrac etmişik. Ancaq zeytun ixracı, əlbəttə ki, 50 milyon dollar səviyyəsində ola bilər. Bizim təbii iqlimimiz, şəraitimiz və ənənələr buna imkan verir. Sadəcə olaraq işlər düzgün qurulmalıdır və qurulur. Əgər ehtiyac olarsa yeni zeytun emalı fabrikləri yaradılmalıdır. Biz ən yüksək keyfiyyətli məhsulları dünyanın aparıcı ölkələrinin bazarlarına çıxarmalıyıq.

Mən əvvəlki çıxışlarımda qeyd etmişdim ki, kənd təsərrüfatı məhsullarının arasında bizə ən çox gəlir gətirən sahə fındıqçılıqdır. Bizim hazırda fındıq bağlarımızın sahəsi təqribən 30 min hektardır, bəlkə də bir qədər çox. Qarşıya vəzifə qoyulub ki, əlavə 40 min hektarda fındıq bağları salınsın. Bu proses gedir və bu 40 minin 18 mini artıq əkilib. Əlbəttə ki, bu bağlar bir neçə ildən sonra məhsul verəcək. Ancaq bu bağlar məhsul verəndən sonra biz fındıq istehsalını iki dəfədən çox artıra bilərik. Əgər hazırda fermerlər 100 milyon dollar həcmində fındıq ixrac edirlərsə, bu, iki dəfədən çox artacaq, həm fermerlərə, həm də dövlətə xeyir gətirəcək.

Ən gəlirli sahələrdən biri də kartofçuluqdur. Bu sahəyə də maraq böyükdür. Əfsuslar olsun ki, biz hələ böyük ixrac potensialına malik deyilik, bu, mövsümdən-mövsümə dəyişir. Statistik göstəricilərə diqqət yetirəndə görürəm ki, biz bəzi illərdə öz tələbatımızı ödəyə bilmirik. Bəzi illərdə isə başabaş çıxırıq. Ona görə kartofçuluğun da inkişafı prioritet olmalıdır. Çünki kənd təsərrüfatı məhsulları arasında ən çox gəlir gətirən sahələrdən biri də kartofçuluqdur. Bu sahəyə də xüsusi diqqət göstərilməlidir.

Heyvandarlığın inkişafı bizə imkan verəcək ki, özümüzü süd məhsulları ilə, ətlə tam təmin edək. Biz o rəqəmlərə yaxınlaşırıq. Ancaq heyvandarlığın müasir texnologiyalar əsasında, iribuynuzlu mal-qaranın qapalı şəraitdə yetişdirilməsi həm torpaqlara qənaət edəcək, həm də ki, nəticələr daha yaxşı olacaq. Əlbəttə, cins mal-qaranın alınması və eyni zamanda, süni mayalanma mərkəzinin yaradılması burada dönüşə gətirib çıxaracaq. Heyvandarlıq iki faizdən çox artıb. Onu da deyim ki, yaradılan 38 aqroparkın içində, o cümlədən heyvandarlıq kompleksləri də var. Ümid edirəm ki, onların fəaliyyəti nəticəsində kəskin artım olacaq.

İyirmi yeddi rayonda 14 min hektarda şəkər çuğunduru əkilibdir. Bu, rekord göstəricidir. Azərbaycanda heç vaxt bu qədər şəkər çuğunduru əkilmirdi. Bunun da başlıca səbəbi İmişli şəkər zavodunun yerli xammal əsasında işləməsidir. Çünki daha çox xaricdən gətirilən şəkər qamışı emal olunurdu. İndi isə şəkər çuğunduru İmişlidəki zavoda veriləcək. Hər il ölkədən təqribən 200 milyon dollar valyuta gedir ki, xam şəkər gətirilsin. Biz ona qənaət edəcəyik. Beləliklə, bizim idxalımız daha da azalacaq, ixrac isə artacaq. Bu sahənin çox böyük perspektivləri var. Mən bunu da tapşırıq kimi verirəm.

Bir müddət əvvəl verdiyim tapşırıq isə soya ilə bağlıdır. Əvvəlki illərdə Azərbaycanda soya əkilmirdi. Biz soyanı idxal edirik. Hər il buna 10 milyonlarla dollar pul xərcləyirik. Ona görə, soya əkilməsi ilə bağlı göstəriş vermişdim və bu il biz artıq bunun nəticəsini görürük. On doqquz rayonda 9300 hektarda soya əkilib. Bu, hələ ki, tələbatımızı tam ödəməsə də, xarici valyutaya böyük dərəcədə qənaət edəcəyik. Çalışmalıyıq ki, soya üçün nəzərdə tutulmuş əkin sahələrini getdikcə genişləndirək.

Eyni zamanda, 500 hektar badam bağlarının salınması nəzərdə tutulur. Nəzərə alsaq ki, bizdə cəmi 1000 hektar badam bağları var, onların da 900 hektarı Naxçıvan Muxtar Respublikasındadır, beş yüz hektar birinci mərhələdə yaxşı göstəricidir. Badam emalı zavodunun tikintisi də nəzərdə tutulmalıdır. Mən bu tapşırığı da verirəm.

Taxılçılıqla bağlı məsələlər daim gündəlikdədir. Mənim göstərişimlə Prezident Administrasiyasında xüsusi müşavirə keçirilmişdir, məsələlər təhlil edilmişdir. Biz gərək bu sahədə daha da yaxşı nəticələr əldə edək ki, idxaldan asılılığı azaldaq və məhsuldarlığı artıraq. Məhsuldarlıqla bağlı mən bəzi rəqəmləri səsləndirmək istəyirəm, həm bunlar təhlil edilsin, həm də ictimaiyyət də bilsin ki, vəziyyət necədir. Buğda ilə bağlı deməliyəm ki, hələ biçin aparılır. Amma bu günə orta məhsuldarlıq 28,8 sentnerdir. Prinsipcə bu rəqəm o qədər də aşağı rəqəm deyil, amma bundan da çox ola bilər. Çünki indi rayonlar üzrə səsləndirəcəyim rəqəmlər göstərir ki, daha da böyük məhsuldarlıq mümkündür. Ən böyük məhsuldarlıq aşağıdakı rayonlardadır: Saatlı rayonu 42 sentner, Ağcabədi 38 sentner, Sabirabad 40 sentner, Beyləqan 33 sentner, Bərdə 40 sentner, Ağdam 39 sentner, Hacıqabul 32 sentner, Qax 31 sentner, Xaçmaz 32 sentner, Yevlax 38 sentner, Tərtər 38 sentner, Şəmkir 33 sentner, İsmayıllı 40 sentner, Qəbələ 32 sentner, Cəbrayıl 32 sentner, Gəncə 32 sentner. Bunlar yaxşı rəqəmlərdir və bu, deməyə əsas verir ki, biz daha da böyük məhsuldarlıq əldə edə bilərik. Amma bəzi suallar da var.

İndi mən aşağı məhsuldarlığı olan rayonların adlarını çəkəcəyəm və bu məsələ sonra təhlil edilməlidir. Bir-birinin yanında yerləşən rayonlarda məhsuldarlıq fərqi bizi düşünməyə vadar edir, o da araşdırılmalıdır. Məsələn, Kürdəmir rayonunda məhsuldarlıq 21 sentnerdir. Ancaq qonşu rayonlarda - Saatlıda 42 sentner, Sabirabadda isə 40 sentnerdir. Bəs nə üçün bu qədər fərq var?! Eyni zona, eyni iqlim, eyni şərait, suvarma işlərinə gəldikdə təxminən eyni layihələr icra edilir. Mən hələ ki, buna qiymət vermək istəmirəm. Ancaq tapşırıram ki, bu, araşdırılsın və mənə məlumat verilsin ki, bunun səbəbi nədir. Qax rayonunda məhsuldarlıq təqribən 32 sentnerdir, Şəkidə isə 22 sentner. Nə üçün? Özü də Şəki əkin sahələrinə görə Cəlilabaddan sonra ikinci yerdədir, 47 min hektar əkin sahəsi var, məhsuldarlıq isə 22 sentnerdir. Qonşu Qax rayonunda isə 32 sentnerdir. Səbəb nədir? Araşdırılmalıdır, məruzə edilməlidir və ölçü götürülməlidir.

Mən aşağı məhsuldarlığı olan rayonların da adlarını çəkmək istəyirəm. Ona görə ki, baxmaq lazımdır, orada gələcəkdə də bu səviyyədə əkin sahələri buğda üçün nəzərdə tutulsun, yoxsa, başqa sahəyə üstünlük verilsin. Dediyim kimi, Kürdəmir 21 sentner, Masallı 22 sentner, Ucar 23 sentner, Şamaxı 17 sentner. Özü də Şamaxıda 14 min hektar torpaq sahəsi var və əlbəttə, biz bu məhsuldarlığın nə qədər məqsədəmüvafiq olmasına baxmalıyıq. Qobustan 19 sentner, Şabran 21 sentner, Siyəzən 23 sentner, Xızı 19 sentner, Yardımlı 18 sentner və sairə. Ona görə buna çox ciddi baxmaq və ciddi təhlil aparmaq lazımdır.

Meliorativ tədbirlər haqqında məruzə edildi. İlin əvvəlində qarşıya vəzifə qoyulmuşdu ki, biz 100 min hektardan çox yeni torpaq sahələrinin suvarılmasını təşkil edək və bu istiqamətdə işlər gedir. Biz buna nail olacağıq. Biz yeni layihələr üzərində işləyirik. Elə etməliyik ki, suvarma işlərini maksimum dərəcədə yüksək səviyyədə aparaq. Çünki bu, məhsuldarlığa bilavasitə təsir göstərir. Subartezian quyularının qazılması davam etdirilir. 2013-2016-cı illərdə minə yaxın subartezian quyusu qazılmışdır. İyun ayında yeni Sərəncam imzalamışam. Bu Sərəncam əsasında 36 rayonun 136 yaşayış məntəqəsində 150 subartezian quyusu qazılacaq və deməli, 375 min insan bundan istifadə edəcək. Əvvəlki illərdə qazılmış quyular hesabına 1 milyon 300 min insan bu imkanlardan istifadə edib.

İnşaat sektorunun canlanması müşahidə olunur. İndi Bakıda 100-dən çox hündürmərtəbəli bina tikilir. Qəzalı binaların yerində yeni binalar tikilir. Onların sayı 80-ə yaxındır. Bu, şəhərimizi daha da gözəlləşdirir, abadlaşdırır. Yararsız, qəzalı binalardan vətəndaşlar köçürülür. Müvəqqəti olaraq onlara kirayə pulu verilir. Tikiləcək yeni binalarda onlara daha da böyük ölçüdə mənzillər veriləcək. Bu qəzalı binaların hər birinin yerində tikilən binanın birinci mərtəbəsində uşaq bağçası da nəzərdə tutulur. Bu, mənim xüsusi göstərişim idi. Beləliklə, ancaq bu yolla Bakı şəhərində bir-iki ilə 80-dən çox uşaq bağçası istifadəyə veriləcək.

Mənzil İnşaatı Dövlət Agentliyinin xətti ilə 29 bina tikilir. “Ağ şəhər”də onlarla bina inşa olunub. Yəni, bax, bu üç istiqamətdə artıq 100-dən çox binanın inşaat işləri aparılır. Əlbəttə ki, Bakının digər yerlərində, digər şəhərlərimizdə mənzil tikintisi geniş vüsət alıb, inşaat sektoru artıq bərpa edilir, canlanma var. Əlbəttə ki, bunun tikinti materialları sektoruna da müsbət təsiri var və olacaq. Mən iş adamlarına məsləhət görərdim ki, bu sahəyə daha da böyük diqqət yetirsinlər, sərmayə qoysunlar. Çünki bundan sonra inşaat işləri Azərbaycanda daha sürətlə aparılacaq, tikinti materiallarına böyük ehtiyac olacaq.

Mən sərmayə qoyuluşu ilə bağlı rəqəmləri səsləndirdim, 5 milyard dollar sərmayə qoyulub. Ancaq bunun böyük hissəsi xarici sərmayədir. Biz çalışmalıyıq ki, daxili sərmayəni də cəlb edək. Daxili sərmayə deyəndə mən dövlət investisiyalarını nəzərdə tutmuram. Onsuz da biz bunu edirik və Dövlət İnvestisiya Proqramı uğurla icra olunur və tam icra edilməlidir. Buraya məktəb, xəstəxana, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi, infrastruktur layihələri, yol salınması və sair daxildir. Mən özəl sərmayəni nəzərdə tuturam. Özəl sərmayənin cəlb edilməsi üçün təkcə mərkəzi icra orqanları məsuliyyət daşımırlar, yerli icra orqanları da, mən bunu demişəm, bir daha demək istəyirəm ki, daha fəal olmalıdırlar. Xüsusilə bölgələrdə investisiyaları cəlb etmək üçün icra başçıları gərək fəal olsunlar. Bəzi yerlərdə bu fəallıq, nəticələr var, amma bəzi yerlərdə bu fəallıq yoxdur, biganəlik var. Bəzi hallarda investorlara kömək etmək əvəzinə problemlər yaradılır. Bunlara son qoyulmalıdır. İlin sonunda - dekabr ayında Prezident Administrasiyası və İqtisadiyyat Nazirliyi mənə məlumat, siyahı verməlidir ki, hansı rayonda nə qədər özəl sərmayə cəlb olunub. Hər bir icra başçısının işinə, o cümlədən bu göstəriciyə görə qiymət veriləcək. Mən müşavirələrin birində də demişəm ki, icra başçılarının fəaliyyətinə, o cümlədən bu göstəriciyə görə qiymət veriləcəkdir. Bir daha deyirəm ki, dekabrın 15-də mənə geniş arayış təqdim edilsin və ondan sonra həm yüksək qiymət veriləcək, həm də cəza tədbirləri görüləcəkdir. Mən dövlət məmurlarının davranış normaları ilə bağlı dəfələrlə öz fikirlərimi bildirmişəm və bir daha demək istəyirəm. Hər bir dövlət məmurunu işə təyin edəndə verdiyim tapşırıqlar arasında bunlar da var ki, məmur təvazökar olmalı, xalqa xidmət etməli, xalqla bir yerdə olmalı, özünü xalqdan yuxarı tutmamalıdır. Məmur özü və onun ailə üzvləri təkəbbürlü davranmamalıdırlar. Ancaq buna baxmayaraq, bəzən hələ də görürük ki, həm məmurlar özlərini apara bilmirlər, kobud səhvlər buraxırlar və həm də ailə üzvləri hesab edirlər ki, onların xüsusi imtiyazı var. Azərbaycanda heç kimin heç bir imtiyazı yoxdur. Mən demişəm ki, o dövlət məmuru öz ailə üzvlərini idarə edə bilmirsə vəzifədən çıxarılacaq və belə də oldu. Azərbaycanda xuliqanlıqla, özbaşınalıqla məşğul olanlar cəzalandırılır və cəzalandırılmalıdır. Heç kimə heç bir güzəşt edilmir və mənim son qərarlarım onu bir daha təsdiqləyir, hamı nəticə çıxarsın.

Bu il infrastruktur layihələrinin icrası davam etdirilmişdir. Qazlaşdırma səviyyəsi artıq 93 faizə çatmışdır. Biz qarşıya 95 faiz hədəfi qoymuşduq. Ölkəmizin relyefini nəzərə alsaq hesab edirəm ki, bu, yaxşı rəqəmdir. Artıq biz bu hədəfə çatırıq. Digər infrastruktur layihələri də icra edilir, elektrik təsərrüfatı yenilənir. Kənd yolları layihələri icra edilir. Şərti olaraq biz bu layihəni “40 kənd yolu” layihəsi adlandırdıq, ancaq hər bir layihənin əhatə dairəsi daha genişdir. Yəni, 40 deyəndə, əslində, bu, 200, bəlkə də daha çox kəndi əhatə edir. Çünki hər bir layihə 4-5 kəndi əhatə edir və bu, çox gözəl nəticə verir, bölgələrdə də vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir. İçməli su layihələri icra edilir. Kifayət qədər vəsait var və gələn il də bu proses davam etdiriləcək. Artıq bir çox şəhərlərimizdə içməli su məsələsi həll olunub.

Bakı şəhərində böyük yol infrastrukturu layihələri icra edilir, yeni yollar açılır. Bu yaxınlarda da yeni yol açılmışdır. “Sovetski” adlanan ərazidə müasir yol infrastrukturu artıq istismara verilmişdir. Eyni zamanda, o ərazidə böyük abadlıq işləri aparılır. İndi Təzəpir məscidinin önü açılıbdır, orada park olacaq. Digər tərəflərdə də ictimai yerlər yaradılacaq ki, Təzəpir məscidinin hər tərəfdən görünməsi mümkün olsun. Azərbaycan Dövlət Dram Teatrının arxasında - yol infrastrukturu yaradılan ərazidə də ictimai yerlər, parklar, bağlar, salınacaq, ağaclar əkiləcək ki, bunlar Bakı şəhəri üçün, necə deyərlər, yeni bir “ağ ciyər” olacaq. Bu ərazi yaşıllıq zonası olacaq və bu, bizə çox lazımdır. Son illər ərzində bir çox ictimai yerlər açılıbdır, parklar, bağlar yaradılıbdır. Elə bulvarın özü böyük ictimai istirahət zonasıdır və bu proses davam etdirilməlidir. Hacı Cavad məscidinin yeni binasının tikintisi gedir, daha da sürətlə getməlidir ki, yaxın aylarda bu məscid istifadəyə verilsin.

Qeyd etdiyim kimi, qeyri-neft sektorunun ixracının artırılması istiqamətində işlər gedir, artım yaxşıdır, 27 faiz təşkil edib. Biz ixracın coğrafiyasını da genişləndirməliyik. Ənənəvi bazarlar var. Biz o bazarlarda varıq, mövqelərimizi daha da gücləndirməliyik, yeni bazarlara da çıxmalıyıq. Bu istiqamətdə də görülən işlər artıq nəticə verir. Biz indi bir neçə Körfəz ölkəsinə öz kənd təsərrüfatı və emal məhsullarımızı ixrac etməyə başlamışıq. Bunu genişləndirmək lazımdır. Körfəz ölkələrinin bazarı kifayət qədər böyükdür və məsafə baxımından yaxındır. Ona görə, ilkin layihələr başlayıb. Biz artıq məhsul ixracına başlamışıq. Bunu daha da genişləndirməliyik. Dövlət qurumları, İqtisadiyyat Nazirliyi sahibkarlara öz köməyini göstərir. Biz artıq Asiya ölkələrinin bazarlarına çıxırıq və çalışmalıyıq ki, Avropa İttifaqı ölkələrinin bazarlarına da çıxaq. Mənim demək olar ki, bütün xarici səfərlərim çərçivəsində və xarici həmkarlarım Bakıda olanda bu məsələni qaldırıram, siyahını onların qarşısına qoyub deyirəm ki, biz bu məhsulları ixrac edə bilərik, siz də bunları alırsınız, gəlin bizdən alın. Biz də sizin ixrac etdiyiniz məhsulları alaq. Ona görə, indi biz bütün görüşlərə bu siyahı ilə gedirik və bunun gözəl nəticələri var. Avropa ölkələrində, Körfəz ölkələrində, Asiya ölkələrində bizim məhsullara maraq var, sadəcə olaraq, bu günə qədər onlarda məlumat yox idi. “Azexport” portalının yaradılması da bu istiqamətdə atılan çox ciddi bir addımdır. İndi portala bütün dünyadan sifarişlər gəlir. Amma əvvəllər heç kim bilmirdi ki, biz nə istehsal edirik. İndi bilirlər, müraciət edirlər, elektron qaydada müqavilələr bağlanır. Yəni, bu, böyük bir hadisədir və belə addımların atılması görün sahibkarların işini nə qədər yüngülləşdirir. Bütün əsas bazarlar olan ölkələrə indi dövlət və özəl sektorun nümayəndələrindən ibarət ticarət missiyaları göndərilir. Biz öz məhsullarımızı xaricə ixrac etməliyik.

Mən burada da bəzi rəqəmləri səsləndirmək istəyirəm. Bu, həm ictimaiyyət üçün maraqlı olar, həm də bizim sahibkarlar və dövlət qurumları bilsinlər ki, bu, yaxşı nəticələrdir. Amma biz bu istiqamətdə işləri davam etdirməliyik. Kənd təsərrüfatı və emal məhsullarının ixracı ilə bağlı bəzi rəqəmləri səsləndirmək istəyirəm: bu il pomidor ixracı 55 faiz, kartof 63 faiz, soğan 1100 faiz, pambıq 154 faiz, pambıq lifi 650 faiz, süd məhsulları təqribən 400 faiz, meyvə və tərəvəz emalı məhsulları 54 faiz, emal olunmamış dəri 38 faiz, spirtli və spirtsiz içkilər 16 faiz, o cümlədən şərab 13 faiz, alma təxminən 200 faiz, xurma 14 faiz, nar 106 faiz, çay 50 faiz, şokolad 50 faiz, tütün məmulatları 5 faiz, bitki-heyvan mənşəli yağlar 7 faiz artıb. Bax, bunlar görülən işlərin nəticəsidir. Sənaye məhsullarının ixracı: qızıl 64 faiz, elektrik enerjisi 300 faiz, - biz indi elektrik enerjisini satırıq və birinci altı ayda 25 milyon dollar dəyərində satmışıq. Nəyə görə? Çünki biz xətləri tikdik, birləşdirdik, bütün qonşu ölkələrlə bizim yüksəkgərginlikli xətlərimiz var və ixrac edirik, - alüminium 30 faiz, plastik məmulatlar 22 faiz, avadanlıqlar, mexaniki qurğular 50 faiz, mis 67 faiz, mis-filiz konsentratlar 100 faiz, qatran yağları 56 faiz, bentonit gili 255 faiz, toxuculuq məmulatları 73 faiz, daş, gips, sement 3000 faiz, kimya sənayesi məhsulları 8 faiz, qurğuşun 123 faiz artıb.

Bunlar görülən işlərin ən gözəl göstəriciləridir. Bununla bərabər, bəzi məhsullar var ki, ixracı azalıb. Onu da hamı bilməlidir ki, həm araşdırılsın nə üçün azalıb, həm də ölçü götürülsün. Misal üçün, albalı və gilas, ixrac 22 faiz azalıb. Şəkər 11 faiz, fındıq 9 faiz azalıb. Sənaye məhsulları arasında isə azalan yeganə pozisiya qara metal və ondan məmulatlardır. Bu məhsulun ixracı 11 faiz azalıb. Yəni, azalan siyahı üç pozisiyadan ibarətdir, artan isə baxın nə qədərdir və bizim imkanlarımız nə qədər genişlənib. Mən bu rəqəmləri ona görə səsləndirdim ki, bu, çox gözəl nəticələrdir, bizim işimizin təzahürüdür. Eyni zamanda, bu, gələcək üçün də bir nümunədir. Bu pozisiyalar üzrə istehsalımızı artırmalıyıq və ixracın coğrafiyasını da genişləndirməliyik.

Sahibkarlara 6 ayda güzəştli şərtlərlə 63 milyon manat kredit verilibdir. Ümumiyyətlə, bütövlükdə güzəştli şərtlərlə iki milyard manat kredit verilib. İnvestisiya təşviqi mexanizmi özünü tam doğruldub. Bu, çox düzgün addım idi. İnvestisiya təşviqi mexanizminin işə düşməsindən sonra məhz bu təşəbbüsə görə Azərbaycana 1,6 milyard manat dəyərində investisiya qoyulub. Əgər bu mexanizm olmasaydı bu 1,6 milyard manat investisiya da olmayacaqdı. Biz bunu etdik. Baxmayaraq ki, bu məsələ ilə bağlı müxtəlif fikirlər var idi. Amma mən dedim ki, biz buna getməliyik və nəticə də göz qabağındadır. İnvestisiya təşviqi mexanizmi qədər bizə investisiya gətirən ikinci amil yoxdur. Ona görə, sahibkarlar da bunu yüksək qiymətləndirirlər. İş yerləri də açılır və gözəl iqtisadi sənaye potensialı yaranır. İxracın təşviqi mexanizmi də fəaliyyət göstərir. Bunun da yaxşı təsiri var.

Bu il turizmin inkişafı da bizi sevindirir. Turistlərin sayı 25 faiz artıbdır. Əlbəttə ki, bunun səbəbləri bəllidir. Azərbaycanı daha çox tanıyırlar. Azərbaycan dünyada təhlükəsiz, sabit ölkə kimi tanınır. Ölkəmizdə keçirilən beynəlxalq yarışlar, tədbirlər əlbəttə ki, marağı artırır. Xüsusilə o yarışlar arasında mən Formula-1 yarışını qeyd etməliyəm. Bu yarışın auditoriyası dünya miqyasında 500 milyon insandır. Beş yüz milyon insan Bakını, şəhərimizin gözəlliyini görür. Bakıda o yarışlarda iştirak edən idmançılar, nümayəndə heyətinin üzvləri, qonaqlar əlbəttə ki, qayıdandan sonra xoş təəssüratlarını öz dostları ilə bölüşürlər. Ona görə, turist axını daha da böyük olacaq. Biz buna hazır olmalıyıq. Xüsusilə Bakıda və bölgələrdə yeni otellərin tikilməsinə böyük ehtiyac var. Mən sahibkarlara məsləhət görərdim ki, bu sahəyə investisiya qoysunlar. Çünki bu, gəlirli sahədir və yaxşı nəticə verəcək.

Qeyd etmək istədiyim sonuncu məsələ də yenilikdir, yeni təşəbbüsdür. Bunun da çox böyük perspektivi və artıq yaxşı nəticələri var. Bu, özünüməşğulluq proqramıdır. Biz bu yaxınlarda bu proqrama start verdik. İlkin vəsaiti mən Prezidentin ehtiyat fonundan ayırdım. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi treninqlər keçiribdir, ailələr müəyyən edilibdir. Artıq bir çox ailələrə dövlət tərəfindən maliyyə dəstəyi göstərilir və tövsiyələr verilir ki, onlar öz ailə biznesini necə qursunlar və onların ünvanlı dövlət sosial yardımına ehtiyacı qalmasın, özləri üçün yaxşı şərait yaratsınlar. Bu istiqamətdə qanunvericilikdə də müvafiq dəyişikliklər edildi. Bu dəyişikliklər nəticəsində gələn ildən başlayaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin öz vəsaiti yaradılacaq və biz o vəsaitlə minlərlə ailəni özünüməşğulluq proqramı ilə əhatə edə bilərik. Mən hesab edirəm ki, birinci mərhələdə hər il 5-10 min ailə dövlətdən bu dəstəyi almalıdır. Əgər nazirliyin buna vəsaiti çatmasa müraciət etsinlər, mən əlavə vəsait ayıraram. Beləliklə, əgər biz hər il 5-10 min ailəni əhatə etsək, 5-6 faiz səviyyəsində olan işsizlik də aradan götürüləcək və ünvanlı yardıma da ehtiyac qalmayacaq.

Beləliklə, bir daha qeyd etmək istəyirəm ki, bu ilin 6 ayının yekunları məni sevindirir. Nazirlər Kabinetinin iclası o cümlədən xalqa verilən hesabatdır. Biz bunu müntəzəm olaraq edirik. Eyni zamanda, verdiyim tapşırıqlar yerinə yetirilməlidir ki, biz müsbət dinamikanı daha da artıraq. Sağ olun.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti