...

Strateji Araşdırmalar Mərkəzinin 10 illik fəaliyyətinin nəticələri

Siyasət Materials 9 Noyabr 2017 11:00 (UTC +04:00)
İlk nümunəsi XIX əsrdə İngiltərədə görünən, ABŞ-da formalaşaraq bugünkü halını alan beyin mərkəzlərinin siyasətdəki rolu Birinci və İkinci Dünya müharibələrindən sonra sürətlə artıb.
Strateji Araşdırmalar Mərkəzinin 10 illik fəaliyyətinin nəticələri

Bakı. Trend:

İlk nümunəsi XIX əsrdə İngiltərədə görünən, ABŞ-da formalaşaraq bugünkü halını alan beyin mərkəzlərinin siyasətdəki rolu Birinci və İkinci Dünya müharibələrindən sonra sürətlə artıb. Bəzən beyin mərkəzi, bəzən analitik mərkəz, bəzən fikir fabriki olaraq adlandırılan bu mərkəzlər müstəqilliyini yenidən əldə etməsindən sonra Azərbaycanda da formalaşmağa başlayıb. Günümüzdə Azərbaycanda bu sahədə fəaliyyət göstərən beyin mərkəzlərini üç alt qrupa ayırmaq mümkündür: dövlət orqanları tərkibində fəaliyyət göstərən analitik agentliklər, müstəqil institutlar və universitetlərə bağlı olan araşdırma mərkəzləri. Azərbaycan beyin mərkəzlərinin ümumi mənzərəsi haqqında 2013-cü ildə Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) tərəfindən çap olunan kitab əhatəli məlumat verir.

SAM 2007-ci ilin 12 noyabr tarixində Prezident İlham Əliyevin sərəncamı ilə yaradılıb və Prezident Administrasiyası ilə əlaqələrini Prezident Administrasiyanın Xarici məsələlər üzrə şöbəsi tənzimləyir. Bu mənada SAM Prezident Administrasiyasına bağlı olması, həm insan, həm də maliyyə resursu baxımından bu mərkəzlər arasında seçilənidir. Maliyyə və insan resursu sahəsində sahib olduğu gücü 10 illik fəaliyyətinin nəticəsinə də öz təsirini göstərib. ABS-da və Avropadakı beyin mərkəzlərindən fərqlənən SAM struktur baxımından daha çox postsovet məkanında yaradılan beyin mərkəzlərinə oxşayır. Belə ki, mərkəz özü sadəcə bir məsələ üzrə ixtisaslaşmamış, eyni zamanda üç əsas şöbədən ibarətdir: Xarici siyasət məsələlərinin təhlili şöbəsi, Daxili siyasət məsələlərinin təhlili şöbəsi və İqtisadiyyat və qloballaşma şöbəsi.

Ümumuiyyətlə, fəaliyyət göstərdiyi 10 il müddətində SAM-ın qarşısında iki əsas vəzifə durub. Birincisi, dünyada gedən proseslər haqqında Prezident Administrasiyasına analitik məlumat təqdim etmək və dövlət siyasətini analiz edərək cəmiyyətlə bölüşmək. İkincisi, Azərbaycanın xaricdə müsbət imicinin formalaşdırılması və Dağlıq Qarabağ haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırmaq məqsədilə fəaliyyət göstərmək.

Ümumilikdə 10 il ərzində SAM tərəfindən nəşr olunan 100 əsərin 42-si xaricdə çıxıb ki, bu əsərlər xarici, azərbaycanlı müəlliflər və SAM əməkdaşlarının birgə əməyinin nəticəsi olub. Kitablar əsasən Türkiyədə 13, Rusiyada 6, ABŞ, Böyük Britaniya, Almaniya, Fransa və İtaliyada hər birində 3, Litvada 2, Argentina, Belçika, Misir, Çin, Polşa və Yunanıstanda isə hər birində 1 ədəd nəşr olunub. Bundan başqa, SAM-ın əməkdaşları tərəfindən yazılan 923 məqalənin 320-si xarici mətbuatda nəşr olunub.

SAM-ın üzərinə düşən əsas vəzifələrdən biri erməni diasporunun xarici ölkələrdə Dağlıq Qarabağ və Azərbaycan haqqında formalaşdırdığı mifləri elmi cəhətdən yox etməkdir. Bu səbəbdən SAM birbaşa ermənilərin yazı yazdığı internet və yazılı mətbuat orqanlarında qarşı cavabla çıxış etmək istəyib. Bunu da etiraf etmək lazımdır ki, Qərbdə 100 ildən çoxdur kök salmış erməni diasporunun tezislerinə qarşı elmi məqalələrlə çıxmaq asan olmayıb və onlar SAM-ın bu fəaliyyətinin qarşısını almağa çalışıb. 10 il ərzində SAM-ın Azərbaycanda və xaricdə Dağlıq Qarabağla əlaqədar rus, ingilis və türk dillərində 16 elmi kitabı nəşr olunub, SAM-ın əməkdaşları tərəfindən sadəcə 2017-ci ilin ilk 9 ayı ərzində Qərb mətbuatında Dağlıq Qarabağ haqqında 23 məqalə yazılıb.

2012-ci ildən etibarən SAM tərəfindən ingilis dilində nəşr olunan "Caucasus International" jurnalı Cənubi Qafqazda çap şəklində çıxan ilk ingilis dilli beynəlxalq jurnaldır. Bundan başqa, bir qayda olaraq SAM əməkdaşının xarici ekspertlə birgə yazdığı "SAM Review" (SAM-ın icmalı) da xarici auditoriya üçün nəzərdə tutulan və xaricdə Azərbaycan haqqında elmi məlumat bazası boşluğunu doldurmağa xidmət edən dövrü nəşrdir.

Xaricdəki beyin mərkəzləri ilə əməkdaşlıq SAM-ın xaricdəki elm adamları və ekspertlərlə əməkdaşlıq imkanlarını rəsmiləşdirib, birgə layihələr həyata keçirmə imkanları yaradıb. Ümumilikdə 10 il ərzində 25 ölkədən 29 beyin mərkəzi ilə əməkdaşlıq haqqında müqavilə imzalanıb. Bu müqavilələr Çindən ABŞ-a qədər dörd qitəni əhatə edir.

Əlbəttə, Azərbaycan üçün əsas məsələlərdən biri xarici ölkə vətəndaşlarının, xüsusən, Azərbaycanla maraqlanan ekspertlər, jurnalistlər, universitet müəllimləri və tələbələri lazımi məlumatla təmin etmək və xaricdə Azərbaycan haqqında fəaliyyət göstərən strateqlər qrupunun yaradılmasına nail olmaq olub. Xarici İşlər Nazirliyinin AIDA proqramı ilə əməkdaşlığı çərçivəsində son 10 il ərzində SAM-da 21 ölkədən 40 ekspert Azərbaycan haqqında araşdırmasını tamamlayıb və məqalə və ya hesabat şəklində nəşr edib. Bu insanlar öz ölkələrinə qayıtdıqdan sonra da həm SAM-la əməkdaşlıqlarını davam etdirib, həm də öz ictimaiyyətlərini elmi cəhətdən Azərbaycan haqqında məlumatlandırıblar.

Bir neçə istiqamətdə mübarizə aparan Azərbaycan dövlətinin ictimaiyyətinin məlumatlarının davamlı olaraq müasirləşdirilməsinə və gənc nəsillərin bu istiqamətdə yetişdirilməsinə ehtiyac var. Bu mənada azərbaycanlı ekspert, jurnalist və universitet müəllimləri ilə fikir mübadiləsi və əməkdaşlıq olduqca faydalı nəticələr ortaya çıxarıb. Daxili auditoriya üçün ildə 4 nömrəsi nəşr olunan SAM-ın "Strateji Təhlil" jurnalı ölkə ictimaiyyətinin elmi müzakirələri üçün faydalı platforma olub. SAM 10 il ərzində azərbaycanlı gənc strateqləri də yaddan çıxartmayıb və strateji araşdırmalarla maraqlanan və Azərbaycan universitetlərində təhsil alan 165 tələbə üçün 3 aylıq təcrübə keçmə imkanı yaradıb. Beləcə bu fəaliyyət nəticəsində gənc strateqlər qrupu formalaşıb.

İqtisadi cəhətdən müstəqil olmayan dövlət siyasi cəhətdən müstəqil ola bilməz və iqtisadi müstəqillik Azərbaycanın iqtisadi siyasətinin əsasını formalaşdırır. Azərbaycan dövlətinin iqtisadi siyasətinin aktual mövzuları qeyri-neft sektorunun inkişafı, ölkənin nəqliyyat qovşağına və Avropa üçün alternativ enerji mənbəyinə çevrilməsidir. SAM-ın Qloballaşma və iqtisadi təhlillər şöbəsi də 10 il ərzində 12 nəşrlə qeyri-neft sektorunun inkişaf etdirilməsi, Azərbaycanın nəqliyyat qovşağına çevrilməsi və enerji sahəsində araşdırmaları ilə dövlətin iqtisadi strategiyasına öz dəstəyini və tövsiyələrini verməyə çalışıb.

Azərbaycan 25 illik gənc dövlət olaraq xarici, daxili və iqtisadi siyasətində böyük uğurlara nal olub. Lakin dövlətin qarşısında hələ də çağırışlar olduğu kimi, gələcəkdə qarşılaşacağı yeni konyunktural məsələlərə cavab vermək və önləyici strategiyalar hazırlamaq ehtiyacı durur. Bu isə SAM-ımn qarşısında bundan sonrakı 10 illiklər ərzində daha çox vəzifələrin dayandığını göstərir.

Dr. Cavid Vəliyev,

Azərbaycan Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin
Xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri

Məqalədə:
Xəbər lenti

Xəbər lenti