Bakı. Trend:
Azərbaycanda döyüş sursatları üçün partlayıcı maddələrin istehsalı üzrə zavodların yaradılması işləri davam etdirilir.
Trend-in məlumatına görə, bunu müdafiə sənayesi naziri Yavər Camalov rəsmi mətbuatda dərc olunan məqaləsində yazıb.
Nazir xatırladıb ki, bu ilin iyununda daha 2 istehsalat müəssisəsində kompleks tamamlanma işləri başa çatdırılıb və Ali Baş Komandan İlham Əliyevin iştirakı ilə istifadəyə verilib: Bununla da istifadəyə verilmiş istehsal müəssisələrinin sayı 58-ə çatdırılıb. Həmin istehsal müəssisələri lazım olan müasir texnoloji avadanlıqlarla təchiz edilib və eləcə də inkişaf etmiş ölkələrin şirkət və firmalarından alınmış dəzgah, xüsusi cihaz və alətlərlə komplektləşdirilib. Yaxın zamanlarda daha 2 zavodun - artilleriya və tank topları üçün müxtəlif çaplı mərmilərin isti ştamplanması və mexaniki emalı, həmin mərmilərin atəş yığımlarının gilizlərinin istehsalı zavodlarının açılışları nəzərdə tutulur. Eyni zamanda döyüş sursatlarının hazırlanmasında əsas komponent kimi istifadə olunan partlayıcı maddələr - piroksilin, ballistit barıtların, trotil və heksogen istehsalı üzrə zavodların, eləcə də müxtəlif çaplı artilleriya mərmiləri üçün 4 növ başlıq partladıcılarının və müxtəlif çaplı minaatan atəş yığımları üçün müasir növ tullayıcı barıt atımlarının istehsalı sahələrinin yaradılması işləri də davam etdirilir".
Y.Camalov bildirib ki, cari ilin 11 ayının yekunlarına görə respublikanın güc strukturlarına təhvil verilmiş müdafiə təyinatlı məmulatların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,1 faiz artıb:
"Müdafiə və xüsusi təyinatlı məmulatların istehsal həcmində ötən ilin müvafiq dövrünə nisbətən 6,5 faiz artım əldə olunub. Bu artım ixrac əməliyyatları hesabına təmin edilib. İstehsal olunan ümumi məhsulun tərkibində həmin məmulatların payı 91,5 faiz təşkil edir. 2007-ci illə müqayisədə 2016-cı ildə ümumi məhsul istehsalının həcmi 6,7 dəfə, müdafiə təyinatli məmulatların həcmi isə 42 dəfə artıb. Ümumilikdə, istehsalı mənimsənilmiş müdafiə təyinatlı məmulatların çeşid sayı artaraq 213-dən 1200-ə çatıb. Cari ildə də yeni nəsil silah növlərinin istehsalı ilə bağlı dövlət başçısının verdiyi tapşırıqların icrası istiqamətində məqsədyönlü işlər davam etdirilib. Həmin layihələr sırasında yeni nəsil təsir gücü artırılmış qəlpəli-fuqaslı və daha təkmilləşdirilmiş kumulyativ başlıqlı pilotsuz uçuş aparatlarını, Azərbaycanın milli məhsulu olan “Tufan” zirehli maşınını və digərlərini göstərmək olar".
Nazirin sözlərinə görə, 2017-ci ildə də nazirliyin müəssisələrində 136 adda müdafiə təyinatlı məmulatın yaradılması istiqamətində təcrübi-konstruktor işləri davam etdirilib: "Cari ilin 11 ayında nazirliyin müəssisələri tərəfindən 4 məmulat üzrə - xüsusi təyinatlı “Yalquzaq” snayper tüfənginin, F-1 tipli təlim əl qumbarasının, KXP tipli optik kollimatorun və 40 mm-lik əl qumbaraatanının yaradılma işləri tam başa çatdırılıb və istehsalı təşkil olunub. Eyni zamanda xüsusi təyinatlı əl pulemyotunun dövlət sınaqları yekunlaşıb və silahlanmaya qəbul edilməsi tövsiyə olunub. Bununla yanaşı, QP-25 tipli əl qumbaraatanının, müxtəlif tipli avtomatların ilkin sınaqları keçirilib, kiçik çaplı atıcı silahlar üçün 4 növ lülələrin, müxtəlif mm-lik uzaq mənzilli minaatanların, müxtəlif mm-lik atəş yığımları üçün partladıcıların sınaqlarına başlanılıb. Yaradılma işləri üzrə 44 mərhələ tam yerinə yetirilib".